G

ecə yarısından xeyli keçmişdi. Zülmət qaranlığa qərq olmuş sıx meşəlikdə yavaş-yavaş irəliləyir, qarşımıza çıxa biləcək hər hansı bir təhlükəni dəf etmək üçün, ehtiyatla hərəkət edirdik. Atlarımız günlərlə davam edən döyüşlərdən yorğun düşmüş, nəinki bizi, heç özlərini də daşıya bilməyəcək hala gəlmişdilər. Bizim də onlardan fərqimiz yox idi. Aclıq, susuzluq və yorğunluq axırımıza çıxmağa and içmişdilər, elə bil. Çirkli əskilərlə sarıdığımız yaralarımız da arada bir göynəyir, bizə öz varlığını xatırladırdı. Əsgərlərimin taqəti qalmamışdı. İki gün əvvəl ağrıdan inləyən İçiro belə səsini çıxarmır, dinməzcə atının yanında yavaş-yavaş addımlayırdı... Ağaclar seyrəlməyə başlayanda, mənim və ordumun bu əzabdan qurtulacağımıza dair inamımız artırdı. Ancaq hələ də buradan necə çıxacağımızı bilmirdik. Bir az sonra gözlərimin qarşısında, zülmət qaranlığın dərinliklərində şimal ulduzu kimi parıldayan bir sima peyda oldu. Diqqətlə baxanda, bunun Saeko olduğunu gördüm. O, həmişəki zərafətilə qarşımda dayanmış, gözlərimin içinə baxaraq gülümsəyirdi. Bu zaman mən özüm də biixtiyar gülümsəməyə başladım. Uzun müddət baxışdıqdan sonra, bununla kifayətlənə bilməyəcəyimi anladım. Ona toxunmaq, belindən qavrayıb özümə doğru çəkmək və dolğun dodaqlarından öpmək istəyirdim. Ancaq bu mümkün deyildi. Çünki, aramızdakı məsafə get-gedə daha da çoxalırdı. Halbuki, mən ona doğru irəlilədikcə o yerindən tərpənmir, mənim gəlib çatmağımı gözləyirdi. Atımı mahmızlayıb, sürətimi artırmağa çalışırdım ki, qəfildən qəribə bir səs eşidildi. Səsin hansı tərəfdən gəldiyini anlamağa macal tapmamış, atım şahə qalxdı. Yüyəndən möhkəm yapışmış olmasaydım, az qala yerə düşəcəkdim. Mən atın boynunu sığallayıb, heyvanı sakitləşdirməyə çalışanda, Daiçi atdan düşüb, səs gələn tərəfə doğru addımladı. Katanası yavaşca qınından çıxardı və iki əlilə möhkəmcə tutaraq, hücuma hazır vəziyyətdə dayandı. Ağacların arasından süzülən zəif ay işığı parlaq metalın üzərində bərq vururdu. Hücum etməyə hazırlaşırdı ki, bu vaxt kolluqların arasından bir uşaq çıxdı. Qaranlıqda onu görmək elə də asan deyildi. Daiçi onu qolundan tutub, mənim yanıma gətirdi. Əsgərlərdən biri kiçik bir məşəl yandırdı. Odu uşağa doğru tutanda, bunun on bir-on iki yaşlarında, üzü-gözü toza bulaşmış, boğazının sol tərəfi cızıqlarla dolu bir oğlan olduğunu gördük. Mən uşağı bir müddət süzdükdən sonra, mülayimcəsinə soruşdum:

- Adın nədir?

- A-a-Akiya. – uşaq kəkələyərək cavab verdi.

     Hər nə qədər mülayim olmağa çalışsam da, görünür onu yaman qorxutmuşdum. Uşaq mənlə danışarkən gözünü torpağa zilləyir, qorxunun məskən saldığı simasını aydınladan oddan qorunmaq üçün, balaca toppuş əllərilə üzünü qapayırdı.

- Burada nə gəzirsən? – uzun bir fasilədən sonra soruşdum.

- Yaxınlıqdakı məbəddə qalıram. Yemək üçün göbələk yığmağa gəlmişdim.

- Buralarda məbəd var? – Daiçi gözlərini bərəldərək soruşdu.

- Hə, - uşaq sağ əlini üzündən çəkib, qaranlığa doğru uzadaraq dedi.- O tərəfdə bir məbəd var.

- Bizi apara bilərsən oraya?

- Hə... apararam. – bir anlıq tərəddüddən sonra razılaşdı.

     Daiçi və digərləri atlarına mindilər. Mən uşağı atımın tərkinə alıb, yüyəndən bərk-bərk yapışdım. Bayaq Saekonu gördüyüm istiqamətə baxanda, zülmətdən başqa bir şey görmədim. Bir az əvvəl üzümü aydınladan gülüşün yerini indi boşluq almışdı. Dərin bir ah çəkdikdən sonra, atın cilovunu dartdım və uşağın göstərdiyi tərəfə doğru irəlilədim...

     Meşədən çıxıb, uşağın haqqında danışdığı məbədə doğru yaxınlaşanda, başımızın üzərində bədrlənmiş ay parıldayırdı. Onun zəif və bir o qədər də saf işıqları yanaqlarımı sığallayanda, özümü müharibə və fəlakətlərdən uzaqda, Saekoyla birlikdə dağ yamacındakı balaca evimizin həyətindəymiş kimi hiss edirdim. Məbədin böyük qapısına yaxınlaşanda girişdə asılmış lövhəni gördüm: “San juu roku məbədi”. Qapıdan içəri keçdikdən sonra, atdan düşdük. Daiçi yaralı əsgərlərin yanında qaldı. Mən isə baş keşişlə görüşüb, bizə gecəni burada keçirmək üçün icazə verməsini xahiş eləməyə getdim. Balaca bələdçimiz Akiya da mənimlə birgə gəldi. Uşaq toppuş əllərilə, yara və qurumuş qan ləkələrilə dolu əlimdən tutaraq gülümsəyirdi. Elə bil, meşədə məndən qorxan heç o deyildi. Bəlkə də, onun evində olduğumuz üçün arxayın düşmüşdü. Səbəbini bilməsəm də, onunla yol yoldaşı olmaq, illərlə baş kəsib, döyüş meydanlarını qana bulamaqdan daşlaşmış qəlbimi yumuşaldırdı. O, bu dünyada mənə insan olduğumu xatırladan ikinci insan idi. İlki təbii ki, Saekoydu... Akiya məni qoca keşişin yanına aparanda o, daş pilləkənin üzərində oturub, dərin bir saxsı qabda ot əzməklə məşğul idi. Bizim yaxınlaşdığımızı görəndə qısa bir müddətliyinə başını qaldırıb, mənə baxdı. Daha sonra heç nə olmamış kimi, işinə davam elədi. Bələdçim əlimi buraxıb qocanın yanına qaçdı və onun boynuna sarılıb, üzündən öpdü. Keşiş buna güclə sezilən bir təbəssümlə qarşılıq verdi. Sonra əlindəki saxsı qabı uşağa verib, mülayimcəsinə dedi:

- Bunu Keniçiyə apar. De ki, yarasının üzərinə ehtiyatla qoysun. Sonra da möhkəmcə sarısın.

