Naməlum qonağın dedikləri boş hücrədə əks-səda verəndə Ernesto eşitdiklərinə inanmaqda çətinlik çəkirdi. Axı ilk dəfədən kim inanardı ki, belə bir cavaba? “Tanrı”. Hansı yolunu azmış, həyasız ruh bunu iddia etməyə qadir idi? Heç İblis də bu adı dilinə gətirə bilmirdi. Özünü Tanrı adlandıran bu yolunu azmış ruhun dedikləri müqəddəs ata üçün əhəmiyyətsiz idi. Qoca keşiş onu dinləməyəcək, elə bu saat onu qolundan tutub çölə atacaqdı. “Sən bir abırsıza bax. Özünü Tanrı adlandırmağa cürət edir. Nə gözləyirdi? Qarşısında diz çöküb, əfv diləməliydim? “Atamız məni bağışla, səni tanımadığım üçün məhz elə özüm günahkaram” deyib, dizlərinə qapanmalıydım? Bəlkə ayaqlarını öpüm? Yox belə bir abırsızın yanında heç bir dəqiqə də qala bilmərəm. Bunun özü Tanrıya qarşı hörmətsizlik olar. Qoy bir nəfəsimi dərim, onu buradan elə qovacağam ki, bir də nəinki otağa, heç kilsənin həndəvərinə belə yaxınlaşmağa cürət etməyəcək.” deyə düşünən rahib, əsəbdən titrəyən əlini boynundan asdığı xaça apardı. Xaçı iki dəfə öpdükdən sonra, hər zamankı sərt baxışlarını naməlum qonağa zilləyib, amiranə tonla dedi:

- Göylərdəki atamız, sən özün bu günahkarı bağışla və onun ilahi yoldan azmış ruhunu cəhənnəm atəşindən hifz eylə. Amen.

- Ernesto, oğlum. – naməlum qonaq sakitcə dedi. – Mən ki, yanındayam. Nə üçün məni səmalarda axtarırsan?

- Sən yolunu azmış bir ruhsan. Başqa heç nə. Səni Tanrının mərhəmətinə sığınmağa dəvət edirəm.

- İnsan övladı hər zaman məni görmək istəyib. Məni bir zamanlar İsanın simasında görürdünüz. Sonra səmalarda axtarmağa başladınız. Mən sizin hər birinizin qəlbindəyəm. Mən sizin damarlarınızda axan isti qanınızdayam, ən qaranlıq düşüncələrinizin içində belə parlayan o zəif işığam. Mən günəşəm. Məni gizləmək üçün bulud belə acizdir. Mən dünyayam. Mən küləyəm, mən hər şeyəm. Mən yoxdan var edənəm. Mən Tanrıyam. Hər gecə adımı zikr edərək yatan sən, Ernesto! – qonağın səsi get-gedə daha da qalınlaşır, dediyi hər kəlmə hücrənin divarlarını lərzəyə gətirirdi. Ernesto ata, ayağının altında titrəyən döşəməni və bədəninə yayılan tükürpədən o naməlum duyğunu hiss eləyəndə, ağlından keçən düşüncələrin səsini eşitməmək üçün tövbə eləməyə başladı. Ancaq bir azdan qonağın səsi onu da üstələməyə başladı. İndi sadəcə onun amiranə səsi eşidilirdi:

- Sən özün hər günahkar ruhu bağışlamağım üçün yalvarmadınmı məgər? Mən ki, sənin ən gizli arzularının hamisiyəm. Mən ən güclü qorxularından səni qoruyan yeganə məbudam. Mən sənin özünə belə etiraf eləməyə çəkindiyin günahlarının yeganə şahidiyəm. Sən hər gün mənim mərhəmətimə sığınmağa dəvət edirsən insanları. Amma sən özün, səni yaradan Tanrını tanımaqdan qorxursan. – o bir addım irəli çıxdı. Qollarını yana açıb, başını səmaya qaldırdı. Gözlərini yumub, sözünə davam elədi- Bu bədən sadəcə bir qəfəsdir. Əgər sən bu cılız bədənin içərisindəki ilahi işığın zərrəsini görsəydin, onda dəqiq yanıb külə dönərdin. Eh, insan. Sən mənim yaratdığım ən ali və ən zavallı varlıqsan. Heç bir bəndəm sənin olduğun qədər köməyə möhtac deyil. Yaratdığım heç bir bəndə sənin qədər nankor deyil. Sən ey, mömin bəndəm. Mənə bu qədər inandığını dediyin halda, səni mənimlə görüşdən çəkindirən nədir? Bu qədərmi qorxursan inandığını iddia etdiyinlə qarşılaşmaqdan? Bu qədərmi qorxursan dediklərinin yalan olduğunun anlaşılmasından? Ah, zavallı insan oğlu. Ağlından keçənləri dilinə gətirməyə bu qədər qorxursan? Qarşında dayanan kimdir? – qonaq gözlərini açıb, Ernestonun heyrətə gəlmiş simasına ani bir nəzər salıb, onun bayaqkı sərt baxışlarından əsər-əlamət qalmayan gözlərinə baxdı və daha kəskin tonla dedi- Söylə! Mən kiməm?

