Səhər ertədən çisələməyə başlayan yağış damlaları yanağından boynuna doğru sürüşəndə Dominqo evlərinin həndəvərində artıq üçüncü dövrəni vururdu. Qoca bağban bir neçə dəfə az qala onu görəcəkdi. Amma senyor cəld tərpənib, malikanənin daş hasarına özünü güclə çatdırıb, gizlənə bildi. Uşaq vaxtı çox dırmaşmışdı bu hasara. Gecələr qarabasma görəndə pəncərədən bu hasarı seyr edər və ürəyinə ağlasığmaz bir rahatlıq çökərdi. “Axı bu hasarı kim keçə bilər ki? İstər insan olsun, istərsə də ruh. Heç kim bu hasarı aşıb, mənə zərər vura bilməz.” deyə düşünən balaca Dominqo ən qorxulu yuxularından belə canını qurtarırdı. Hətta qoca Rozalinda da ölənə kimi onu inandırmağa çalışırdı ki, əgər senyor bu evin həndəvərində olmağa davam eləsə, onda dəqiq bu hasar onu qoruyacaq. Dominqo onun dediklərinə həmişə qeyd-şərtsiz inanardı. Çünki, onun dedikləri həmişə doğru çıxırdı. Bu səfər də o haqlı çıxmışdı. Bu daş hasar onu həmişə xilas edirdi. İndi köhnə dostu bir dəfə də onu qorxduğu şeylərdən qorumuşdu. Hə, qorxduğu. Əslində qorxmaqdan çox çəkinirdi. Çünki, Dominqo həmişə mübahisədən uzaq durmağa çalışırdı. Amma addımladığı bu yol, onu qızğın bir müharibənin ortasına aparırdı. Senyorun həmişə çəkindiyi həmin müharibənin. Onu gözləyən düşmən isə gücündən, qüdrətindən xəbərsiz olduğu bir yad deyildi. Hamıdan yaxşı tanıdığı atası idi. Onun zəhmli baxışlarına necə tab gətirəcəyini bilmirdi. Uşaqlıqdan bəri buna sadəcə iki dəfə məruz qalmışdı. Birincisi atasının kabinetindəki köhnə silahla oynayanda, səhvən silah açılıb divarda deşik açanda olmuşdu. Həyəcandan özünü itirən Rozalinda yaman əl-ayağa düşmüşdü. Balaca senyorun bütün bədənini əliylə yoxlayıb, bir cızıq, bir yara axtarmışdı. Atası isə sadəcə silahı uşağın əlindən alıb, lazımsız dəmir parçasının o tərəf-bu tərəfinə baxmış, oğluna isə sərt, məzəmmətedici bir baxış atmışdı. Senyor ilk dəfə o gün atasının qəlbinin dərinliklərində gizlənən qorxunc, yırtıcı canavarla üz-üzə gəlmişdi. Həmin hadisədən sonra, balaca Dominqo hər nə qədər atasını hirsləndirməməyə çalışsa da, bacarmamışdı. Həmin yırtıcıyla ikinci görüş qaçınılmaz idi. Özü də bu səfər onunla danışacaqdı da... Həmin hadisə Rozalindanın dəfnindən bir gün sonra baş vermişdi. Ən yaxın dostunu, sirdaşını itirən senyor otağında qoca xidmətçidən qalan xaçın zəncirini barmağına dolayıb, pəncərədən səmanı seyr edir, indi Rozalindanın onu izlədiyini düşünürdü. Bu vaxt otağa girən atası onun sakitcə pəncərədən çölə baxdığını görüb, yanına gəldi. Əlini oğlunun çiyninə qoydu. Üzünü döndərən senyorun yanaqlarından süzülən yaşı görəndə qəfil özündən çıxdı. Gözlərində birdən-birə qəzəb qığılcımları parladı. Oğlunun yanağına bir şillə çəkdi. Bu günə kimi atasından bir çırtma belə yeməyən Dominqo özünü itirdi. Əli-qolu boşaldı. Barmağına doladığı zəncir açıldı və xaç barmaqlarının arasından sürüşüb, döşəməyə düşdü. Əyilib onu götürmək istəyəndə atasının kobud səsi otağı ağuşuna almış, başının üstündə aslan kimi kükrəyən kişinin qorxusundan xaçı götürməyi unudub, cəld ayağa qalxmışdı:

- Axmaq! Sən axmaqsan. Lazımsız bir xidmətçi üçün ağlamaq nə deməkdir? Sən ağasan. Xidmətçilər üçün təəssüflənmək sənin işin deyil. Məgər sənə qulluqçu qəhətdir? – oğlunun qolundan tutub, otaqdan bayıra çıxardı. Eşikağasını səsləyib, bütün qulluqçuları qonaq otağına yığmasını istədi. Hamı qarşısında ip kimi düzüləndə, boğazını arıtladı və xidmətçiləri başıyla göstərib, dedi:

- Bax! Başını aşağı əymə. Bax dedim sənə! Görürsən bunları? – Dominqonun başını yüngülcə razılıq əlaməti olaraq tərpətdiyini görüb, sözünə davam elədi- İstədiyini seç. Günü bu gündən əmrində olacaq. Düz demirəm? – üzünü qulluqçulara tutub qışqırdı.

- Bəli ağa.- hamı bir ağızdan cavab verdi.

- Eşitdin nə dedilər? “Ağa”. Çünki biz ağayıq. Vaxtı keçmiş bir qulluqçu üçün ağlamağa dəyməz. Başa düşürsən məni? Bir də səni belə ağlayan görsəm, and içirəm ki, həyətdə məzar qazdırıb səni iki gün ac-susuz orada saxlayacam. Başa düşdün məni?

- Bəli ata.

- Yaxşı indi get otağına. Bir də belə bir şey olmasın.

- Bəli ata. – deyib, otağına qaçdı.

     O gündən sonra Dominqo atasının hər istəyinə eyni cür cavab vermişdi: “Bəli ata”. “Sən ailə işini davam etdirməlisən”, “Neynirsən axı skripkada çalmağı? Öyrənib musiqiçi çıxan deyilsən. Səhərdən axşama kimi başımızı xarab edəcəksən. Get otur dərsini oxu”, “Sən sevə bilmərsən. Sevgi sadəcə kasıblar və axmaqlar üçündür. Bizim həyatımızda sevgiyə yer yoxdur. Ondan daha üstün olan mənfəətlərimiz var. Əgər evlənəcəksənsə, mənim istədiyim qızla evlənəcəksən. Ya generalın qızıyla, ya da ki, ən az bizim qədər varlı bir ailənin qızıyla evlənə bilərsən. Başa düşürsən məni?” deyən atası qarşılığında həmişə eyni cavabı eşitmişdi: “Bəli ata”. Ancaq bu səfər o çox təəccüblənəcəkdi. Çünki, oğlu ona qarşı çıxacaq, quru  bir “bəli ata” ilə kifayətlənməyəcəkdi. Peruya qayıdandan bəri cəsarətini toplayıb, ailəsinin qarşısına çıxacağı və gələcək planları barədə danışacağı günü səbrsizliklə gözləyən Dominqo, Eva ilə keçirdiyi gecədən sonra əmin oldu ki, artıq vədə yetişib. Çünki, o əgər Eva ilə bir gələcək istəyirdisə (bunu bütün qəlbiylə istədiyinə əmin idi) gərək onda əvvəlcə atasıyla məsələni həll edəydi... O, bu qətiyyətini evin iyirmi addımlığına çatana kimi qoruyub saxlamışdı. Ancaq elə ki, malikanənin üzərindən sarmaşıqlar sallanan dəmir darvazasını gördü, bütün qətiyyətini itirdi. Evin ətrafında 3 dövrə vurdu və içəri girəcəyi anın yetişməsi üçün ilahi bir işarə gözlədi. Amma əbəs yerə. Axı o ilahi qüvvələrə çox da inanmırdı. Əlində xaç ola-ola atasının şilləsindən yayına bilmədiyi həmin gün, inancını itirmişdi. Onun üçün xaç sadəcə bir dəmir parçası idi. Ona görə də ilahi işarənin gəlməyəcəyini anlayanda içəri girməyə tam hazır olduğunu hiss elədi. Hasarın dibindən aralanıb, dərin bir nəfəs aldı və üstü sarmaşıqlı, hündür darvazaya doğru yaxınlaşdı. Qoca bağban uzaqdan onun gəldiyini görüb, asta addımlarla ona doğru addımladı. Darvazanın yanına çatanda, gözünü qıyıb bir xeyli qonağı süzdükdən sonra dedi:

- Kimsiniz? Ağa bu saatda qonaq qəbul eləmir. Əgər vacib nəsə işiniz varsa, gedin günortadan sonra gələrsiniz.