- Yaxşı.

     Akiya saxsı qabı sinəsinə sıxaraq, bayaq gəldiyimiz istiqamətdə qaçmağa başladı. Keşişlə birgə bir müddət onun arxasınca baxdıqdan sonra, boğazımı arıtlayıb, dedim:

- Adım Kanayedir. Döyüşdən yeni çıxmışıq. Bir neçə gündür ki, yaralı əsgərlərimlə birlikdə üsyankarları təqib edirəm. Onları meşəyə qədər izlədik. Amma meşədə izlərini itirdik. Qaranlıq düşdüyü üçün də gəldiyimiz yolu tapa bilmədik. Akiya ilə meşədə təsadüfən rastlaşdıq və bizə burada bir məbəd olduğunu dedi. Sizdən gecəni burada keçirməyimizə icazə verə bilərsinizmi deyə soruşmaq istədim.

- Təsadüf deyə bir şey yoxdur. – keşiş uzun müddət dediklərimi düşündükdən sonra dedi. – Hər şey Tanrının yazdığı taleyin bir parçasıdır. Biz buna inanırıq. Gecəni isə burada keçirə bilərsiniz. Bizim sizsiz də qonaqlarımız çox olur. Ona görə də narahat olmağa səbəb yoxdur.

- Təşəkkür edirəm. – deyib, yüngülcə təzim elədim.

     Keşişlə birlikdə əsgərlərimin yanına getdim. Rahiblər bizə yaralarımızı təmizləmək üçün isti su, müalicəvi otlar və təmiz əskilər verdilər. Daha sonra da hərəmizə bir kasa düyü gətirdilər. Uzun müddət ac qalmış əsgərlər düyünü acgözlüklə yedilər. Yeməkdən sonra hərə bir küncə çəkilib, yatdı. Daiçi ilə mən isə bizim üçün ayrılmış otaqlara getdik...

     Otağı aydınladan balaca şam söndükdə ətraf zülmətə qərq oldu. İçəridə qulaqbatırıcı səssizlik hökm sürürdü. İnsan övladı hər zaman düşünmək, öz mənliyi ilə təklikdə qalmaq üçün səssiz bir yer axtarışında olur. Ancaq bəzən onlar buna sahib olduqları zaman anlayırlar ki, sən demə, istədikləri bu deyilmiş. Çünki, onlar bunu axtaranda bilmirdilər ki, səssizlik sadəcə qəlbi və vicdanı təmiz insanlara məxsusdur. İllərlə döyüş meydanlarında baş kəsən, qan tökən əsgərin, taxt-tac uğrunda öz qardaşını öldürən imperatorun, bir parça torpaq üçün rəqiblərinə şər-böhtan atan mülkədarların, insanları idarə edə bilmək üçün onların qorxularından faydalanan din xadimlərinin səssizliyə haqları çatmır. Düzü, bunu heç onlar özləri də istəmirlər. Çünki, yaxşı bilirlər ki, təklikdə qalanda elədikləri cinayətlər bir-bir gözlərinin qarşısında canlanır və onlara unutduqları bir hissi xatırladır: Vicdan əzabını... Belə anlarda mən də hamı kimi ruhumu sarmaşıq kimi saran səssizlikdən canımı qurtarmaq üçün, insanların arasına qarışır, onların mənasız söhbətlərini dinləyirdim. Çünki, yalnız bu məni keçmişimi düşünməkdən xilas edirdi. Həmin gecə də çöldən gələn səslər məni qorxunc sükunət girdabından çəkib çıxarmışdı. Ancaq məni apardığı yer ondan daha qorxunc idi...

     Səhərə yaxın otağımı və ruhumu saran səssizlikdən xilas olmağa çalışanda, çöldən gələn səsləri bəhanə edib, otağı tərk elədim. Ətrafda oraya-buraya qaçan adamları görəndə əlim biixtiyar katanama uzandı. Yanımdan sürətlə keçən keşişlərdən birini saxlayıb, nə olduğunu öyrəndim.

- Əsgərlər... onlar... dəli olub...- keşiş təngənəfəs cavab verdi.

     Keşişin dediklərindən heç nə anlamadığım üçün cəld əsgərlərimin yanına tələsdim. Yanlarına çatanda, gördüyüm mənzərəyə heç bir döyüş meydanında rast gəlməmişdim. Bir müddət bundan əvvəl ağrıdan və yorğunluqdan inləyən, yemək yedikdən sonra dərhal başlarını atıb yatan əsgərlərim indi heç nə olmamış kimi ayaq üstə dayanmış, dəlisov baxışlarını əliyalın insanların üzünə zilləmişdilər. Əlləri imperator uğrunda döyüşmək üçün onlara əmanət edilən katanalardan möhkəmcə yapışmışdı. Ağrıdan qıvranarkən inləməyə belə taqəti olmayan İçiro, indi ayağını yerə zərblə vurur, atdığı hər addımda az qala yer silkələnirdi. Keşişlər əllərinə uzun əsalar alaraq, onların qarşısını almağa çalışırdılar. Amma bunun heç bir faydası olmadı. Axı onlar mənim əsgərlərim idi. Yüzlərlə oxun, minlərlə qılıncın qabağında geri çəkilməyən əsgərlər bir ovuc keşişdən necə qorxa bilərdilər ki?.. Mən bir anlıq sarsıntı keçirdikdən sonra, özümə gələndə keşişlərdən birini İçironun pəncəsindən güclə xilas elədim. Əgər bir az da geciksəm, onda dəqiq cənnət və cəhənnəm arasında seçim etməli olacaqdı. Onun yaxasından yapışıb, kənara çəkəndə İçiroya bir təpik ilişdirdim və dedim:

- Dəli olmusan? – İçiro yerdə bir müddət qıvransa da, heç nə demədi. Sonra heç nə olmamış kimi ayağa qalxdı və bayaqkı yerini aldı. Elə bil, məni eşitmirdi. Ya da ki, eşidir ancaq dediklərimi anlamırdı. Ondan bir fayda gəlməyəcəyini anlayanda üzümü digərlərinə tutub dedim:

- Atın silahlarınızı yerə! Eşitmirsiniz məni? – daha təsirli alınsın deyə katanamı qınından çıxarıb, onlara doğru tuşladım. Ancaq bunun da bir faydası olmadı. Bu vaxt arxadan baş keşişin səsini eşitdim:

- Onlar indi özlərində deyillər. Buradan uzaqlaşmaq lazımdır. Cəld olun.

