Aygün Yaşar qızı Cəfərova 1983-cü ildə Cəlilabad rayon Həsənli kəndində anadan olub.

 

1985-ci ildən Sumqayıt şəhərində yaşayır.

 

1990-2000-ci illərdə 38 saylı orta məktəbi, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetini Filologiya fakültəsi üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr dərəcəsi ilə bitirmişdir.​

 

2006- cı ildə "Rafiq Yusifoğlunun sənətkarlıq xüsusiyyətləri" adlı ilk kitabı, 2019-cu ildə "Nəsimi yaradıcılığında folklor izləri" adlı kitabı nəşr olunub.

 

2018- ci ildən AYB-nin üzvüdür.

 

 

 

                          ŞƏHİD QARDAŞIM

 

Hər obada,hər eldə

Bir tonqal alovlandı

O tonqal sən oldun,

Şəhid qardaşım!

Müqəddəs bir müjdə

aldıq yenə biz

Qürurla götürdü

onu çiynimiz.

O müjdə sən oldun,şəhid qardaşım!

                                                         Bəyliyintək geyindin

Tabutuna bayrağı.

Axışdıq ziyarətə

                                                         səndən alcaq sorağı.

 - səndə görmək istədik,

 Şuşanı, Qarabağı.

 Bu gün sən oldun Şuşa,

                                                          Laçın, şəhid qardaşım!

 - Həsrətli zirvələrdə

  həyəcanla alışan

  çağrı tonqalı oldum,

  Gözləri yaşlı bacım.

                                                           Yaz nəfəsli Qələbədən

  Ay-ulduzlu qaranquştək

   Müjdə oldum, əziz bacım!

   Ayağa qalx, ağı demə

   Sil gözlərinin yaşını,

   Qanımın axdığı torpaq –

   Vətən oldu, əziz bacım!

 

 

 

 

 

 

   SUMQAYITIM

 

Sumqayıtım, eşitmişəm əzəl gündən,

Pənah yeri olmaq vardı taleyində.

Ağ günlərə gedən yollar keçib səndən,

Neçə-neçə ümidsiz əl ətəyində.

 

Bir gün mənim ürəyim də yaralandı,

Vətən dağlı həsrət ilə paralandı.

Bahar donlu gülzarıma qar ələndi,

Bax o zaman səni gördüm köməyimdə.

 

Şuşa, Laçın, Zəngilandan, Qubadlıdan,

Cəbrayıllı neçə qəlbi qubarlıdan.

Az  da olsa qəmi aldın, bir nurlu dan,

Nurlu sabah vermək oldu diləyində.

 

Qarabağlı köçkünlərin nəfəsilə.

Qarabağın havası da hopdu sənə.

Bəlkə bunçün “ könlüm quşu qondu sənə“

Axı sənsən dayağım da, dirəyim də.

 

Çünki sizdə şəhərimi qucan sular

Həkəridən, Bərgüşaddan bir qətrə var.

Sanki ordan qüvvət alır bu dalğalar,

Gərdişini Xəzər pozur fələyin də.

 

Yolsuzlara yollar açan  Sumqayıtım,

Zülmətlərə işıq saçan Sumqayıtım,

Qarabağa dönsəm haçan, Sumqayıtım,

Sevgin mənlə gedəcəkdir ürəyimdə!

 

DƏNİZ SUYU

 

Yoruldum sənsizlikdən

Əl çatmayan ulduzum

Aydın da olsa, zülmət də olsa

Həyatımın səması.

Gözümün önündə sayrışırsan.

Əlim çatmır gizlədəm səni

Gücüm yetmir qovam səni

Sayrışdığın bu səmadan.

Üşüdüm sənsizlikdən

Kül edərək isidən günəşim.

Gecə də olsa, gündüz də olsa

Parlayırsan yavaş-yavaş

Xəyal asimanımda.

Bilmirsən ki,

yanımda istəmirəm səni – yandırırsan.

Bilmirsən ki,

səndən uzaqlaşıram – dondurursan.

...İçdikcə susadan dəniz suyumsan,

Mənə cəhənnəmi göstərən bəyaz qanadlı

Cənnət mələyimsən.

Daha bilmirəm,

Necəsən, nəsən, kimsən

Kaş ki, tanımayaydım Səni...

 

 

GÜNƏŞİM

 

Gecənin içindən sıyrılan günəş

Sabahı xeyirə açana parla.

Həsrətli ayından ayrılan günəş

Üzündən nur, işıq saçana parla.

 

Nur selin coşqun bir dağ çayı olsun,

Yusun bu dünyanın nahaq qanını.

Ağ işıq zülmətin ağ payı olsun,

Xızıra döndərsin yer insanını.

 

Bu səhər tarixin ilk günü kimi

İsa peyğəmbərdən qayıdaq sənə.

Bu gün planetin ad günü kimi

"Sevgi" adlandıraq, ad qoyaq sənə.

 

Adını Yer qoyub yer tapammadıq,

Bəlkə sevgi deyək, sevgi arayaq.

Günəşim, səninlə əl-ələ verək

Yeri sevənlərçün hələ qoruyaq.

 

 

 

 

   DÖNÜR

 

Nəsə deyir bu səs mənə,

Qəlb eşidir, sözə dönür.

Dünya olur qəfəs mənə.

İçimdəki közə dönür.

 

Dostum kədər, sirdaşım qəm,

Sevinc gedər, qalar ələm,

Niyə bir də bura gələn,

Bu üzdən o üzə dönür.