- Belə de. – bağbanın onu tanımadığını görən senyor, bir az onunla əylənmək istədi. – Uzaq yoldan gəlmişəm. Sizin o rəhmsiz ağanız mənimlə görüşə bilməz?

- Ey, dilini dinc saxla.- bağban qırış-qırış olmuş əllərini susuzluqdan çatlamış dodaqlarına sarı aparıb, dedi- Birdən eşidərlər. Ağamın qulağına çatsa, vay halına. Cavansan. Yazığım gəlir sənə. Get bir az hərlən şəhərdə. Günortadan sonra gələrsən.

- Bəs gənc ağanız? O evdə yoxdur? Onunla görüşsəm necə?

- Gənc ağa artıq 5 ildir ki, xaricə gedib. Çoxdandır görmürəm onu. Həm də ki, əgər nəsə işin varsa gərək onu böyük ağayla görəsən.

- Hə, Rudolf. Aradan çox vaxt keçib. Belə ki, gənc ağanın üzünü unutmusan. Onu qapıda saxlayırsan. – deyib, gülümsədi.

- Ağa?- Rudolf diqqətlə senyoru nəzərdən keçirib, dedi. Axır ki, qarşısında dayanan bu gənc oğlanın kim olduğunu anlamışdı. Darvazanı açıb, onu içəri ötürəndən sonra, qurşağacan əyilib, təzim elədi və əliylə başına vura-vura üzrxahlıq elədi- Bağışlayın ağa, tanımadım sizi. Axmaq Rudolf, axı sən ağanı necə unuda bilərsən?

- Yaxşı, özünü öldürmə. Günah səndə deyil. Mən bir xeyli dəyişmişəm.

- Yox, yox ağa. Mən yenə də tanımalıydım. Bağışlayın məni.

- Yaxşı. De görüm, atam evdədir?

- Hə, ağa. Evdədir. Kabinetindədir. Keçən həftə hədiyyə etdikləri silahı təmizləyir.

- Deməli, hər şey əvvəlki kimidir. Bəs anam? O haradadır?

- Senyora Armida qonaq otağındadır.

- Yaxşı mən əvvəlcə anamla görüşüm.- deyib, malikanəyə doğru addımladı...