     Bunu eşidən keşişlər və məbədə qarınlarını doyurmaq üçün gəlmiş olan kəndlilər oradan uzaqlaşdılar. Mən isə bir müddət də əsgərlərimin yanında qaldım. Baş keşiş məni zorla aparmış olmasaydı, yəqin ki bir az sonra yaşanacaq qətliamda mən də həlak olardım...

     Biz keşişlərin müşayiətilə təhlükəsiz bir yerə keçdik. Bura məbədin altında inşa edilmiş gizli bir sığınacaq idi. Məbəd tikilən zaman keşişlərin və Tanrıya sığınanların təhlükəsizlikdə olmasını təmin etmək məqsədilə yaradılmışdı. Hamı içəri daxil olduqdan sonra, baş keşiş keçidi bağladı və insanları sakitləşdirmək üçün dedi:

- Qorxmayın! Buranı tapa bilməzlər. Biz onları görə bilərik, amma onlar bizi görə bilməzlər. Buranı Tanrının dərgahı kimi düşünün.

     İnsanlar keşişin sözlərindən sonra dərin bir nəfəs aldılar. İçəridə bir neçə məşəl yanmasına baxmayaraq qaranlıq idi. Mən gözüm qaranlığa öyrəşənə kimi bir müddət gözlədim və sonra baş keşişin yanına yaxınlaşdım. Qolundan tutub, onu kənara çəkdim və dedim:

- Onlar mənim əsgərlərim deyildi. Cismən ola bilər, amma ruhən mənim əsgərlərim deyillər. Onlara nəsə olub.

- Bilirəm. Narahat olmağa dəyməz.

- Otlar. Verdiyiniz otlardan ola bilər?

- Məncə, səbəb bu deyil. Otların zəhərli olduğunu düşünmürəm. Əgər belə olsa, sizdən qabaq biz özümüz zəhərlənərdik. “San juu roku” məbədi yaranandan bəri, təxminən 100 ildir ki, biz bu müalicəvi otlardan istifadə edirik.

- Bəs onda səbəb nədir?

- Bilmirəm. İcazə versəniz gedib içəridəki ərzağı yoxlamalıyam. Burada nə qədər qalacağımızı bilmirik. Ərzağa ehtiyacımız olacaq.

     Keşiş yüngülcə təzim etdikdən sonra, aralandı. Mən isə əsgərlərimə olanlar barədə düşünməyə başladım. Aradan bir az keçmiş, Daiçini xatırladım. Onu nə əsgərlərin, nə də ki, sığınacaqdakıların arasında görmüşdüm. Keşişlərdən soruşanda, onlar da görmədiklərini dedilər. Deməli, hələ də çöldə idi. Ola bilsin digərləri kimi o da dəli olmuşdu. Amma bunun tərsi də ola bilərdi. Əmin olmaq üçün sığınacaqdan ayrılıb, onu axtarmağa getdim. Əvvəlcə bizim üçün ayrılan otaqlara baxdım. Ancaq orada yox idi. Daha sonra məbədin girişinə- əsgərlərin toplaşdığı yerə getdim. Amma orada da gözə dəymirdi. Əsgərlər bayaqkı kimi sakitcə dayanmış, gözlərini bir nöqtəyə zilləmişdilər. Dodaqlarının altında nəsə mızıldanırdılar. Aramızdakı məsafə uzun olduğu üçün nə dediklərini eşitmirdim. Ehtiyatla yanlarına yaxınlaşanda, kimsə məni dayandırdı. Geri dönüb baxanda bunun Daiçi olduğunu gördüm. O, sol əli ilə qarnını tutmuşdu. Daiçidən bir-iki addım kənarda da balaca bələdçimiz Akiya dayanmışdı. Uşaq toppuş əlləri ilə üzünü qapamış, beləcə özünü təhlükədən qoruduğunu düşünürdü. Mən cəld Daiçinin qoluna girdim. Akiyanın da əlindən tutub, onları sığınacağa apardım. Biz içəri girəndən sonra keşişlər keçidi bağladılar. Baş keşiş Daiçinin yarasını sarıyanda, o da bizə başına gələnləri danışmağa başladı:

- Məni otağıma ötürən keşiş demişdi ki, səhərə kimi dua edəcəklər. Dedi ki, əgər narahat olsam otağı dəyişə bilərlər. Mən isə narahat olmadığımı dedim. Axı sən də bilirsən ki, yatanda heç nə eşitmirəm. – deyib, özünü zorla gülümsəməyə məcbur elədi. – Nə isə. Oyananda sakitçilik olduğunu görəndə təəccübləndim. Silahımı götürüb çölə çıxdım. Ətrafda heç kimi görmədim. Bizi tapmış ola biləcəklərini düşündüm. Girişə doğru tələsdim. Əsgərlərimizi görəndə rahat bir nəfəs aldım. Onlara yaxınlaşanda nəsə qəribə bir hiss bürüdü məni. Gəldiyimi görsələr də yerlərindən tərpənmirdilər. Elə hey eyni mahnını mırıldanırdılar. Yanlarına çatanda gördüm ki, Haçiro katanasını uşağın boynuna dirəyib. – dedi və əli ilə küncdə dayanan Akiyanı göstərdi. – Nə olduğunu anlamasam da, uşağın təhlükədə olduğunu hiss edə bilirdim. Cəld onu Haçironun əlindən aldım və arxamda gizlətdim. Bu zaman o, ani bir hərəkətlə başını döndərdi və üzümə baxmağa başladı. Onun baxışları boş və mənasız idi. Ona nə qədər səslənsəm də, məni eşitmədi. Sonra üstümə gəlməyə başladı. Silahımı çıxarıb, dayanmasını əmr elədim. Amma o dayanmadı. Axırda məcbur qalıb, katanamı düz ürəyinə sancdım. Bir anlıq dayandı. Sonra qəfil özünü kənara çəkdi. Qılıncın onun sinəsini necə deşdiyini öz gözlərimlə görmüşdüm. Amma köksünü yaran metalın üzərində bir damla belə qan olmadığını görəndə özümü itirdim. Elə bu vaxt, Haçiro qarnıma zərbə endirdi. Mən də cavabında onun boğazını kəsdim. Amma yenə də qan axmadı. Bunu görəndə cəld Akiyayla birlikdə oradan uzaqlaşdıq.