 

Kirpiyimdə yuvasi var,

Göz yaşımtək balası var,

Sevincimin ədasi var,

Qaranquştək yaza dönür.

 

      SUS

 

Bəs özün necəsən?

Özündən danış...

- Özüm...

özümə yad,

Hamıya tanış.

- Elə gözəlsən ki...

- Necə?

- Sadə su təki...

Adın son pıçıltım olsun,

Ölüm qu təki.

- Sus!

susqunluğun qədər

heç bir söz  sehrləmədi məni –

Səssizliyi sevməzdim

Sənə qədər.

Susdurdun,

saldın səssizliyin

sehrinə məni...

- Susss...

 

 

 

TƏBRİZİM

 

Gecənin bir aləmi

yuxudan ayılmıştək

Bu günümdən ayılıb

Sənə gəlirəm.

Əsrlərin ayrılığından sonra

Qucaqlaşan iki can tək,

Sığınıb sənə

Tək doğmam səni bilirəm.

Həsrət məndə göz yaşı da qoymadı

Gözümdə yaş olmadan,

hönkürürəm için-için

Sənin üçün Təbrizim...

Sən -  babamın nağıllı xatirələrinin məkanı,

Uca dağa çıxanda sənə tərəf zillənən baxışı.

Əllərini qanadan sərhəd tikanı kimi acı intizar.

Nənəmin xalçasındakı əlvan Təbriz naxışı...

Sən - bir tələbə qızın Təbriz aşıqlarının sazında axtarışı,

Sənə yolu düşənlərdən bir ovuc torpaq yalvarışı...

Oradakı Günəşlə eynidirmi, görəsən,Sumqayıtın Günəşi?!

Bəs ulduzları necə?!

Sualla bitir gecə...

Yenə açılır səhər,

Günəşlə gəlir kədər:

Təbriz yuxuya dönür,

Şuşa arzuya dönür

Yuxuya "bax sevgilim"

"Arzuya bax sevgilim

Tellərindən incəmi"

Xəzər bizdən nə deyir?

Müşfiq, ürəyincəmi?!

 

 

 HƏSRƏTİM

 

Gözlə məni - ömrün boyu

yol gözləyən gözlərinlə.

Yenə bir az təsəlli al

Oxşamalı sözlərinlə.

Yenə bir az çalış dayan

O titrəyən dizlərinlə

Bəlkə gəldim sənə bir gün...

Yadımdadır hələ ətrin,

O xırdaca əllərinin nəvazişi

Ovcundakı ömür yolun-

xətlər, cızlar,damarların,

ağrıların, acıların...

Tez ürpəşən,tez də qorxan

Həssas qəlbin necə kövrək

Sinəndəki – Şərdən qorxan

ürək deyil, zərif çiçək.

O çiçəyin həsrətində

Əllərinin həsrətində,

Sığalının,tumarının

Həsrətində qocalıram .

Sən yaşdayam elə bil mən,

Sənin qədər yaşamışam

sanki mən də.

Eyni dərddə

Qol- budaqlı bir ağacıq:

Ayrılıbdır köklər, qollar,

Ayrılıbdır qoşa yollar.

Nədənsə qəribə bir hiss duymuşam:

Bu dünyada ikən sənə həsrətdim,

Ölümün gözümü yığdı yollardan

Daha ümidlərdən bezib doymuşam –

Mən sənə daha çox yaxın olmuşam...

 

 

  GÜNAHIM

 

Məni xoşbəxt edən günahım,

Həyatımın bu anına

Yaşadığım zamanıma

Sərin su tək çilənən günahım.

Bilmirəm ki, döyünən

Ya döyünməyən qəlbimə.

Varlığına gülümsəyən üzümə

Meh tək dəyən günahım.

Cənnətə və cəhənnəmə aparan

Yolların qovuşduğu nöqtədə

Gördüm səni, duydum səni.

Məni məndən aldın

Ruhumun sakit dənizində

Əslində gözlədiyim fırtınanı qopardın.

Biri ağ, o biri qara qanadlarında

Möcüzəli aləminə apardın.

Ürəyindən əllərinə axan nurla

Qəlbimin sarı siminə toxundun.

Doğulan və boğulan bir körpənin

Beşiyində səslənən laylatək

Ilk və son dəfə oxundun.

Nifrətim, qəzəbim, qorxum,utancım

Qürurum, fəxrim,sevincim

İçdən gələn gülüşüm

Təəssüf dolu ahım.

Savabı bir günahsız gözələ,

Mənəsə tövbəsi qalan günahım.

 

         GÖRMÜR

 

Baxmır mənə canan, demə, ey dil, gözü görmür,

Salmış nəzərindən məni qəsdən özü görmür.

 

Tutmuş tütünümdən cəmi göylər od içində,

Kordu ki məgər gözləri məntək közü görmür?!

 

Kəsmiş düzü əyri bu zamanda o səbəbdən,

Ey dil, gedir əğyara tərəf yar düzü görmür.

 

Əxlaq ilə, haqq ilə, iman ilə otur ,dur

Vahid olan Allah görəni, heç yüzü görmür.

 

Ustadım olubdur elə qəvvas- sözü dürdür,

Mirvari deyilsə, yazılan hər sözü görmür.

 

Dəymiş başı Əhlət daşına , ömrü Yaşarın

Zülmət gecədir, həmdəmi Ay, Gün üzü görmür.