Kəlimələrim tökülür

                                izinsizcə

Məndən sənə  doğru...

 Aramızda bir uçurum var səbəblərdən doğan. Sükutun vaveylaları döyünür sol tərəfimdə qəlb deyə... Küləyin səsini eşidirəm qulağımda,  səni pıçıldayır qəlbimin ritmlərinə... Bir tənha yalquzağın nəğməsi səda verir sanki hər döyüntüdə... Mənsə uçurumu seçirəm Şəmsə  baxmayaraq.

 İçdiyim çayın dumanı gözlərimə vurur, bir neçə hərfin izini qoyur qəlbimdə. Düşüncələrim tüğyan edir yenə məndən xəbərsiz. Xilaf çıxdığım vədlərimə boylanıram yenidən. Yenidən və yenidən... Gözlərimi qaranlıq örtür geriyə baxdıqca, gələcəkdə və bu gündə də elə böyük imdad tapa bilmirəm ki mən... Sisli bir pərdə var sanki hər tərəfdə, 4 bir yanı örtmüş şəkildə dolanır. Düşüncə tufanının dinməzliyi var üstümdə...  Sorğulamaqdan çəkinən suallar yağdırıram gələcəyin qollarına. Bir səbət  hörmüşəm  sanki tənhalığın tellərindən, bir xəyal qurmuşam sozsuzluğun yollarından, seçimlər etmişəm cəsarətsiz addımlarımdan...

 Çırpınıram tutunduğum qaranlığın tam ortasında... Qaranlıqdır sanki bu dəfə məni bıçaqlayan zəhərli xəyanətlə...

Bilmirəm,  güvənibmişəm bəlkə qaranlığın sozsuzluğuna... Sözləri görürəm sanki hər yerdə, yenə eşidilmirəm, yenə və  yenidən  havada qalır kəlmələrim və mən hər addımda, əslində, öz səsimə, sözlərimə qulaqlarımı qapayıram...

 Korşalmış zehinlərə xitab etməyi deyil, cahillərin cahilliyinə göz yummağı heç deyil, mən sadəcə Haqqın azanını diləyirəm...

 Unutma, bir gün sözlərini əsl sahibinə qaytar...