     Ernesto ata nə deyəcəyini bilmirdi. Axı o bayaq tam əmin idi ki, qarşısındakı məhz yolunu azmış, günahkar bir bəndədir. Bəs onun fikrini dəyişən nə idi? O niyə tərəddüd edirdi ki? Bəlkə o lərzəyə gələn divarları, ayağının altından qaçan döşəməni görəndə dəyişmişdi fikrini? Amma bu heç nəyi sübut etmirdi axı. Bu xəstəliyin də əlaməti ola bilərdi. Bəlkə kilsənin həyətinə özünü güclə çatdıran həmin adamdan keçmişdi ona? Ona görə titrəyirdi bədəni. Ya da başqa bir xəstəliyin əlaməti idi bunlar. Qarabasma görürdü yəqin. Çox işləməyin fəsadları idi hamısı. Səhər tezdən oyanıb, axşam yatana kimi insanların dərdini, günahlarını dinləyən rahibin belə şeylər yaşaması adi hal idi. İndi bir az dincəlməyə ehtiyacı var idi. Sadəcə dincəlməli idi. Bir stəkan su içsə, rahatlayardı. Hə, məhz bir stəkan su onu özünə gətirə bilərdi. Ernesto, onu yerə yıxmağa çalışan düşüncələrinin ağırlığı altında əzilir, yeriməkdə çətinlik çəkirdi. Ayaqları sözünə baxmırdı. Heydən düşən ayaqlarını sürüyə-sürüyə çarpayısına yaxınlaşırdı. Bir az sonra istəyinə nail oldu. Özünü güclə çarpayıya atdı və tez masanın üzərindəki suyu götürüb, bir nəfəsə başına çəkdi. Qapının ağzından çarpayısına qədər olan məsafə elə də çox deyildi. Amma yolda keçən zaman ona bir əsr kimi gəldi. Üzünün tərini qoluna silib, dərin bir nəfəs aldı və gözlərini yumdu. İndi hər şey yoluna düşməli idi. Gözlərini açanda otaqda yenə tək olacaqdı. Qarabasmadan qurtulacaqdı. Ən azından o belə düşünürdü...

     Qarabasmadan qurtulmaq üçün gözünü yuman müqəddəs ata, özü də bilmədən yuxuya getmişdi. Yuxudan oyananda artıq gecəyarısına az qalmışdı. Üzərinə çökən ağırlığın izləri hələ də bədənindən çəkilməmişdi. Hərəkət etməkdə çətinlik çəkirdi. Güclə də olsa qamətini doğruldub otağa nəzər salanda, heç kimin gözə dəymədiyini görüb, rahat nəfəs aldı. Ancaq bu çox çəkmədi. Hücrəni əsir alan qaranlığın dərinliyindən yenə həmin amiranə səs eşidildi:

- Ernesto. Nə qədər qaçmağa çalışsan da məndən qaça bilmərsən. Tanrıdan qaçış yoxdur!!!

- Sən Tanrı deyilsən. Tanrı ola bilmərsən. Sən ruhu ilahiyə gedən yoldan uzaq düşmüş biçarəsən. Sən Tanrı deyilsən. Sən sadəcə səfilsən. Tövbə et. Tövbə et ki, sənə kömək edə bilim.

- Məgər sənin qəlbinin dərinliklərində səslənən o qorxmuş uşağın səsini eşitmirəm? Sən axı məni çağırırsan. Sən mənə inanmaq istəyirsən. Amma sənin təkəbbürün sənə imkan vermir ki, gözünün qabağında dayanan həqiqətləri dərk edə biləsən. Sən məni danmaqla hidayətə çata bilmərsən. Diz çök! Diz çök oğlum. Mərhəmətimə sığın.