     Armida de Servantes hündürboylu, gözünün altı xaric bədənində bir qırış belə olmayan, kürən saçları çiynindən bir qarış yuxarı, qəhvəyi gözlərində həyat eşqindən əsər-əlamət qalmamış bir qadın idi. Həddən artıq arıq olan bu qadına uzaqdan baxanda onu insandan çox, qarğaları qaçırmaq üçün istifadə olunan müqəvvaya oxşadırdılar. Anası da həmişə onun arıqlığına görə narahat olur, onun qız qarıyacağına inanırdı. Axı taxtadan fərqi olmayan bu qızı kim almaq istəyərdi ki? Bacısının əksinə Armidada insanları özünə cəlb edən bədən quruluşu yox idi. Nə də ki, şirin dili vardı. Həmişə özünü insanlardan təcrid edər, dindirən olmasa danışmazdı. Bəzən otaqda olduğunu belə heç kim hiss eləmirdi. Bacısı on səkkiz yaşına çatan ki, özünə varlı bir adaxlı tapıb, ərə gedəndə böyük bacısı Armida hələ də köhnə otağında sakitcə oturub, kitab oxuyurdu. Daha doğrusu kitabı üzünə tutub, özünü gizlədirdi. Anası hərdən qapını döymədən içəri soxulardı ki, görsün qızı nə ilə məşğuldur. Düşünürdü ki, onu başından eləmək üçün belə rəftar edir. Amma hər dəfə eyni mənzərəylə qarşılaşdıqca əmin oldu ki, qızında zərrə qədər də hiyləgərlik yoxdur. O necə varsa, elə də hərəkət edir. Qızının ailə həyatı qurmadan öləcəyindən qorxan anası, özü namizəd axtarmağa başladı. Bir neçə dəfə qonşuluqdakı ailələrin oğullarıyla qızı arasında görüş təşkil eləsə də, həmişə nəticə eyni oldu. Yarım saat oturduqdan sonra oğlanlar malikanəni tərk edir, heç aradan on dəqiqə keçməmiş cavab gəlirdi: “Təəssüf ki, alınan iş deyil”. Armida hər nə qədər halından razı olsa da, anası onu ərə verməmiş sakitləşən deyildi. Hətta qızını evləndirmək üçün belə bir xəbər də yaymışdı: “Qızımın adaxlısına, bütün sərvətimi miras qoyacağam”. Bu xəbərdən sonra adaxlıların sayı bir xeyli artdı. Ancaq heç biri iki saatdan çox dözə bilmirdi. Qaradinməz Armidanın qismətində evliliyə yer yox idi sanki. Namizədlər ya qızın lal kimi susub oturmasından şikayətlənirdilər, ya da ki sinəsinin hədsiz dərəcədə balaca olmasından. Həqiqətən də qızın sinəsi çox kiçik idi. Belə ki, bir müddət sonra anası ona qara paltar geyinməyi qadağan elədi. Çünki, qara geyinəndə olan-qalan sinəsi də nəzərə çarpmırdı. Ancaq bütün tədbirlərə baxmayaraq heç nə alınmırdı. Armida iyirmi üç yaşına çatanda bəxti açıldı. Artıq ümidini üzmüş anası, adaxlı axtarmaqdan əl çəkmiş, gözünü əbədiyyən yumacağı həmin günü gözləməyə başlamışdı. Bir gün evlərinə qonaq gələn De Servanteslərin böyük oğlu Xuan de Servantes onu boğulmaq üzrə olduğu ümidsizlik dənizindən çəkib çıxardı. Armidanın qaradinməzliyi, sözəbaxanlığı onun çox xoşuna gəldi. Səhəri gün çıxıb evlərinə gedəndə anasını kənara çəkib, qızıyla evlənmək istədiyini dedi. Elə həmin il, təmtəraqlı toy elədilər. İki il sonra isə Dominqo dünyaya gəldi. Uşağı olandan üç il sonra Armidanın qəribəliyi yeni bir hal almağa başladı. O indi dayanmadan içir, elə hey öz-özünə nəsə danışır, gülürdü. Senyor de Servantes onun bu halını görəndə ilk başlarda narahat olsa da, sonradan buna öyrəşdi. Zamanla da arvadına qarşı vecsiz olmağa başladı. Armida da bundan istifadə edərək, dayanmadan içir və bir gün içkinin onun mənasız həyatını sonlandıracağına ümid edirdi...

     Dominqo qonaq otağına girəndə, anası həmişəki kimi şərab qədəhilə divanda əyləşib, gözünü pəncərəyə zilləmişdi. Oğlunun gəldiyini görüb, ayağa qalxdı və ona sarıldı. Senyor anasına sarılanda bacardığı qədər ehtiyatlı olmağa çalışırdı. Qorxurdu ki, birdən onun zəif sümüklərindən birini sındırar. Anasının qolları arasından sıyrılan kimi onun əlindəki qədəhi alıb, masanın üzərinə qoydu və uzun barmaqlarını ovucuna alıb, yüngülcə sıxaraq dedi:

- Yenə acqarına içirsən?

- Məni danlamaq üçün hələ çox cavansan, əzizim.- Armida xırıltılı səslə cavab verdi. – Ondansa de görüm, sən nə vaxt qayıtmısan? Niyə xəbər eləmirdin? Arxanca ekipaj göndərərdik.

- Ehtiyac yoxdur. Bir neçə gün olar gəlmişəm. Sadəcə, atamın qarşısına çıxacaq cəsarətim yox idi deyə, evə gələ bilmədim. O necədir indi? Kefi kökdür?

- Atanın halı nə vaxt yaxşı olub ki? Doğulandan bəri sifətindən zəhrimar yağır. İndi də oturub kabinetində silahla oynayır. Uşaq kimidir. Təzə oyuncağı oldusa, dünya-aləm vecinə deyil.

- Sizinlə vacib bir şey danışmalıyam.

