2021-ci il, fevral. Bakı.  

O

, başdan-ayağa müəmmalı bir qadın idi. Baxışı, gülüşü, küçədə yeriyişi- ümumiyyətlə, hər şeyi insanda bir maraq oyadırdı. Şəhərin hər yanı onun gizli aşiqlərilə dolub daşırdı. Hər səhər evinin qabağını, günortalar isə iş yerini çiçəklərlə bəzəyən aşiqlərlə. Ancaq bunların heç biri onun üçün əhəmiyyətli deyildi. Çünki, onun həyatında istəyə biləcəyi ən son şey axmaq, qısqanc bir aşiq idi. Hətta şeytanın belə həsəd apardığı bu qadının başqa planları vardı. Heç kimə demədiyi planları...

     İsti çaydan bir qurtum içib, fincanı masanın üzərinə qoydu. Bir müddət fincandan havaya yüksələn dumanı izlədi. Gözü otağın küncündə solmağa üz tutmuş gül buketinə sataşanda, ayağa qalxdı və sakitcə ona doğru yaxınlaşdı. Döşəməni döyəcləyən dikdabanlarının səsi boş otaqda əks-səda verir, get-gedə daha ucadan eşidilən səs əsəblərini korlayırdı. Yazı masasından otağın küncünə çatana kimi ürəyində bir neçə dəfə dikdabanlarını lənətlədi. Gül buketini əlinə alanda əvvəlcə üstündəki kartı götürdü. Sonra büzüşmüş güllərin ləçəklərini qopardı və buketi yerə tulladı. Kartı əlinə alıb, pəncərəyə doğru addımladı. Hava çoxdan qaralmış, ay buludların arxasında görünməz olmuşdu. Şəhərin işıqları isə həmişəki kimi göz oxşayırdı. O, əlindəki kartı işığa doğru tutdu və ucadan oxumağa başladı:

- Səni tanıyana kimi Tanrıya qəzəbli idim. Bizə bu lazımsız dünyanı verib, cənnəti özünə saxladığı üçün. Amma səni görəndə başa düşdüm ki, əgər bir cənnət varsa, o da burada- dünyadadır. Çünki, sən şübhəsiz o cənnətdə yaşayan bir mələksən. Əgər qədim Yunanıstanda olsaydıq, onda dəqiq İlahə adlandırardım səni. Gözəllik ilahəsi...

     "Gözəllik ilahəsi? Cənnət?" deyib istehza ilə gülümsədi. Kartı əlində əzişdirib, döşəməyə - gül buketinin yanına tulladı. Uzun müddət səssizcə pəncərədən çölə boylandı. Sonra gözünü üfüqə zilləyib, öz-özünə dedi:

- Deməli, cənnət hə? Mən indi sizin "cənnətin"izi cəhənnəmə çevirim, siz də baxın...

       Ertəsi gün, saat 08:15...

     Nilufər tezdən oyanıb, adəti üzrə şirniyyat dükanına baş çəkdi. Dükanın sahibi orta boylu, kök, üzü təmiz qırxılmış, yeriyəndə bütün ağırlığını sağ ayağının üzərinə salan, qoca Yafe idi. O, hər səhər saat 7 olmamış dükanı açırdı. Bunu bilən Nilufər  hər gün eyni vaxtda onun yanına baş çəkir, sevdiyi şirniyyatlardan alırdı. Qoca, iki ildir daimi müştərisinə çevrilmiş bu qızı dükanında görəndə, onu digərləri kimi heyranlıqla izləyirdi. Nilufər isə uzun müddət vitrindəki şirniyyatlara baxır, sonda isə həmişəki sifarişini verirdi: Bir şirin qoğal, iki şəkərbura. Bu səhər də digərlərindən fərqli deyildi...

     Nilufər arxasındakı divardan Azərbaycan bayrağı asılmış kassaya doğru yaxınlaşanda, qoca Yafe gülümsəyərək dedi:

- Sabahınız xeyir. Gözəl gündür, hə?