     Ernesto özünü itirmişdi. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. Çaşbaş qalmışdı. O bu otağı dərhal tərk eləmək istəyirdi. Amma ayaqları tutmurdu. Elə bil kimsə onu döşəməyə lehimləmişdi. Qaçmasın deyə. Bəlkə o həqiqətən də Tanrı idi? Onu etdiyi günahlara görə cəzalandıran Tanrı? “Tutaq ki, o həqiqətən də Tanrıdır. Bəs o hansı günahıma görə məni bu hala salır? Axı mən onun sadiq bəndəsi olmaq üçün çalışıram. Sevdiyim qadını əlimdən alanda belə ona üsyan eləmədim. Onun əmrinə itaət etdim. İllərlə insanları Tanrıya ibadət etməyə səsləmişəm. Yox, o məni belə cəzalandırmaz. O Tanrı olsaydı, belə eləməzdi. O Tanrı deyil. O Tanrı deyil!!!” deyə düşünən keşişə kənardan baxanda bayaqkı zəhmindən əsər-əlamət qalmadığını görmək olardı. O indi anasının qəzəbli baxışlarının qarşısında tab gətirməyə çalışan, balaca, dəcəl uşaq idi. Özünə “Tanrı” deyən bu naməlum qonaq, onu sərt qabığından çıxmağa məcbur eləmişdi. İndi o, qınından çıxan tısbağa kimi təlaşla özünə sığınacaq bir yuva axtarırdı. İki saat əvvəl bir qartal gəlib, caynağına alsa, onu dağın başına qaldırıb oradan aşağı atsa, yəqin ki ona heç nə olmazdı. Nə də olsa, qını vardı. Onu hər şeydən qoruyan qını. Amma indi o müdafiəsiz qalmışdı. Adi bir saman çöpü belə onu yaralaya bilərdi indi. Ona görə də ehtiyatlı olmalı idi. Ernesto bunu yaxşı başa düşürdü. Ona görə də özünü təmkinli aparmağa çalışırdı. Nə qədərini bacardığını deyə bilməzdi, amma çalışdığına tam əmin idi... O özüylə mübarizə apararkən, qonağının səbri tükənmək üzrə idi. O bir daha üzünü Ernestoya tutdu və dedi:

- Ernesto! De görüm, mən kiməm?

     Ernesto artıq yaxşı başa düşürdü ki, qaçmağa yeri yoxdur. Bir cavab verməli idi. Qəlbinin dərinliklərində inanmasa da, bu əzabdan qurtulmaq üçün bir anlıq da olsa qonağına təzim edib, onu Tanrı adlandırmağa hazır idi. Ancaq bunu bacarmazdı. Axı o din adamı idi. Bu günə kimi insanları doğru yola səsləyən, öz prinsiplərini hər şeydən üstün tutan müqəddəs ata, indi kiçik bir əzabdan qurtulmaq üçün necə diz çökə bilərdi tanımadığı birinin qarşısında? Yox, o bunu edə bilməzdi. Əgər o Tanrıdırsa, qoy onda bunu sübut eləsin. Qoy o sadiq bəndəsinə özünü tanıtsın. Əgər o Tanrıdırsa, onda Ernesto ona təzim edər və bağışlanmağı diləyər. Amma o yalançıdırsa, onda müqəddəs ata onu kilsədən dəqiq qovacaq, hətta dar ağacına qədər müşayiət edəcəkdi. Bircə əmin olsun...

- Axı necə əmin ola bilərəm ki, sən Tanrısan? Sübut elə. – rahib səsindəki titrəmə hiss olunmasın deyə sözləri elə sürətlə dedi ki, bir anlıq nə dediyini özü də anlamadı.

