Çay pıqhapıq qaynayır, buxarı bütün evi bürüyürdü. Buğdan evin pəncərələri görünməz olmuşdu. Otaqda səssizlik hökm sürürdü. Ta ki, onun addım səsləri eşidilənə kimi... Zəhra, ayağına geyindiyi yırtıq çəkələyini, boyası qopmuş döşəmədə sürüyə - sürüyə çaydanı söndürmək üçün mətbəxə keçdi. Qazı söndürmək üçün əlini uzadanda, qonşular görməsin deyə koftasının altında gizlətməyə çalışdığı qançır izi ortaya çıxdı. Yaxşı ki, onu heç kim görmürdü evin içində. Qazı söndürüb, çayı süzəndən sonra cəld çaydanı yerinə qoydu. Qolları boşaldı. Biləyindən çiyninə doğru yüksələn ağrıdan qıvransa da, səsini çıxarmırdı. Ümumiyyətlə, onun heç vaxt səsi çıxmamışdı. Nə atası onu Rasimə ərə verəndə səs eləmişdi, nə də ki, toyun səhərisi bir az gec oyandığı üçün belində oxlov sınanda. Çay bir az tünd oldu deyə başından – aşağı çaydanı boşaldanda da səsi çıxmamışdı. Anası qonaq gələndə qolu çimdiklənəndə də susurdu. Təkcə gecələri göz yaşına boğulub, Allaha ölmək üçün yalvaranda səsi eşidilirdi. Onda da, sadəcə özü eşidirdi səsini. Bəzən heç özü də eşitmirdi. Sadəcə, dodaqları tərpənirdi. Onu da qayınanası üzünə sillə vuranda hiss edirdi. “ Nə mızıldanırsan az dodağının altında?” deyib, yaxşıca döyür, hirsi soyumayanda oğluna da gileylənirdi. Bütün bədəni qançır olana kimi döyülür, amma yenə susurdu. Axı nə deyə bilərdi ki? Desə, qovardılar evdən. Küçədə qalmaqdan qorxurdu ən çoxu da. Atası onu evə almazdı. Bilirdi ki, getsə geri qaytaracaq onu. “ Qaxıl otur evində. Bir – iki şillə yedin deyin, üstümə qaçırsan? Qudurmusan az? Nə yaxşıdı e! ” deyib, bir – iki sillə də atası çəkəcəkdi gömgöy göyərmiş yanağına. Anası da səsini çıxaran deyildi. Axı necə səs eləsin? Artıq 25 il idi ki, o da döyülürdü, amma səsini çıxarmırdı. İndi təzədən bu yaşdan sonra döyüləsi deyildi a. Düzü, Zəhra da bunu istəməzdi. Ona görə də, səssizcə otururdu. Allahın canını alacağı günü gözləyirdi. Amma o gün gəlmirdi. Hər keçən gün, daha çox döyülürdü. Bəzi günlər o qədər döyülürdü ki, heyi  də qalmırdı çarpayıya qalxıb uzanmağa. Quru yerdə yatırdı. Elə dünən olduğu kimi. Evdə heç kim yoxdu deyə sevinirdi Zəhra. Ən azından qayınanası evdə olmasa, əri üstünə hücum çəkməz deyə düşünürdü. Amma əksi oldu. Heç kim yoxdu deyə, daha çox döyüldü. Yenə evdə adam olanda, Rasim özünü cilovlayırdı. Atası hərdən yazığı gəlirdi deyə, qabağına durur, qızı döyməyə qoymurdu. Amma indi qabağına duran olmadı deyə, qolu yorulana kimi döydü onu. Səhərə kimi quru yerdə üstüaçıq yatdı. Oyananda beli tutulmuşdu. Ağrıyan ayaqları sözünə baxmırdı. Heydən düşmüş qollarıyla divara tutuna – tutuna mətbəxə keçdi. Güc – bəlayla çaydanı qaynamağa qoydu. Rasim çoxdan getmişdi. İndi isə çayın səsini eşidəndə, özünə çay süzmək üçün asta – asta mətbəxə getmişdi...

     Çaydanı qazın üstünə qoyandan sonra, gözünə tökülən saçlarını kənara çəkib, stəkanı götürdü. İsti çay stəkanı ağrılarını az da olsa sakitləşdirdi. Çayın ətrini qoxladıqca, özünə gəlirdi. Gözlərindəki duman pərdəsi götürülürdü. Qulağındakı cingiltini eşitmirdi artıq. Stəkanı dodaqlarına aparanda, üzünə vuran duman, döyülməkdən codlaşmış dərisini yumuşaltdı. Bir qurtum çay içib, pərçimlənmiş dodaqlarını açdı. Evin dumanlı havasını acgözlüklə ciyərlərinə çəkdi. Meşə qədər qaranlıq gözlərində bir qığılcım parıldadı. Ağrıları deyəsən, sakitləşirdi. Daha qəti addımlar atmağa başlayırdı. İndi ayağının altından yer qaçmırdı. Dodağında qəlbinə yayılan isti çayın verdiyi bir qurtum xoşbəxtlikdən yaranan təbəssüm görünürdü. Evə çökən sükut onu az da olsa xoşbəxt edirdi. Axı o indi evdə tək idi. Döyən yox idi, söyən yox idi. Ən əsası isə, meşəyə çökən duman, yavaş – yavaş çəkilirdi gözlərindən...

Signor Bayramlı Məhəmməd

15.09.2020, Bakı.