- Qan axmırdı? – Daiçi sözünü bitirib, dərin-dərin nəfəs alanda təəccüblə soruşdum. O, mənə cavab verməyə macal tapmamış, baş keşişin sualı ilə üz-üzə qaldı:

- Hansı mahnını oxuyurdular?

     Daiçi mahnının sözlərini xatırlamaq üçün uzun bir müddət düşündü. Cavab verməyə hazırlaşırdı ki, çöldən gələn səsləri eşidib, dayandı. Sonra əlini yavaşca yuxarı qaldırıb, astaca dedi:

- Bu mahnını.

     İçəri qəfil bir sükut çökdü. Hamı sakitcə dayanıb, yuxarıda səslənən mahnını dinləməyə çalışırdı:

- Çap, çap atlı. Çap atını.

Nalları yığsın axırıncı.

Bir, iki, üç, dörd, beş, altı,

Kəlləsi getdi, ruh qaldı...

     Əsgərlər dayanmadan eyni sözləri təkrarlayırdılar. Uşaqların əylənmək üçün oxuduqları mahnılara oxşayırdı. Heç bir mənası olmayan mahnılara... Ancaq bu mahnını dinlədikdən sonra baş keşişin gözlərində qəribə bir kölgə göründü. Mən bunu döyüş meydanlarında çox görmüşdüm. Bu mənə çox yaxşı tanış olan, qorxunun kölgəsi idi. Yanına yaxınlaşıb, nə olduğunu soruşanda keşiş yuxudan ayılmış kimi başını silkələdi, dodağının altında nəsə mızıldanaraq, insanların arasından keçdi və bayaq ərzağı yoxlamaq üçün getdiyi həmin otağa doğru addımladı. Nə olduğunu öyrənmək üçün mən də onun ardınca getdim. Bu otaq məbədin digər otaqlarından xeyli fərqli idi. İçəridə duzlanmış balıqlar, düyülər, şərab və digər ərzaqlar vardı. Otaq arakəsmə ilə ikiyə ayrılmışdı. Mən bunu keşiş varlığı hiss olunmayan qapını aralayıb içəri keçəndə anladım. Onun ardınca içəri keçdim. Otağın bu hissəsində bir yığın kitab vardı. Divarların küncündə qalaqlanmış kitabların üzərində növbənöv rəsmlər, bir neçə paslanmış qılınc və bir mücrü vardı. Baş keşiş kitabların arasından birini seçdi və onu otağı aydınladan şama doğru tutub, oxumağa başladı. Kitabın vərəqləri sapsarı saralmışdı. Bəzi sözlər oxunmaz hala gəlsə də, kitab özü oxunaqlı idi. Keşiş kitabın vərəqlərini ehtiyatla çevirirdi. Qısa bir axtarışdan sonra istədiyinə nail oldu. O, kitabı mənə doğru uzadıb, dedi:

- Bu kitabın yaşı yüz ildən artıqdır. O, bu məbədin yaranmasından əvvəl yazılıb. Kitabı yazan burada yaşayan bir alim olub.

- Sizcə bu kitab bizə kömək edəcək?

- Məncə, hə. Çünki, bu hadisə əvvəllər də baş verib. Mən bu kitabı oxuyanda həmin hadisə haqqında məlumata rast gəlmişdim. Ancaq bu çox uzun müddət bundan əvvəl idi. Ona görə də hamısını xatırlamıram. Gərək yenidən oxuyaq.

- Görünür, başqa çarəmiz yoxdur. Oxuyaq.

     Biz kitabın saralmış vərəqlərini zəif şam işığına doğru tutduq. Oxuduğumuz hər söz tezliklə qarşımızda simaya büründü və keçmişin dumanlı xatirələri yavaş-yavaş üzünü örtən sirr pərdəsindən sıyrılmağa başladı...

     İki il bundan qabaq baş verən hadisələri qələmə alarkən, barmaqlarım hələ də tir-tir titrəyir. Həmin anı dəfələrlə xəyalımda canlandırıram. Gecələr qarabasmalar görməyimin yeganə səbəbi həmin gün yaşananlardır. Bəlkə də uşaqlıqdan bu yana həssas bir qəlbə sahib olmağın cəzasını çəkirəm. Amma inanın ki, həmin gün baş verənlərə daş qəlbli insanlar belə tab gətirə bilməzdi...

     Gecə ay buludların arxasında görünməz olanda kəndimizdə haradan gəldiyini bilmədiyimiz bir qız peyda oldu. Uzun boylu, incə belli, saçları belinə qədər uzanan bu qadının kim olduğunu bilən yox idi. Kəndin qadınları onu dövrəyə alıb, sorğu-suala tutsalar da, bir xeyri olmadı. Nə adını öyrənə bildik, nə də haradan gəldiyini. Onun haqqında bildiyimiz tək şey, çox gözəl olması idi... Aradan bir neçə gün keçdi. Qız bir kəlmə belə danışmamışdı. Biz ona tək yaşayan qarılardan birinin yanında yer ayırmışdıq. O, hər səhər evdən çölə çıxar, uzun saçlarını günün altında yavaş-yavaş sığallayardı. Bu mənzərəni seyr etmək üçün kəndin bütün kişiləri meşədə- ağacların arasında özlərinə yer hazırlamışdılar. Bunu görən qadınlar onu qısqanır, hər vəchlə kənddən göndərməyə çalışırdılar. Ancaq hər dəfəsində arzuları ürəklərində qalırdı. Sanki, onu Tanrılar müdafiə edirdi... Təqribən on gün sonra qadınların duaları qəbul olundu. Qız onların həyatından bir dəfəlik çıxdı.