- Siz insanlar həmişə beləsiniz. Möcüzə olmadan heç nəyə inanmırsınız. – deyib, gülümsədi. Keşiş zülmət qaranlıqda onun gülüşünü necə görə bildiyini izah edə bilməsə də, and içə bilərdi ki, o gülür. – Qəlbində inancdan heç bir zərrə də qalmayıb. Sənin inancın köhnə qalaya bənzəyir. Kənardan baxanda əzəmətli görünsə də, içi bomboşdur. Amma olsun. Mənim mərhəmətim sonsuzdur. Səni bağışlayıram. İstədiyin möcüzə idi? Olsun. İstədiyini alacaqsan. – deyib, əllərini irəli uzatdı. Onun uzun, yöndəmsiz barmaqları Ernestonun alnına toxunanda, rahibin qaranlıq hücrəsi birdən-birə aydınlandı. Divarlar yoxa çıxdı. Ətrafda yaşıl çəmənlik, ucu-bucağı görünməyən günəşli səma vardı. Uzaqdan, çox uzaqdan zəif də olsa uşaq səsləri eşidilirdi. Deyəsən, oynayırdılar. Ernesto dərin bir nəfəs aldı. Burnuna nəm otların qoxusu gəldi. O axırıncı dəfə bu qoxunu arvadıyla birlikdə gəzintiyə çıxanda hiss eləmişdi. Neçə il keçmişdi aradan xatırlamırdı. Amma çox uzun müddət bundan əvvəl olduğuna əmin idi. İndi yoldaşıyla olan xatirələri xatırladan bu çəmənliyə nəzər salanda, qəlbinin dərinliklərinə yayılan əzab qığılcımları nə qədər canını yandırsa da, o buna əhəmiyyət verməməyə çalışırdı. Tək istədiyi bu anın dadını çıxarmaq idi. Amma bu mümkün deyildi. Bir azdan uşaqların gülüş səsləri eşidilməz oldu. Ortalığa sükut çökdü. Səma qaranlığa qərq oldu. Çəmənliyin qurşağa çatan yamyaşıl otlarını alov dilimləri əvəz eləməyə başladı. Səmaya yüksələn alovların arasından üzü-gözü eybəcər hala salınmış məxluqlar boylanmağa başladı. Onların kim olduğunu bilmirdi rahib. Bəlkə də, Tanrının qəzəbinə düçar olmuş varlıqlar idi. Bəlkə də cəhənnəmin oddan yaranmış qoruyucuları idi. Amma yox. Bunlarda nəsə ona tanış gəlirdi. Diqqətlə baxanda, onların insan olduğunu anladı. Onlar insan idilər. Sadəcə cəzalarını çəkmək üçün cəhənnəmə yollanmışdılar. Onları bu hala şeytan salmamışdı. Onları bu hala salan özləri idi. Sadəcə özləri...

     Naməlum qonaq qəfil barmaqlarını Ernestodan çəkəndə, rahib yerində səndələdi. Gördüklərindən sonra az qala huşunu itirəcəkdi. Amma güclə də olsa özünü toplaya bildi. İndi onun şübhəsi qalmamışdı. Qarşısındakı mütləq ilahi bir qüvvə olmalı idi. Amma məntiqi ona bunun əksini təlqin edirdi. İndi o nə etməli idi? Məntiqinə arxalansın, yoxsa gördüklərinə? Bəs inancı ona nə deyirdi? Nə də olsa rahibin inancı onun hər şeyi idi. Ernesto bir anlıq düşündü. İnancın olduğu yerdə məntiqə yer yox idi. Ona görə də gördüklərinə inanmaq qərarına gəldi. Hər nə qədər məntiqi əksini desə də, o gördüklərinə inanmalı idi. Rahib ayağa qalxdı. Xaçını əlinə alıb, möhkəmcə sıxdı. Taqətdən düşmüş dizlərinin üzərinə çökməyə hazırlaşırdı ki, qəfil eşitdiyi səsdən diksinib, səndələdi və yerə yıxıldı:

- Dayan! – səs elə gur idi ki, az qala kilsə yerlə yeksan olacaqdı. Müqəddəs ata, səsin gəldiyi istiqamətə baxanda, ortayaşlı, gur saqqallı, üzündən nur yağan ağappaq qanadları göz oxşayan birini gördü. Onda insana aid heç nə yox idi. Keşiş onun bu dünya ilə əlaqəsinin olmadığına and içməyə hazır idi. Mütləq ilahi varlıq idi...

- Ümid edirdim ki, bir az gec gələrsən. Heyif. – naməlum qonaq istehza ilə gülümsəyərək dedi.

- Sənə neçə dəfə demişik axı, əl çək bu oyunlardan. Onun adını istifadə etməyə ixtiyarın yoxdur.

- Bu mənim öz işimdir. Əgər bir dərdin varsa bunu Onun özüylə danışa bilərsən.

- Sənə xəbərdarlıq edirəm. Bir də...