- O nə vacib şeydir ki, əl-ayağa düşmüsən? – amiranə tonla deyilən bu sözlər, Dominqonun qəlbinin sürətlə döyünməsinə səbəb oldu. O, arxasını dönəndə atasını qarşısında görüb, qeyri-iradi ayağa qalxdı.

     Xuan de Servantes iricüssəli, gözünün qıraqlarını qırış basmış, saçlarına vaxtından tez ağ düşmüş, qarşısındakı insanın düz gözünün içinə baxan, zəhmli bir kişi idi. Oğlunun onunla nəsə danışmaq üçün belə həyəcanlandığını görəndə, üzü daha eybəcər hala düşmüşdü. Yaxşı başa düşürdü ki, deyəcəkləri hər nədirsə, onun dəqiq xoşuna gəlməyəcəkdi. Ona görə də, baxışları ilə oğlunu fikrindən yayındırmağa çalışırdı. Amma bilmirdi ki, indi qarşısında dayanan Dominqo artıq uşaq deyil. O, bu səfər geri addım atmayacaq və atasının düz gözlərinin içinə baxacaqdı...

-  Ata, sizinlə danışmalıyam. Otursanız yaxşı olar. – deyən Dominqonun səsində titrəmə hiss olunmurdu. Onun sözləri tam qətiyyətlə deyilmişdi.

- Deyəsən, böyüdüyünü sübut eləməyə çalışırsan. – Xuan de Servantes arvadının yanında oturarkən dedi. Qolunu sinəsində çarpazlayıb, laqeyd və bir o qədər də sərt baxışlarını oğlunun üzünə dikib, cavab gözləməyə başladı.

- Görürəm ara yaman qarışacaq. – Armida dedi və əlini masadakı şərab qədəhinə uzadıb, əlavə etdi- İçkiyə ehtiyacım olacaq.

- Mən ailə işinə davam edə bilməyəcəyəm. – Dominqo bir nəfəsə dedi. Düşünürdü ki, hamısını birdən desə, atasının etiraz eləmək üçün imkanı olmayacaq. – Mən yazıçıyam. Uşaqlıqdan bəri bununla məşğulam. Mənim ticarətlə işim yoxdur. Mən dünyanı sizin gözünüzlə görmürəm. Əslində heç mən bu dünyadan da deyiləm. Ayrı bir dünyam var. Özü də mən sənin qulluqçun deyiləm ata. Ona görə də mənə əmr edə bilmərsən. Mən sənin alıb-satdığın əşya da deyiləm. Kiminlə evlənəcəyimə özüm qərar verəcəyəm. İstər varlı, istər kasıb. İstər əxlaqlı, istərsə də əxlaqsız. Seçdiyim qadınla evlənib, onunla yaşayacağam. Başa düşürsən məni? Mənimçün sənin etibarından daha vacib bir şey var: Həyatım. Heç bir şan-şöhrət mənim həyatımdan, gələcəyimdən daha vacib deyil.

- Axmaq. – Xuan de Servantes qəfil dilləndi. – Sən axmaqsan. Elə bilirsən ki, sənin o yazıçılığın sənə xoşbəxtlik bəxş edəcək? Boş-boş danışırsan ancaq. Bu dediklərin sayıqlamadan başqa bir şey deyil. Ağlını başına topla! Yoxsa bir də bu evə girə bilmərsən. Nə canlı, nə də ölü.

- Bəsdir, Xuan. – Armida dedi. – Sənin axmaq prinsiplərindən olmaya da. Axı bu həyatı sən yaşamayacaqsan. Qoy oğlumuz necə istəyirsə, elə də yaşasın.

- Sən qarışma. Heç bilirsən oğlun necə axmaq qərar verib? Yazıçı ha! Gör nə keçir ağlından. İstəyirsən bir dəf də verək əlinə, səhərləri küçə rəqqası olarsan, axşam da gördüklərini yazan bir yazıçı. Dəli olmusan sən.

- Ata. Mən yaxşıyam. Ağlım da başımdadır. Ona görə də qərarımda qəti olduğumu başa düşməlisən.

- Rədd ol buradan! – Xuan de Servantes qəfil ayağa sıçrayıb, dedi. – Əbləh! Rast ki, belə qərar vermisən, onda get qərarının arxasında dayan. Mən səni evimdə saxlayan deyiləm. Rədd ol, özün başının çarəsinə bax. İtil gözümün qabağından.