     Həmin gün səhər tezdən Mariko bütün kəndə hay-haray salmışdı. Doqquz yaşlı qızının itdiyini eşidəndə hamı əl-ayağa düşdü. Kəndin və meşənin hər qarışını axtarmağa başladıq. Meşənin dərinliklərində hündür bir ağacın yanına çatanda hamı bir anlıq donub qaldı. Marikodan başqa. O, var gücüylə qışqırıb, ağaca sarı cumdu. Adını belə bilmədiyi naməlum qonağın üstünə atılıb, əlindəki bıçağı qapmağa çalışdı. Yerdə qanlar içində yatan qızının qatiliylə boğuşarkən, göz yaşları və fəryadı bir an belə dayanmadı. Qız Marikonu kənara itələyib, bıçağı havaya qaldırdı. Zərbə endirməyə hazırlaşırdı ki, kəndin kişiləri qəfil ayılıb, onun üstünə şığıdılar. Bıçağı əlindən alıb, qızı kənara çəkdilər. Mariko övladının cansız bədəni başında uzun müddət ağladıqdan sonra, ayağa qalxdı. Yerə düşən bıçağı götürüb, qızın düz ürəyinə sancdı. O qədər cəld tərpənmişdi ki, heç kim ona mane ola bilmədi. Düzü, buna can atan da yox idi. Qadınlar neçə gündür onu kənddən qovmaq üçün bəhanə axtarırdılar. Kişilər isə, gördüklərindən sonra qıza qarşı qəlblərində alovlanan qəzəb qığılcımlarına təslim olmuşdular. Buna görə də, nə Marikoya qəzəbləndilər, nə də ki, ölən qız üçün təəssüfləndilər. Onun cəsədi olduğu kimi qaldı. Kənd camaatı Marikonu və qızının cansız bədənini yanlarında kəndə apardı. Qadınlar balaca qızın bədənini təmizlədikdən sonra, dəfn üçün hazırlıqlara başladılar. Gecə qaranlıq düşməmiş bütün işlər həll olunmalı idi... Axşam düşüb, şər qarışanda hər şey hazır idi. Kənd camaatı dəfn üçün bir araya toplaşmışdı. Adi günlərdə evindən iki addım uzaqlaşmayan qoca qarılar belə, Marikonu tək qoymamaq üçün gəlmişdilər. Dəfn başladıqdan bir az sonra qəribə səslər eşidilməyə başladı. Meşənin dərinliklərindən tükürpədən bir səs dayanmadan eyni sözləri təkrar edirdi:

“Çap, çap atlı. Çap atını.

Nalları yığsın axırıncı.

Bir, iki, üç, dörd, beş, altı,

Kəlləsi getdi, ruh qaldı...”

     Diqqətlə dinlədikdə bunun bir uşaq səsi olduğunu anladım. Ancaq kəndin bütün uşaqları dəfndə iştirak edirdilər. Aralarında ən böyüyü Marikonun ölən qızı idi. Digərləri ya təzəcə doğulmuşdu, ya da ki, hələ danışmağa başlamamışdı. Yəni səsin sahibi bizdən biri deyildi. Onun kim olduğunu öyrənmək üçün meşəyə doğru getməyə hazırlaşırdıq ki, elə bu vaxt kəndin başında bir atlı peyda oldu. Bədrlənmiş ay onun arxasında yüksəlirdi. Üzünü görə bilmirdik. Təkcə onun qəzəblə fınxıran atını və ayın zəif işıqlarının üzərində bərq vurduğu katanasını görürdük. Mahnının səsi get-gedə daha aydın eşidilməyə başladı. Daha sonra nə dediyini başa düşmədiyimiz fısıltılar eşitdik. Elə bu vaxt, süvari hərəkətə keçdi. Bir əli ilə atın yüyənini tutur, digər əli ilə də qılıncını havada sallayırdı. Biz yerimizdə donub qalmışdıq. Nə edəcəyimizi bilmirdik. Atlı düz yanımıza çatanda, katanasını qucağında körpə olan qadınlardan birinin ürəyinə sancdı. Qadın yerindən tərpənmədi. Nə də ki, fəryad çəkdi. Atlı qılıncını köksündən çəkib çıxaranda, dərin bir nəfəs aldı. O, havanı acgözlüklə ciyərlərinə çəkəndə süvari sürətlə yanımızdan uzaqlaşdı. Qadın hələ də ayaq üstə dayanmış, körpəsini qucağında möhkəmcə tutmuşdu. Qoca İtsumi uşağı onun qucağından alıb, sinəsinə baxdı. Ancaq heç bir yara izi görmədi. Əlini yanağına toxunduranda, qadın özünü kənara çəkdi. Körpəsini qucağına alıb, qaçaraq oradan uzaqlaşdı. Bir müddət heç kim yerindən tərpənmədi. Aradan bir az keçmiş bir neçə kişi əlinə balta və bıçaq götürüb, atlını axtarmağa getdi. Mən isə İtsumi və digərlərilə birlikdə bayaqkı qadının arxasınca getdim. Onun evi kəndin ayağında yerləşirdi. Biz oraya çatanda, qadının həyətdə olduğunu gördük. Yemək bişirmək üçün qaladığı tonqalın soyumuş külləri üstündə dayanmış, əlindəki bıçaqla yerə zərbələr endirirdi. Onun yanına yaxınlaşanda torpaq əvəzinə öz körpəsinə zərbə endirdiyini gördük. Uşağın qanı ətrafa sıçrayır, bədəninə dəyən hər zərbə, onun zərif dərisini rahatlıqla parçalayırdı. Bu mənzərəni görən bir neçə qadın fəryad qopardı. Mən isə qatil ananı cəld kənara itələdim. Körpəni ( və ya ondan geriyə qalanları) qollarıma aldım və oradan uzaqlaşdırdım. Bu vaxt qadın ayağa qalxdı və qışqıraraq üstümə cumdu. Bıçağı bir neçə dəfə mənə doğru salladı. Zərbələrdən yayınmağa çalışsam da, qucağımda körpəylə bu mümkün deyildi. Ona görə də uşağın cansız bədənini astaca yerə qoydum. Fürsətdən istifadə edən qadın bıçağı sol çiynimə sancdı. Mən bıçağı çiynimdən güclə də olsa çıxardım. Qadın dayanmaq bilmir, elə hey üstümə hücum çəkirdi. Mən də özümü qorumaq üçün qadına bir neçə zərbə endirdim. Bıçaq əvvəlcə onun sinəsini, sonra biləklərini, ən sonda isə boğazını kəsdi. Ancaq bir damcı da olsun qan axmadı. Nə olduğunu başa düşə bilmirdik. Bir çarə tapana kimi qadının əl-qolunu bağlamaq qərarına gəldik. Kəndirlə möhkəmcə bağladığımız qadın çırpınmağa davam edir, boş və mənasız baxışlarını üzümüzə zilləyib, bayaq eşitdiyimiz mahnını oxuyurdu:

“Çap, çap atlı. Çap atını.

