Küçəmizin giriş nöqtəsində həmişəki kimi öz yerimdə oturub siqaret çəkirdim. Kefim də yerlə elə sürünürdü ki, heç sağa-sola baxmağa ehtiyac duymurdum ki, birdən qonum-qonşu siqaret çəkdiyimi görər. Lakin məsələ onlardan nə qorxmaq nə də ki, çəkinmək idi. Sadəcə elə yaxşı yadıma gəlir, axrıncı səfər əlimdə siqaret görən qapı bir qonşumuz, Mədət, sən də siqaret çəkirsən? demişdi. Daha ona da deyə bilmədim ki, zalımın balası iki barmağın arasındakı siqareti çəkməyib başqa nə eləmək olar ki? Ona görə də bu axmaq suallarla üzləşməmək üçün çalışıram ki, hər zaman diqqətli olum. Hələ o məsləhət verənləri demirəm. Odur ki, ruh halımın enişinini seyr edə-edə ciyərlərimi motivasiya edirdim ki, yanımdan bir ana və övladı ötüb keçirdi. Uşağa baxıb elə həsəd aparırdım ki, həyatdakı bütün problemlərdən uzaq olan bu uşaq hoppana-hoppana anasından bir az irəli keçən kimi, anası tərəfdən bir şillə və " yolu adam balası kimi get" cümləsini eşitməyə məcbur oldu. Bu hadisə də enişdə olan həvəsimin ayaqlarından aşağı dartıb daha da dibə çəkdi. Həmin vaxt uşağa özümdən daha çox yazığım gəlmişdi. Çünki , bu şillə gələcəkdə də hələ çox davam edəcəkdir. Ömür boyu xoşbəxtliyi kiminsə arxasınca qiybət edərkən dadan insanlar hələ çox o uşağın yoluna daş qoyacaqdır. Bir gün 4 aldığına görə məzəmmət ediləcək , bir gün də sevdiyi işin gəlirli sahə olmadığı üçün ona bu peşəni davam etdirməyə maneə olacaqdılar. Və daha nələr , nələr...
  Amma evə gələndən sonra yenə beynimdə ilişmiş bu hadisəni düşünməyə başladım. Anaya haqq qazandırmağa çalışdımsa da bir şey əldə edə bilmədim. Amma çoxdankı vərdişim bir işə yaradı və mən bu dəfə bəhanə tapa bildim. Deməli, həmin ananın yaşı elə də çox deyildir. Çox güman ki, minlərlə gənc qız kimi  " yaşın keçir , ay qız " deyə-deyə ona da xoşbəxtliyi sırıyıblar. O da uşaqlığını için də öldürüb, uşaq sahibi olub. Və onun yükü , stressi axır da onu bu hala gətirib. Oda digər Azərbaycanlılar kimi kor olub. Xoşbəxtliklərdə də bədbəxtlik axtarır. Bir də bu tək qızlara yox, elə oğlanlara da aiddir. Özlərini idarə eləməyə çətinlik çəkənləri ailə başçısı eləmək valideynlərin ən sevimli məşğuliyyətlərindən biridir. Oğul tərbiyə edə bilməyənlər , nəvə istəyir. Nəvədən kötücə istəyir. Kötücədən bir poxa dərman olmayan adət-ənənələri davam etdirməsini istəyir. Ümumiyyətlə, vətəni xaraba qoyub, heç nə olmamış kimi soyuq məzarda mışıl-mışıl yatmaq istəyir. İstəyir,istəyir və həmişə nəsə istəyir.

 Başqa bir çöküşüm də görüşənədək.

Qeyd : Arzu eləyirəm ki, xoşbəxtliklərimiz heç kimin kədərindən qaynaqlanmasın. Və əgər xoşbəxt ola bilmirsizsə ,adi şeylərdən xoşbəxt olan insanlara maneə olmayın. Bu kürənin sevincə, xoş səs-küyə və onun gülüşünə ehtiyacı var.