- Salam.- laqeyd tərzdə cavab verdi.- Bilmirəm, bəlkə də. Mən qışı sevmirəm –deyib, ağzını əydi.

- Başa düşdüm. Nə istəyirdiniz?

- Bir qoğal, iki şəkərbura verərdiniz, zəhmət olmasa.

- Bu dəqiqə hazır edərəm. – deyib, əlinə kağız torba götürdü və vitrinə doğru yaxınlaşdı.

     Qoca, sifarişini hazır edənə kimi, o da ətrafa göz gəzdirdi. Dükan elə də böyük deyildi. İçəridə şirniyyatların qoyulduğu uzun şüşə vitrindən başqa, üzərində kassanın olduğu kiçik masa, bir də divara bərkidilmiş kitab rəfləri vardı. Dükana eyni anda üç nəfərdən artıq adam girə bilməzdi. Ancaq bu onun üçün əhəmiyyətli deyildi. Çünki, bu saatlarda elə də çox müştəri olmurdu. Rəflərdə bir neçə kulinariyaya aid kitab, dükanın reklamı üçün hazırlanmış bukletlər, bir də Tövrat vardı. Nilufərin maraqla Tövrata baxdığını görən Yafe, kağız torbanı ona uzadıb, gülümsəyərək dedi:

- Hə, yəhudiyəm.

- Lap yaxşı. – deyib, pulu ona uzatdı.

- Yaxşı ki, burada məni dinimə görə mühakimə edən yoxdur. Ona görə buranı sevirəm. Vətənimi sevirəm- Azərbaycanı.

- Əsas insan olmaqdır. Bizim üçün ən vacib amil budur.

     Yafe gülümsəyərək, başını razılıq əlaməti olaraq salladı və pulun qalığını qıza uzatdı. O, pulu götürdü və özünü gülümsəməyə məcbur edərək “Təşəkkür” deyib, dükandan ayrıldı. Torbadan qoğalı çıxarıb, bir dişlək aldı  və asta-asta səkidə addımlamağa başladı. İşıqfora çatanda, çənəsinin altına sürüşən maskanı burnuna kimi çəkdi. Yolu keçib, ticarət mərkəzinin qabağındakı polislərin yanından ötdü və yeyin addımlarla oradan uzaqlaşdı. Ətrafda heç kimin olmadığından əmin olan kimi, yarım qalan qoğalını yeməyə başladı. Bir müddət küçədə boş-boş gəzdikdən sonra, taksiyə mindi. Sürücüyə ünvanı dedikdən sonra, telefonunu çıxarıb, qulaqcığını taxdı və maşın yarım saat sonra dayanana kimi, musiqi dinlədi...

     Taksi köhnə beşmərtəbəli evlərin qabağında dayananda, yağış çisələməyə başladı. Nilufər, çantasını başının üstünə qaldırıb, binanın girişinə doğru qaçdı. Dəmir qapını açıb, içəri girdi. İslanmış saçına əl gəzdirib, pilləkənlə yuxarı çıxdı. Hər mərtəbədə iki mənzil vardı. Üçüncü mərtəbəyə çatanda, sağdakı mənzilin qabağında dayandı. Əlini qaldırıb, qapını döymək istəyirdi ki, qapının yarıaçıq olduğunu gördü. İçəri girib, ayaqqabısını çıxardı. Qaranlıq olduğu üçün, işığı yandırmaq istədi. Əlini divarda gəzdirib, güclə də olsa elektrik açarını tapdı və işığı yandırdı. Uzun, dar dəhliz birdən-birə aydınlandı. Asta addımlarla qıcırdayan döşəmənin üzərində irəlilədi. Əvvəlcə mətbəxə boylandı. Orada heç kimin olmadığını görəndə, qonaq otağına keçdi. Amma burada da heç kimi tapmadı. Görəsən, harada idi? Yataq otağına doğru addımladı. Ancaq, qapının kəndarına çatanda ayaq saxladı. İçəri girə bilməzdi. “Axı mənim onun yataq otağında nə işim var?” deyə düşündü. Boğazını arıtlayıb, astadan səsləndi:

- Nicat bəy.