Nalları yığsın axırıncı.

Bir, iki, üç, dörd, beş, altı,

Kəlləsi getdi, ruh qaldı...”

     Qadın üç dəfə mahnını oxuduqdan sonra, bayaq gördüyümüz atlı yenidən peyda oldu. Bu dəfə kişilərdən birinə zərbə endirdi. Mən əlimdə tutduğum bıçağı atlıya doğru atdım. Ancaq bıçaq onun bədənindən keçib, yerə sancıldı. Süvari gözdən itəndə, bayaq zərbə vurduğu kişi yerdəki bıçağı götürdü və qadınların üstünə hücum çəkdi. Dörd qadının boğazını üzdü. Mənə doğru gələndə atlını axtarmaq üçün gedən kişilər gəlib çatdılar. Onlar güclə də olsa onu kəndirlə bağladılar...

     Hekayənin yerdə qalanını oxumaq demək olar ki, mümkün deyildi. Sadəcə sonuncu səhifə oxunaqlı idi. Bəxtimiz gətirdi ki, bizə lazım olan elə bu səhifə idi...

     Göz-gözü görmürdü. Biz zülmət qaranlıqda yavaş-yavaş irəliləyirdik. Ətrafa ölüm sükutu çökmüşdü. Bu səssizliyi arada bir ayağımızın altında qalan, sınmış ağac budaqlarının səsi pozurdu. Bacardığımız qədər ehtiyatla hərəkət edirdik... Bir müddət dolaşdıqdan sonra, qoca Harukinin dediyi yerə gəlib çatdıq. O, atlının meşənin bu hissəsinə gəlib, atı ilə birlikdə hündür bir ağaca çevrildiyini deyirdi. Ayrı vaxt olsa, hamı ona dəli kimi baxardı. Ancaq başımıza gələnlərdən sonra nə desələr inanmağa hazır idik... Yanımızda gətirdiyimiz baltaların sapından möhkəmcə yapışdıq. Var gücümüzlə Harukinin haqqında danışdığı ağaca zərbə endirməyə başladıq. Ağac yerə aşana kimi balta vurmağa davam elədik. Elə ki, o kökündən ayrılıb yerə aşdı, həmin an bütün meşəni qəribə bir fəryad bürüdü. Ağacın kötüyü qəfil alışıb yandı. Biz kəndə qayıdanda hər şey qaydasında idi. Atlının qılıncını dadanlar yavaş-yavaş özlərinə gəlirdilər. Təkcə ilk qurbandan başqa. Düzü, boğazına vurduğum zərbədən sonra yaşamasını gözləmək ağılsızlıq olardı. Deyilənə görə, biz gəlməmişdən qısa müddət əvvəl bədənindəki kəsiklərdən qan axmağa başlamışdı. Ola bilsin ağac yanandan sonra, atlının sehri yoxa çıxmışdı. Səbəbi hər nə olursa olsun, bu bəladan qurtulduğumuza sevinirdik.

     O gecə bu kənddə nələr yaşandığını tam olaraq heç birimiz anlamasaq da, bunun yuxu və ya qarabasma olmadığına əminik. Çünki, o gecə düz otuz altı nəfər öldü. Əgər vaxtında qarşısını almasaydıq, bütün kənd məhv olacaqdı... Bu gün mən bu hekayəni qələmə alarkən, həmin gün yaşananlar yenidən gözümün qabağında canlanır. Tanrıya dua edirəm ki, həmin hadisə bir daha yaşanmasın.

     Bir neçə gün bundan qabaq əsgərlər gəlmişdilər. Onlar dedilər ki, kənddən köçməliyik. Burada məbəd tikəcəklər. Yanlarında gələn keşiş dedi ki, məbədin adı həmin gün ölən insanların xatirəsini yad etmək məqsədilə “San juu roku” (“36”) adlandırılacaq. Elə həmin gün qərara gəldim ki, vaxtilə burada yaşananları qələmə alım. İnsanlar bunu unutmasın. Əgər bir də nə vaxtsa, belə bir hadisə yaşansa, onda nə edəcəklərini bilsinlər. Sadəcə həmin ağacı kökündən ayırmaq və ruhu ələ keçirilmiş bədənləri atlının əlindən qurtarmaq lazımdır. Atlının qarşısı mütləq alınmalıdır. Kəllə getməmiş... ruh qalmamış...

     Keşiş növbəti səhifəni çevirəndə bir xəritə ilə qarşılaşdıq. Bu məbədin yaxınlığındakı meşənin xəritəsi idi. Aradan yüz ildən artıq vaxt keçmişdi. Amma ümid edirdik ki, meşə olduğu kimi qalmış olar. Ən azından atlının məzarı olan ağac...

- Bilirəm bu hekayəyə inanmaq axmaqlıqdır. – baş keşiş xəritəni mənə doğru uzadıb, dedi. – Ancaq başqa çarəmiz yoxdur.

- Yəni əsgərlərimi hansısa ruh bu hala salıb? Cəfəngiyyatdır.

- Bəs onda boğazı kəsilsə də qanı axmayan əsgəriniz necə olsun? Bəlkə deyəcəksiniz ki, onun əvvəldən qanı olmayıb? Mən də buna inanmaq istəmirəm. – keşiş dərin bir nəfəs alıb dedi. – amma başqa çarəmiz yoxdur.

- Yaxşı. – bir müddət düşündükdən sonra məcburən razılaşdım. – Başqa yolumuz yoxdur. Xəritəni də götürün gedək.

     Keşiş kitabdan xəritənin olduğu vərəqi ehtiyatla cırdı və birlikdə otağı tərk elədik. Daiçi ilə maraqlandıqdan sonra, sığınacaqdan ayrıldıq. Keşiş bizi əsas girişə yaxın bir yerə apardı. Orada gizli bir qapı vardı. Oradan keçib meşəyə doğru tələsdik. Bu vaxt gözüm əsas girişə sataşdı. Əsgərlərim əllərində qılınc bir yığın cəsədin başında dayanmışdı. Gözlərimə inana bilmədim. Baş keşiş cəsədləri görəndə gözlərini yumdu və dua eləməyə başladı. Daha sonra meşəyə girdik. Hava aydınlanmağa başlamışdı deyə, rahat hərəkət edə bilirdik. Bir müddət dayanmadan ancaq irəli getdik. Ağacın yerini göstərən xəritəyə baxmaq üçün dayananda, bizi kiminsə izlədiyini hiss elədim. Geri dönəndə bunun balaca Akiya olduğunu gördüm. Onu gördüyümüzü hiss edəndə, qaçaraq yanımıza gəldi. Keşişin belinə sarılıb, gülməyə başladı. Qoca da ona qoşulub güldü və dedi:

- Dünya qana da qərq olsa, uşaqların bir gülüşü insanın qəlbini ümidlə doldurur.