- Xuan, kükrəmə yenə.- Armida dedi-  Sakit ol. Dominqo, əzizim sən də...

- Yox ana. – Dominqo əliylə anasının sözünü kəsdi və dedi. – Ehtiyac yoxdur. Atamın məni başa düşməyini gözləmirəm onsuz da. Yaxşı ata. Mən gedirəm. Ümidvaram, o məndən çox sevdiyin silahlarını bir gün sənə qarşı doğrultmazlar.

     Dominqo sözünü deyib, arxasını döndü və malikanədən çıxdı. Atası üzündə qəzəb dolu ifadə donub qalanda, o yeyin addımlarla darvazandan çıxıb uzaqlaşırdı. Senyor cəmi bircə dəfə arxasına döndü və malikanəyə baxdı. O da bir neçə saniyə davam elədi. Daha sonra sürətlə oradan uzaqlaşdı...

                                                                        ***

     Migel yağışın islatdığı saçına yüngül bir sığal çəkib, sahildə asta addımlarla yeriyəndə saat birə iyirmi dəqiqə işləmişdi. Küləyin vəcdə gətirdiyi Kallaunun suları arada bir şalvarının balağını islatsa da, o buna əhəmiyyət vermir, sakitcə yeriməyə davam edirdi. Hər nə qədər ətrafındakıları və özünü yaxşı olduğuna inandırmağa çalışsa da, həqiqətdə bunun belə olmadığına əmin idi. Ofelianın kəhanətindən sonra həyatına səssiz-səmirsiz davam edə bilmirdi. Axı necə davam eləsin ki? Ən vecsiz insan belə, ölümüylə əlaqəli bir xəbər alanda özünü itirir. Qaldı ki, Migel kimi həssas birisi. Yox, o heç nə olmamış kimi davam edə bilməzdi həyatına. Bir çıxış yolu olmalı idi. Bəlkə də, Tanrının onun üçün qurduğu plan, tamam fərqli idi. Ofelianın dedikləri yalan da ola bilərdi. Amma yox. Migel buna inanmırdı. Onun kimi füsunkar, zərif, mələksima bir qızın yalan danışacağına inanmağı gəlmirdi. Həm də onların gizlincə danışdıqlarını necə bilə bilərdi ki? Burada nəsə onun anlamadığı, qeyri-adi, ilahi  bir qüvvə vardı. Migel o qıza özü qədər inanırdı. Ona görə də həyatının hər anını daha əyləncəli yaşamaq istəyirdi. Öldükdən sonra peşimançılığı olmasın deyə. İlk başda da, xoşuna gələn qıza – Ofeliaya öz hissləri barədə danışmaq qərarına gəldi. İndi sakitcə sahildə addımlayarkən, onunla necə ünsiyyət quracağını düşünürdü. Axı nə desin? “Sən mənə öləcəyimi dediyin anda sənə aşiq oldum” desin? Yox. Onda qız onu dəli zənn edərdi. Heç üzünə də baxmazdı. Bəs onda nə desin? Migel düşüncələrə elə aludə olmuşdu ki, qızın qaldığı komaya çatdığını hiss eləmədi. Qəfil özünə gələndə qarşısında Ofelianı gördü. Qız bir əlilə küləyin havaya qaldırdığı ətəyini nizamlayaraq, digər əlilə də gözünün üstünə tökülən buruq saçlarını kənara atıb, Migelə uzun-uzun baxdı və nəhayət dilləndi:

- Ümid edirdim ki, fikrini dəyişib gəlmərsən. Amma görünür, olacağa çarə yoxdur.

- Məni gözləyirdin?

- Mən gələcəyi görürəm. Axı sən də bilirsən. Ona görə də gələcəyindən əmin idim. Sadəcə, bunun olmamasını ümid edirdim.

- Niyə? Belə qorxunc görünürəm? – Migel saçına bir daha sığal çəkib, dedi. – Axı elə eybəcər deyiləm. Demə ki, xoşun gəlmir məndən.

- Paho, mənim səndən xoşum gəlir? Axmaq olma. Gedib öləcəyi günü fikirləşmək əvəzinə gəlib burada mənlə eşqbazlıq eləmək dərdinə düşən sən deyilsən?