- Bəsdiriiin!- Ernesto artıq tab gətirə bilməyərək qışqırdı. Onun dəlisov baxışlarını görən qonaqlar, bir anlıq susdular. Fürsətdən istifadə edən rahib, diqqətini cəmləyib, dərin bir nəfəs aldı və onu maraqlandıran sualı verdi:

- Siz kimsiniz? Nə işiniz var otağımda?

- O qarşında dayananı yaxşı tanıyırsan. – ikinci qonaq dedi. – Hər səhər oyananda, hər axşam şər qarışanda, yanına gələn hər insan günah çıxaranda onun adını çəkib, şəninə lənət yağdırırsan. O İblisin özüdür.

- Eh, məni yaman tərifləyirsən a. – İblis gülümsəyərək dedi. – Qardaşın olsa sadəcə adımı deyərdi. Eh, Qabriel heç nəzakətli deyil.

- Sən şeytansan? – Ernesto əlindəki xaçı yuxarı qaldırıb soruşdu. Amma sualına cavab gözləmədən, dua eləməyə başladı- Göylərdəki atamız, sən özün bizi hifz eylə. Bizi şeytanın şərrindən qoru. Baş mələk Maykl, cənnətdəki orduların başçısı. Bizi cəhənnəmə düçar olanlarla eyni yolu getməkdən çəkindir. Amen. – deyib, xaç çəkdi.

- Eh, axmaq insan övladı. Mən cəhənnəmin hökmdarıyam. Mən İblisəm. Məni o xaçla qorxuda bilmərsən. Özü də baş mələyi uzaqda axtarma. Maykl arxanda dayanıb.

     Ernesto bunu eşidib, arxasında dayanan mələyə baxdı. Həqiqətən onun görkəmindən cənnətdən gəldiyi hiss olunurdu. Simasını seyr edəndə qəlbi və məntiqi həmrəy olurdu. O həqiqətən də baş mələk Maykl idi.

- Baş mələk Maykl, cənnətdəki orduların başçısı. Tanrının buyruğuna itaət edən bəndələri günahkarlardan ayrı tut. Bizi cənnətlə müjdələ. Amen. – deyib, xaç çəkdi.

- Qalx ayağa! – Maykl amiranə səslə dedi. – Ernesto, qalx! Sən atamıza sadiq olmusan həmişə. Tanrı səni hifz eləsin.

     Rahib çarpayıdan dəstək alaraq ayağa qalxdı. Elə bil, Mayklı görəndən sonra ayaqlarına güc gəlmişdi. Rahatca hərəkət edə bilirdi artıq. O dərhal çarmıxa çəkilmiş İsa heykəlinin yanına tələsdi və diz çöküb, dua eləməyə başladı. Duasını bitirən kimi ayağa qalxdı və üzünü İblisə tutdu. Artıq gözlərindəki qətiyyət öz yerini almışdı. O yenidən qorxusuz rahib Ernesto olmuşdu. Tanrının mərhəmətinə sığınıb, şeytanın üzərinə yeriyən müqəddəs ata, ona bu anları yaşadan İblisi cəhənnəmə geri qaytarmağa hazırlaşırdı elə bil. Özünə əmin addımlarla irəliləyən rahib düz İblisin qarşısında dayandı və sərt baxışlarını onun ifadəsiz sifətinə zilləyib, dedi:

- Nə üçün gəlmisən buraya? Gəlişinin məqsədi nədir?

- Eh, rahib. Bu gün iki qızcığazla olan mübahisən yadındadır? Sənə dedilər axı. “Bu gecə yaxşı dua edin, müqəddəs ata. Bəlkə hücrənizə Tanrı qonaq gəldi.” Mən də düşündüm ki, sən bu gecə qonaq gözləyəcəksən. Dedim gözün yolda qalmasın. Gəlim sənin Tanrın olum.

- Bəsdir Diabolos! Əl çək bu xasiyyətindən.

- Olmaz qardaşım. Qiyamətə qədər əl çəkə bilmərəm. Axı Ona söz vermişəm- deyib, barmağını yuxarı qaldırdı.

- Ernesto.- Maykl üzünü rahibə tutub dedi. – Bu gecə yaşananları unut. Yenidən dua et. Özünü ibadətə həsr et. Tanrıya sığın. Şübhəsiz o mərhəmətlidir. Satana, gedək! – deyib, qəfil yoxa çıxdı.

- Necə istəyirsən qardaşım- deyib gülümsədi. Daha sonra Ernestoya son sözünü deyib, qeybə çəkildi. – Görüşənədək Rahib!