- Ümidimizi bir dəfəlik itirmək istəmiriksə, gərək onda tələsək.

- Yaxşı. Tələsək. Akiya. – keşiş xəritəni uşağa göstərib dedi. – Bu yeri bilirsən? Bu ağacı tanıyırsan? – uşaq başıyla razılığını bildirəndə, gülümsəyərək dedi. – Bizi oraya apara bilərsən?

     Uşaq yenə başını tərpətdi. Sonra qabağa düşüb meşənin dərinliklərinə doğru addımladı. Biz də onu izləməyə başladıq... Ağacın olduğu yerə gəlib çatanda, günəş səmada par-par parıldayırdı. Akiya toppuş əlləri ilə gözünün üstünü örtür, günəşdən qorunmağa çalışırdı. Baş keşiş ağacı bir müddət izlədikdən sonra uzun saqqalına sığal çəkib, dedi:

- Bu dəqiq o ağacdır. Məncə, onu kəssək hər şey düzələcək.

- Ümid edirəm ki, elə olar. – deyib, katanamı çıxardım. İki əlimlə də möhkəmcə tutdum. Günəşin şüaları katanamın parlaq metalı üzərində bərq vurur, gözlərimi qamaşdırırdı. Gözümü qıyaraq ağacı nişan aldım. Katanamı havaya qaldırıb, güclü bir zərbə endirdim. Zərbənin təsirilə ağacın gövdəsindən bir parça qopub, yerə düşdü. Bu vaxt qəribə bir fəryad qopdu. Geri dönüb baxanda, Akiyanın yerə düşdüyünü gördüm. Baş keşiş cəld uşağın yanına tələsdi. Yerə çöməlib, başını qollarının arasına aldı. Üç barmağını birləşdirib, uşağın yanağına yüngülcə vurdu. Bir neçə dəfə adıyla səsləndi. Amma heç bir şey dəyişmədi. Sonra uşaq qəfil oyandı. Heç nə olmamış kimi ayağa qalxdı. Keşiş nəbzini yoxlamaq üçün əlini uşağın boynuna uzatdı. Ancaq Akiya özünü kənara çəkdi və əlini qocaya doğru uzadıb, barmaqlarını yumdu. Bu vaxt keşiş boğazını tutub, yerə çökdü. Uşaq yumruğunu havaya qaldırdıqda keşiş də birdən-birə havalandı. Akiya qolunu ağaca doğru uzatdı və həmin vaxt qoca zərblə ağaca çırpıldı. Mən ona doğru yaxınlaşmaq istəyirdim ki, birdən katanam əlimdən yerə düşdü. Əyilib götürmək istəyəndə, biixtiyar dizlərimin üstünə çökdüm. Hərəkət edə bilmirdim. Təkcə gözlərim tərpənirdi. Gördüyüm yeganə şey isə Akiyanın siması idi...

- İnsan övladı özünü hər zaman digər canlılardan üstün hesab edir. – balaca bələdçim katanamı bir əli ilə havaya qaldırıb, dedi. – “Heyvandan ağıllıyam” deyir. Ancaq xırda həşəratın belə etməyəcəyi səhvi edir. Axı siz necə düşünə bilərsiniz ki, məni ikinci dəfə eyni formada məğlub eləmək mümkündür? Bu çox gülməlidir.

- Sən... kimsən?

- Mən? Bir çox adım var mənim. Kiminə görə Tanrıyam, kiminə görə şeytan. Bəziləri mələk kimi tanıyır məni. Düzü, mənə mələk deyənlər özləri şeytandan fərqsizdir. Amma əsl məni tanımaq istəyirsənsə, gəl onda sənə bir hekayə danışım... Günlərin birində Tanrılar yığışıb bir qərara gəldilər. Bu meşələrdə yaşayan digər canlıları xilas etmək üçün yaxınlıqdakı kəndin yerlə-yeksan olmasını istədilər. Çünki, insanlar olmasa, onda meşəni xilas etmək mümkün olardı. Təbii ki, bu qərarı mən də alqışladım. Ancaq buna qarşı çıxanlar da oldu. Bəzi Tanrılar insanların tərəfini saxladılar. Amma bunun bir xeyri yox idi. Qərar çoxdan qəbul edilmişdi. Kənd məhv olmağa məhkum idi. Amma mənim ağıllı bacım işə qarışdı. Kəndin məhv olmasından bir gün qabaq insan cildinə girib, onların yanına getdi. Hər nə qədər kənardan baxanda sizə oxşasa da, daxilən o hələ də ilahə idi. Buna görə də əsrarəngiz bir gözəlliyə malik idi. Bunu görən kişilər ağızlarının suyunu axıda-axıda onu seyr edir, qadınlar isə qısqanclıq və qəzəbin pəncəsində əzilir, əzabla qıvranırdılar. Dəfələrlə ona xətər yetirmək istəsələr də alınmamışdı. Amma bir gün bunu bacardılar. Həmin gün Günəş ilahəsi insanların tərəfində idi. Bu sadəcə bir gün davam elədi. Çünki, kəndin məhv olmasını hamıdan çox o istəyirdi. Həmin gün kənddən bir qıza meşənin dərinliklərində təcavüz edildi. Sonrasında qızın ürəyinə bıçaq sancıb, onu orada ölümə tərk elədilər.  Bacım qızı tapanda hələ də nəfəs alırdı. Buna görə də onun ürəyini çıxarıb, öz varlığından kiçik bir zərrə bəxş edərək qızı yenidən dirildəcəkdi. Ancaq axmaq insanlar onu qatil elan elədilər. Hətta bu da bəs eləmədi və onu öldürməyə çalışdılar. Mən onu tapanda, ürəyində bir bıçaqla meşədə tək qalmışdı. Uğrunda özünü fəda elədiyi insanlar onu tərk eləyib getmişdilər. Bıçağı ürəyindən çəkib çıxardım. Təbii ki, o bir ilahədir. Onu öldürmək olmaz. Ancaq aldığı zərbədən sonra kiçik bir uşağa döndü. Biz uşaq olanda əylənmək üçün insanları fəlakətlərlə üzləşdirərdik. Böyüdükcə bacım əvvəlki vərdişlərindən əl çəkdi. Xeyirxah olmağa başladı. Amma mən olduğum kimi qaldım. Ta ki, o günə kimi... Bacım uşağa dönmüşdü. Onu incidən, onu dəyişməyə sövq edən ürəyinə dəyən bıçaq zərbəsi deyildi. İnsanların vəfasızlığı idi. Amma onun bu halı mənim xoşuma gəldi. Nəhayət birlikdə əylənə bilərdik. Bacım həmin gecə ilk dəfə məni çağırdı...

