Gözlərim çox uzaqda bir mənzildə,

Keçmiş günlərimi anıram gözlərində. 

Səssizliyə gömülmüş ruhunda mən

Öz hökmümü kəsirəm bəlkə də. 

Hərflər də kor-peşman tükənmiş

Sanki misralarım bir cildə girmiş

Yorğun əlləri dizlərimin üstdə

Ağlayır, 

Bir yox, min günaha girmiş kimi, 

Soyuq divarlarda bağıran hərflər kimi. 

Yenə sətirlərdə azır sərxoş yazar

Şeiri şəraba qatıb lənətə boğar, 

Hər gün yeni bir xəbər,

lazımsız həyəcan

Görəsən nə vaxt soraq gələr

Sıradan - o səssiz həyatdan?.. 

Yoxluğa dalıb gedir varlığımda xəyalın

De,

De mənə

ümidsiz yollardan gözlərimi necə alım?! 

Biz ki, ayrı-ayrı diyarlarda, 

Nə Yerdəsən, nə Ayda...

Oğurlandı yazılarım,

Sonu yox arzuların. 

Nə bilim, səsimizdə haqq var

Amma haqqın səsi yox.