     Səs gəlmədi. Bir müddət sakitcə gözləsə də, bir cavab gəlmədi. Buna görə də, yenidən səsləndi. Bu səfər daha ucadan:

- Nicat bəəəy.

     Amma yenə səs gəlmədi. Məcbur qalıb otağın qapısını açanda, qarşılaşdığı mənzərə heç də xoş deyildi: Nicat döşəmədə uzanmışdı və ürəyinə bıçaq sancılmışdı. Bunu görən qız, yerindəcə donub qaldı. Amma bu uzun çəkmədi. Qısa müddət sonra özünə gələn Nilufər, əvvəlcə onun yaşayıb-yaşamadığını öyrənmək istəsə də, dərhal da bu fikrindən əl çəkdi. Cəld qapıya doğru yönəldi. Ayaqqabısını tələm-tələsik geyinib, qaçaraq pilləkənlə aşağı endi. İkinci mərtəbəyə çatanda, cırıltıyla açılan qapı səsi eşitdi. Bu zaman daha da sürətləndi. Binadan özünü çölə atanda, az qala qapının ağzındakı cütlüklə toqquşacaqdı. Son anda özünü kənara çəkə bildi, amma bu əsnada qolu zərblə divara dəydi. Bunu görən kişi canıyananlıqla soruşdu:

- Yaxşısınız? Hər şey qaydasındadır?

     O isə səsini çıxarmadan, başını razılıq əlaməti olaraq yellədi və qolunu tutaraq, oradan uzaqlaşdı. Yağış indi daha şiddətli yağırdı. Amma bu səfər ondan qorunmağa çalışmayacaqdı. Çünki, indi daha böyük dərdi vardı. Nə eləməliydi? Nə edə bilərdi axı? Kimdənsə kömək istəməliydi. Amma kimdən? Sonra birdən onu xatırladı. Deyəsən, nömrəsi hələ də dururdu telefonunda. Cəld çantasını ələk-vələk elədi. Güclə də olsa telefonu tapıb, yandırdı. Nömrələrə sürətlə göz gəzdirdi. Qısa axtarışdan sonra istədiyinə nail oldu. Nömrəni yığıb, gözləməyə başladı. Ürəyindən “nə olar dəyişməmiş ol nömrəni” deyə dua elədi. Dəstəyin digər tərəfindən tanış səsi eşidəndə, sevinclə, az qala qışqıraraq dedi:

- Şükür ki, nömrəni dəyişməmisən. Qulaq as. Sənə ehtiyacım var. Köməyin lazımdır...

         1 saat sonra...

     Nilufər artıq yarım saat idi ki, kafedə oturub, öz xilaskarını gözləyirdi. O, buraya gəlib çatmaq üçün iyirmi dəqiqədən artıq yağışın altında, piyada yol getmişdi. İslanmış saçları hələ də qurumamışdı. Gödəkcəsinin qabağını bağlamadığı üçün islanan ağ köynəyi, bədəninə yapışır, altdan nə geyinibsə açıq-aşkar görünürdü. Buna görə də, içəri nə qədər isti olsa da, gödəkcəsini soyunmamışdı. Sakitcə bir küncə çəkilib oturmuş, gözünü də qapıya zilləmişdi. Dayanmadan yellədiyi ayağı hərdən stula dəyir və çıxan səsə görə içəridəki hamı dönüb, üzünə baxırdı. Amma o, buna əhəmiyyət vermirdi. Onun tək dərdi qonağının gecikmiş olması idi. Telefonu əlinə alıb, bir neçə dəfə nömrəni yığmağa cəhd eləsə də, sonradan bu fikrindən əl çəkmişdi. Çünki, bilirdi ki, əgər bezdirsə ona kömək etməkdən imtina edə bilər. Ona görə də səbr edərək gözləməli idi. Bəs nə qədər gözləməli idi? Bilmirdi. Səbri də tükənmək üzrə idi. Əlini telefona aparmaq istəyirdi ki, kafenin qapısı açıldı və gözlədiyi adam içəri daxil oldu. Cəld ayağa qalxıb, əl salladı ki, onu görə bilsin. Qonağının onu gördüyündən əmin olduqda yerinə oturdu. Oğlan, ona doğru yaxınlaşıb, üzündəki maskanı çıxardı və gülümsəyərək dedi:

- Deyəsən, bir balaca gecikdim, madmazel.