     Olanları hələ də tam başa düşə bilməyən müqəddəs ata, ayaq üstə qala bilməyəcəyini anlayıb, çarpayının üstündə oturdu. Gözünü qapıya zilləyib, olan bitəni düşünməyə başladı...

                                                                       ***

     Rahibin hücrəsindən çıxdıqdan sonra, səmadan kilsənin həyətinə boylanan İblis yanına gələn Mayklı görüb, gülümsəyərək dedi:

- Qabriel niyə gəlmədi? Adətən onu göndərərdilər. Nəsə işi var?

- Mən gəlməli idim. Ona görə belə alındı. Qabriel üçün darıxmısansa, yanına gedə bilərsən.

- Yaxşı, hirslənmə. Səni görmək də xoşdur, qardaşım. Səncə, - uzun bir fasilədən sonra İblis gözünü kilsədən ayırmadan Maykldan soruşdu- olacaqlara dözə biləcək?

- Bilmirəm. Zamanla görərik.

- Yaxşı da. Sən ki, bunu yaxşı bilirsən. İnanmıram ki, O sənə bunu deməmiş olsun.

- Deyib, bəli. Amma mənə başqa bir şey də deyib, Satana.

- O nədir?

- Sənə bu barədə heç nə deməməyimi istədi. İkimiz də yaxşı bilirik ki, sən necə oyunbazsan.

- Yaxşı, siz deyən kimi olsun. – İblis məcburən razılaşdı. Bir müddət gözlədikdən sonra, üzünü Maykla döndərdi. İndi onun simasında qəribə, qorxu dolu bir gülüş vardı. Dodaqlarını aralayıb, cəhənnəm qədər isti nəfəsini baş mələyin üzünə üfürərək dedi:

- Amma əminəm ki, çox əyləncəli olacaq. – sözünü bitirib, kilsəyə baxmağa davam elədi. Uzun müddət bu mənzərəni izlədi. O qədər aludə olmuşdu ki, hətta Mayklın getdiyindən belə xəbəri olmadı...

                                                                        ***

     Döyülən qapı Ernestonu düşüncələrin əsarətindən qurtaranda, o üst-başını düzəldib, ayağa qalxdı və gecə vaxtı onu kimin narahat etdiyilə maraqlandı:

- Kimdir o?

- Mənəm, müqəddəs ata.- qapının arxasından boylanan Alexandro dedi. Onun simasından təlaşlı olduğu hiss olunurdu.

- Sən hələ indi qayıdırsan? Bu nə özbaşınalıqdır?

- Nə? – gənc rahib, təlaşlı baxışlarını onun üzünə zilləyib, soruşdu. Bəlli olurdu ki, sualı başa düşməyib.

- Dedim ki, kilsəyə hələ indi qayıdırsan?

- Y-yox. Çoxdan qayıtmışam. Sizinlə sabah görüşəcək və üzr istəyəcəkdim. Amma iş elə gətirdi ki, sizi belə gec vaxtda narahat eləməli oldum.

- Nəsə olub?

- Xəstənin halı pisləşmişdi. Ona baxmalı oldum.

- İndi necədir bəs?

- Yaxşıdır. Vəziyyəti normaldır.

- Tanrıya şükür. Sabah həkimin ardınca gedərsən. Sübh tezdən get ki, xəstəni qurtarmaq mümkün olsun. Bəs nə üçün yanıma gəlmisən?

- Mən onun xəstəliyinin nə olduğunu bilirəm.

- Nədir xəstəliyi?

     Gənc rahib tərləmiş alnını sildi, qurumuş dodaqlarını diliylə isladıb, iki dəfə udqunduqdan sonra, elə asta səslə dilləndi ki, elə bil boş otaqda onları izləyən kiminsə varlığından ehtiyat edirdi. Normal insan, onun bu zəif səslə nə demək istədiyini anlaya bilməzdi. Amma illərlə insanların kiçik, darısqal otaqda özlərinə belə deməyə çəkindikləri günahları dinləyən və onlara yol göstərən Ernestonun həssas qulağı onun nə dediyini aydın eşidirdi. Gənc rahibin dodaqlarından süzülən söz “Vəba” idi...

Signor Bayramlı Məhəmməd 

P.s.: Paylaşaraq dəstək ola bilərsiniz. Paylaşan hər kəsə indidən təşəkkür edirəm)