- N-n-nə deyirsən? B-başa düşmürəm- Migel kəkələyərək dedi. Hətta utandığından yanaqları da qızardı. Ofelia bunu görsə də, üzünə vurmadı. Çünki, bu onun xoşuna gəlmişdi. Axı utanan kişiləri görmək elə də asan deyil.

- Yaxşı da. Dedim axı mən gələcəyi görürəm. Nə üçün gəldiyini bilirəm.

- Y-yaxşı, onda bilirsənsə cavabını da de. – Migel bir az özünü toplayıb, dedi.

- Eh, Migel. Mənim cavabım “yox”dur. Bizdə alınmaz. Bu ikimiz üçün də xeyirsiz münasibətdir.

- Axı niyə? Evlisən? Yoxsa adaxlın var?

- Yox. Amma sevdiyim var.

- Bəs o səni sevir? Əgər sevmirsə düşünməyə dəyməz onu. Özünə daha yaxşısını taparsan. – deyib, əlini sinəsinə döydü.

- Sevirdi. Ölüm onu məndən qoparana kimi də sevdi. Əgər Tanrılar varsa, o biri dünya varsa, bəlkə orada yenidən görüşərik onunla.

- Sən Tanrıya inanmırsan?

- Mən sadəcə ölümə inanıram- deyib, yüngülcə gülümsədi. – Başqa heç nəyə.

- Bəs məhəbbət? Ona da inanmırsan? Mənim məhəbbətimə də inanmırsan?

- Axmaq olma. Bir dəfə görməklə nə məhəbbət məhəbbət salmısan?

- Ofelia. Əgər gələcəyi görürsənsə, mənim hisslərimi də görürsən deməkdir. Görürsənsə, deməli inanırsan da. Mən səni ilk gördüyüm andan vuruldum. Öləcəyimi deyəndə belə bu hissi söküb ata bilmədim qəlbimdən. Ona görə də əl çəkəcəyimi düşünmə. Əgər ölüm bəxtimə yazılıbsa, onda onu qarşılayacağam. Özü də gülərək. Sevdiyim qadının yanında, onun dodaqlarından son dəfə öpərək qarşılayacağam. Bunu mənim əlimdən ala bilmərsən.

- Eh, nə axmaq oğlansan!

- Axmaq olmasaydım, çoxdan dəli olardım bu dünyada. Burada normal yaşamaq üçün iki yolun var: ya axmaq olacaqsan, ya da ki, dəli. Ağıllı olmağa cəhd eləsən, məhv olub gedərsən.

- Axmaq və dəli? İkisinin fərqi nədir ki?

- Dəli özünü idarə edə bilmir. Ona mütləqdir ki, kimsə nəzarət eləsin. Amma axmaq... Bax o başqa məsələ. Axmaq özünə nəzarət edir, heç kimə ehtiyacı olmur. İnsanları dəli edə bilir. Nə qəbahət eləsə, keçirlər. Qıraqdan baxanlar “əşi axmaq adamdır da. Onun ipiylə quyuya enmək olar? Sən əgər ona inanmısansa, deməli sənin özünün də başın işləmir” deyirlər. Özü də ən doğru qərarları həmişə axmaqlar verirlər. Amma insanlar onları vecinə almadıqları üçün, bu sirr olaraq qalıb. Bax belə. – deyib, əllərini yana açdı.

- Paho, sən lap filosofsan ki. – deyib, gülümsədi.

- Bax bu gülüş. – Migel sağ əliylə Ofelianın yanağından yapışıb, baş barmağı ilə gülüş qonan dodağını sığallayıb, dedi. – Mən sırf bu gülüş üçün belə ölməyə hazıram.

- Y-yaxşı. – Bu səfər kəkələyən Ofelia oldu. Qız üzünü kənara çəkib, gözünü Kallauya zillədi və dedi- Mən sənə xəbərdarlıq edirəm. Əl çək. Axtarma məni. Unut hətta. Bu ikimiz üçün də ən xeyirlisidir.

- Yaxşı, indi mən gedirəm. Amma yenə gələcəyəm. Səndən əl çəkən deyiləm, Ofelia. – Migel saçına son dəfə sığal çəkib, dedi. – Məhəbbətdən qaçmaq qorxaqların işidir. Mən isə qorxaq deyiləm. Bunu özün də görəcəksən. Bəlkə də çoxdan görmüsən. Hələlik, senyorina. – Migel sahildə uzaqlaşanda qışqıraraq dedi. – Mən səndən əl çəkməyəcəm. Yenə gələcəm.

