Nə olacağını bilə-bilə yaşayarsan bəzən günlərini . Bəzən isə olacaqlardan xəbərsiz açarsan gözünü hər səhərə. Xəyalların artıq ruhunu sara bilməz,ruhun xəyallarına qonaq ola bilməz. "Kitab olsa da vərəqləsəm ömrümü" deyərsən. Ən gözəl cümlələri ən gözəl günlərin yerinə qoyub əbədiləşdirmək gələr içindən. Özünü bir küncə qısıb ağlamaq istəyərsən. Bəzən də dünyaya sığmayan gülüşünlə hər yer özün imişsən kimi hiss edərsən. Sonra baxarsan ki,kitablara sığmayan həyatın, əbədiləşməyən gözəllikləri və unudulmayan gözyaşların var. "Kitab olsam, hərkəs başa düşməsə belə 1cə insan başa düşərdi məni ən azından" - deyərsən. Hər vərəqinə, hər sətrinə diqqətlə yanaşan biri olardı əlbət.

Sonra "kaş dəniz olsam" - deyirsən. Ama sadəcə sevgini və hönkürtüləri görən bir dəniz. Sahilimdə sevgi dolu insanların isti nəfəsləri olsa ancaq. Gözəl sözlər duysa dalğalarım. Sonra isə hönkürtülər duysam. Ayrılığın,həsrətin hönkürtülərini. Sularımda boğsam o hisləri, yuyub aparsam asanlıqla sahilimə düşən hər göz yaşını.

Olarmı ki? Hər şey bu qədər asan idimi? Ya gözə görünən asan olub, izləri dərinmiydi? Yoxsa sahilimdəki gözyaşları sularıma qarışıb məhv edəcəkdimi məni?

Bəlkə "kaş səma olsam" - deyə başlayım xəyallarıma? Hərkəsin baxdığı amma çox az hissəsinin anladığı. Məni anlayanların sirdaşı olsam gecələr. Sevgilərin hərf-hərf səmamda dolaşdığı, gözyaşının zülmətimə qarışdığı. Nə qədər dindirənim olardı görəsən? Bəs sonra? Sonra onlar da gedərmiydi, unudarmıydı məni?

 Yox, yox istəmirəm. Kitab olsam qədrimi bilməyənlərin ucbatından bir yol kənarında yandırılacağam. Dəniz olsam ah-nalədən bir gün quruyacağam. Səma olsam gözlər qapanan kimi unudulacağam. Bir kimsə də soruşmayacaq "Sənin də dərdin varmı?" - deyə. Istəmirəm, mən elə özüm olacağam. Özümü sevib, öz dərdimi özüm soruşacağam, yeri gəlsə bir noğula sevinib,  qızılgülə ağlayacağam...

Cəfərova Reyhan "Beta" komandası