- Yaxşı ki, gəldin. Bilmirdim kimdən kömək istəyim.

- Nə olub? Niyə belə həyəcanlısan? Səni heç belə görməmişdim.

     Nilufər səhər başına gələnləri qısaca həmsöhbətinə nəql elədi. Sözünü bitirdikdə gözünü boşluğa zillədi və bir müddət səssizcə gözlədi. Sonra, təlaşlı baxışlarını həmsöhbətinə dikib, bir cavab gözlədi. Oğlan onu bir müddət süzdükdən sonra, dedi:

- Elə bu? Madmazel, əgər qətl törətməmisənsə qaçmaq üçün bir səbəbin yoxdur. Dediklərindən belə çıxır ki, sən sadəcə cəsədi tapan, məsum bir qadınsan. Əgər vaxtında polisə zəng eləsəydin, onda sənin üçün daha xeyirli olardı. Amma bunu eləmədin. Ona görə də indi polisin nəzərində şübhəlisən. Gedib polisə izahat verməlisən. Amma ondan əvvəl mənə səni qorxudan şeyin nə olduğunu deməlisən.

- Məni qorxudan? Təbii ki,- səsini alçaldaraq davam elədi- cinayətdir. Axı ömrümdə neçə dəfə cəsədlə üz-üzə qalmışam ki?

- Madmazel, qarşında oturan Atilla Səfərlidir. Bağça uşağı deyil. Ona görə də mənə variant gəlmə. Düzünü de görüm, niyə həyəcanlandın? Axı sən normalda soyuqqanlısan. Məndən gizlətdiyin nədir?

- Yaxşı. – uzun bir fasilədən sonra, dərin bir ah çəkərək dedi. – Danışaram. Səninlə düz dörd ildir tanışıq. Azdan-çoxdan bilirsən xasiyyətimi. İnsanlarla arama məsafə qoyuram. Keçmişdəki səhvlərim  təkrar olunmasın deyə. Ən çox da kişilərlə. Bir neçə dəfə evimə güllər göndəriblər. Əslində demək olar ki, hər gün. Üstündə də bir kart olur həmişə. “İltifat” dolu bir kart. Güllərin yarıdan çoxunu eyni adam göndərir: Nicat. Biz onunla eyni yerdə işləyirik. O da mənim kimi sənətşünasdır. Bizim müştərilərimizin əksəriyyəti varlı biznesmenlərdir. Ya özlərinə, ya da ki, heç nədən başı çıxmayan sevgililərinə aldıqları milyon dollarlıq rəsm əsərlərini, ya da ki qədim əlyazmaları bizə gətirir və həqiqi olub-olmadığını yoxlamağımızı istəyirlər. Nə isə. Bir müddətdir ki, Nicat mənə gül göndərir və hərdən şirkətdə yanıma yaxınlaşıb, məni narahat edirdi. Gah istədim müdirə şikayət edim, gah da istefa eləyim gedim. Amma ikisini də bacarmadım. Onun şirkətdə böyük nüfuzu vardı. Müdirə nəsə desəm güdaza gedən özüm olardım. İstefa eləsəm, onda çətin ki belə bir iş tapa biləydim. Son zamanlar onsuz da pandemiyaya görə hər yer bağlıdır. Məcbur işimə davam elədim. Çalışırdım ki, ona fikir verməyim. Amma özün də başa düşərsən ki, bu heç də asan deyil. Təzəlikcə öyrəndim ki, şirkətdə mənim kimi çox qızı belə narahat edib. Onlardan bəziləri istefa edib gedib. Bəziləri də məcburiyyətdən səslərini çıxarmadan işləməyə davam ediblər. Bunu biləndə dəli oldum. Dünən qərar verdim ki, bu gün onun yanına gedəcəm və ona dərs verəcəyəm. Amma heç nə istədiyim kimi olmadı. Düzdü, dərsini aldı, amma tamam fərqli üslubda.