- Bilirəm. – Migel gözdən itənə kimi onu izləyən Ofelia astaca dedi. – Məni qorxudan da budur...

                                                                   ***

     Dominqo ailəsilə uğursuz söhbətinin ardından, birbaşa Migelin evinə getdi. Dostu hələ də evə gəlib çıxmamışdı. Malikanədə həmişəki kimi sadəcə “Kleopatra” vardı. Əyninə geyindiyi qırmızı, dar paltar onun bədənini daha nəzərə çarpan edirdi. Paltarın yaxası çox dar idi. Bu paltarda qadının sinəsi qəfəsdəki quşa bənzəyirdi. Amma quşdan fərqli olaraq, o bir azdan azadlığını əlindən alan barmaqlıqları qırıb, bayıra çıxmağa hazırlaşırdı. Dominqo onu belə görəndə, ilk gecələrini xatırladı. Həmin füsunkar, ehtiraslı gecəni. Amma tez də bu fikirləri beynindən uzaqlaşdırmağa çalışdı. İndi onun həyatına Eva daxil olmuşdu. Dominqo özünü ona saxlamalı idi. Həm də ailəsilə mübahisəsinin ardından bu cür münasibətə heç həvəsi qalmamışdı. Məşuqunu qanıqara görən Tereza, cəld gəlib onun yanında oturdu və əlindən tutdu. Aralarında bir nəfəs qədər məsafə vardı. Qadının qırmızı paltarın dar yaxalığına ilişmiş qalmış və azadlıq arzusuyla çırpınan sinəsi Dominqonun aşağı doğru əyilmiş başına çox yaxın dayanmışdı. Tereza senyorun müqavimət göstərdiyini gördükdə, başa düşdü ki, nəsə ciddi bir şey var. Ona görə də, məşuqunun saçını sığallayıb, mülayim tərzdə soruşdu:

- Nəsə olub? Qəmgin görünürsən.

- Ailəm. – Dominqo dərindən ah çəkib, dedi. – Onlarla gələcək planlarımı bölüşdüm bu gün. Gördüyün kimi, heç də uğurlu olmadı.

- Ailə. İnsan öz qərarlarını kiminsə ixtiyarına buraxmamalıdır. Əgər bir dəfə ipini kiminsə əlinə versən, onda bir daha azadlığa qovuşa bilmərsən.

- Mən ipimi kiminsə əlinə verməyəcəyəm. Bu dəfə olmaz.

- Afərin, balaca. Sən artıq böyümüsən. – Tereza senyorun çənəsindən tutub, başını yuxarı qaldırdı və dodaqlarından öpdü.

- Migel gələ bilər. – Dominqo özünü kənara çəkib, dedi.

- Onda yerimizi dəyişək. Gəl. – ayağa qalxıb, gənc aşnasını da qolundan dartdı.

- İndi kefim yoxdur.

- Ona görə də indi lazımdır sənə. Əgər oturub dərd çəksən, ancaq baş ağrısı taparsan. Çarə yox. Dur gəl arxamca.

     Tereza Dominqonu qolundan tutub, otağına apardı. Qapını arxasınca kilidləyib, senyoru yatağa oturtdu. Bir anda öpüşlərə qərq olan senyorun qəlbindəki ehtiras dənizi, coşğun dalğaların əsirinə çevrildi. İndi o, özü də bu dənizin isti sularında çimməyi arzulayırdı. O, Terezanı yavaşca çarpayıya uzandırıb, soyundurmağa başladı. Qadının bayaqdan azadlıq üçün yalvaran sinəsi, nəhayət istədiyinə nail olmuşdu. İndi onun çılpaq bədənində Dominqonun isti barmaqları dolanırdı. Otaqda qəribə bir sükut hakim idi. Bir azdan onu Terezanın ehtiras melodiyaları pozacaqdı...

Signor Bayramlı Məhəmməd.

P.s.: Paylaşıb dəstək ola bilərsiniz. Dəstəyini əsirgəməyən hər kəsə təşəkkür edirəm)