“Çap, çap atlı. Çap atını.

Nalları yığsın axırıncı.

Bir, iki, üç, dörd, beş, altı,

Kəlləsi getdi, ruh qaldı...”

     Həmin gecə birlikdə kəndi qana buladıq. Bax belə. Hekayə burada bitir. Sən axmaq bir insan övladı olduğun üçün, bu hekayədən sonra mənim ölüm mələyi olduğumu düşünə bilərsən. Ona görə də sənə kim olduğumu deməliyəm deyə düşünürəm. Mən kainatın ən güclü Tanrılarından biriyəm. Mən iğtişaş və xaos Tanrısıyam. – Akiya sözünü bitirib, qollarını yana açdı.

- Deməli ona görə insanları özün öldürmürsən.

- Belə daha əyləncəli olur. Mən Tanrıyam. Bir hərəkətimlə bütün bəşəriyyəti məhv edə bilərəm. Elə olsa, heç əyləncəli olmaz.

     “Xaos və iğtişaş Tanrısı” başımın üstündə dayanmadan danışırdı. Mən isə bu həngamədən necə qurtulacağım barəsində düşünürdüm. Axı bir Tanrını necə öldürə bilərdim ki? Bu günə kimi imperator uğrunda saysız-hesabsız insan öldürmüşdüm. Evləri, məbədləri dağıtmışdım. Amma ilk dəfə idi ki, qarşılaşdığım düşmənin qarşısında diz çökmüş və çarəsizcə ölümümü gözləyirdim. Nə edəcəyimi bilmirdim. İlahə Ameterasuya məni xilas etməsi üçün yalvardım. Ordumu və məbəddə gizlənən digər insanları qurtarmaq üçün mənə kömək etməsini istədim. Bu günə kimi Tanrılardan heç nə istəməmişdim. Mənim üçün yeganə ilah imperator idi. Ancaq bu gün ömrümdə ilk və bəlkə də son dəfə ilahlara yalvarırdım. Saekoma qovuşmaq, ordumu və köməyə ehtiyacı olan insanları qurtarmaq üçün ilk dəfə dua elədim. Günəş ilahəsi Ameterasu səsimi eşitsin deyə yalvardım... Axır ki, mənə rəhmi gəldi və kömək elədi. Bilmirəm, bəlkə də sadəcə “İğtişaş və Xaos Tanrısı”ndan üstün olduğunu göstərməyə çalışırdı. Səbəbini dəqiq bilməsəm də, qurtulmaq üçün bir fürsət yarandığını gördükdə ürəyim rahatladı... Günəş şüaları katanamın üstündə bərq vuranda Akiyanın gözü qamaşdı. Qılıncı əlindən yerə saldı və gözünü ovuşdurmağa başladı. Bu vaxt mənim varlığımı da unutmuşdu. Bədənimi sarmaşıq kimi saran görünməz iplərdən qurtulan kimi katanamı götürdüm və onun ürəyinə sancdım. Akiya dərin bir nəfəs aldı və dəlisov baxışlarını üzümə zilləyib dedi:

- Axmaq. Mən Tanrıyam. Ölümsüzəm. Yenə gələcəyəm.

     “İğtişaş və Xaos Tanrısı” uşağın bədənini tərk edəndə, onun ruhunu da özüylə birlikdə apardı. Sonralar balaca bələdçimi xatırlayanda həmişə gözümün qabağında meşədəki həmin an canlanırdı. Ruhunu ölüm mələyinə təslim etməyə hazırlaşan Akiyanın dodaqlarına qonan saf təbəssümü gördüyüm həmin an...

     Baş keşiş özünə gələndə Akiyanın cansız bədənini də yanımızda götürüb, məbədə qayıtdıq. Orada hər şey qaydasında idi. Əsgərlərim özünə gəlmişdi. Daiçinin boğazını kəsdiyi Haçironu saymasaq, hamısı sağ və salamat idi. Səhərlər məbədə dua etmək üçün gələn kəndlilərin cəsədlərini ailələrinə təhvil verməsi barəsində baş keşişlə razılaşdıq. Akiyanın dəfn mərasimini təşkil elədik. Daiçinin yarası sağalana kimi məbəddə qaldıq. Daha sonra imperatorun yanına getmək üçün yola düşdük. Getməmişdən qabaq baş keşişdən xahiş elədim ki, bizdən sonrakı nəsillərə çatdırmaq üçün burada yaşadıqlarımızı qələmə almağıma imkan versin. O bu təkliflə ürəkdən razılaşdı. Mən başımıza gələnləri bir neçə vərəqə köçürdüm. Həmin vərəqləri məbədin gizli kitabxanasında saxlaması üçün baş keşişə verəcəkdim. Yola düşdüyümüz günün səhəri artıq hər şey hazır idi. Bizim elədiyimiz səhvi təkrarlamasınlar deyə kiçik bir qeyd də əlavə elədim:

“ Qarşılaşdığın nə adi bir insandır, nə də ki şeytan. İnanmaq çətin olsa da, sən bir Tanrı ilə üz-üzə dayanmısan. Ancaq qorxma! Qorxu səni ələ keçirsə, onda nə sən, nə də ki, ətrafındakılar sağ qala bilər. Cəsarətli ol. Sadəcə özünə inan. Çünki, düşmən səni aldatmağa çalışacaq. Ən əsası isə, onu məhv eləmək üçün əlinə düşən fürsətdən faydalanmağa çalış. Onu dayandırmaq üçün nə lazımdırsa eləməlisən. Yerdə qalan ömrün qarabasmalardan və yuxusuz gecələrdən ibarət olacaq bəlkə də. Amma əsla geri çəkilmə. Çünki, indi geri çəkilsən, peşimanlıqla keçirə biləcəyin bir həyatın olmayacaq.  Unutma! Atlının qarşısı mütləq alınmalıdır. Kəllə getməmiş... ruh qalmamış...”

Signor Bayramlı Məhəmməd.

Bakı, 20-24 may 2021.