- Yəni vicdan əzabı çəkirsən?

- Yox, təbii ki. Sadəcə, bunu digər qızlardan birinin edə biləcəyindən qorxuram. Mənə kömək elə.- əlini Atillanın əlinə uzadaraq dedi.

- Yaxşı, onda gedək cinayət yerini görək. Həm də sənin polislə olan məsələni həll edək. – Atilla cibindən telefonunu çıxardı. Nömrəni yığıb, cihazı qulağına tutdu. Qarşı tərəf dəstəyi açan kimi, gülərək dedi:

- Mon ami, köməyin lazımdır. Adamlarını yığ və dediyim yerə gəl. Yaxşı. Ünvanı mesajla göndərərəm.

     Atilla telefonu söndürəndə, Nilufər ayağa qalxdı. Hesabı ödəyib kafedən çıxanda, yağış hələ də yağırdı...

     Yarım saat sonra...

     Taksi hadisə yerinə çatanda polislər çoxdan gəlmişdilər. Atilla binanın girişində dayanan polislərə nəzər saldı. Tanış simanı görəndə gülümsəyərək, ona doğru yaxınlaşdı:

- Fazil, necəsən?

- Yaxşıyam siz necəsiniz?

- Yaxşı. Əmir buradadır?

- Bəli, yuxarıdadır.

- Yaxşı. Bu xanımın – başıyla Nilufərə işarə edib, dedi.- izahatını alarsan. Cəsədi ilk görən o olub. Amma qorxduğu üçün qaçıb gedib. Çalış ki, mülayim olasan.

- Baş üstə. Narahat olmayın.

     Fazil Nilufəri izahat verməsi üçün aparanda, Atilla astaca yuxarı çıxdı. Üçüncü mərtəbəyə çatanda, dostunu pilləkənin başında yaşlı bir qadınla danışan gördü. Təqribi 80 yaşında, qozbel, saçına xına qoysa da, kənarları ağarmış, üzünü qırış basmış bu qadın, gözünü qısaraq Əmirə baxır, arada bir quruyan dodaqlarını yalamaq üçün fasilə verməsini saymasaq, dayanmadan danışırdı. Atilla onların yanına çatıb, mülayim səslə salam verdikdə, dostu fürsətdən istifadə edərək canını qurtarmağa çalışdı:

- Harada qalmısan? Səni gözləyirəm bayaqdan. Bu Fəxriyyə xanımdır. Polisə o xəbər verib. Mən də indi onunla danışırdım.

- Deməli, vaxtında gəlmişəm. – gülümsəyərək dedi və üzünü Fəxriyyə xalaya dönərək, sözünə davam elədi.- Zəhmət olmasa, nə olduğunu mənə də danışa bilərsiniz?

- Danışım da. – qadın həmsöhbətini bir müddət süzdükdən sonra dedi. – Səhərləri məni yuxu tutmur. Ona görə də həmişə tezdən oyanıram. Bu səhər də 7 olmamış oyandım. Ev işlərini görəndən sonra, oturub televizora baxdım. Qoca arvadam. Day, bu yaşdan sonra çıxıb çöldə-bayırda gəzən deyiləm a. Nə isə. Sonra qəfil yadıma düşdü ki, bəs zibili atmamışam. Durub getdim mətbəxə. Yaxşı ki, tez yadıma düşdü e. Bir az da qalsa, zibilin iyi bütün evi basacaqdı. Torbanı götürüb, yavaş-yavaş qapıya tərəf getdim. Day ayaqlarım sözümə baxmır. Deyirəm Allah üzümə gülüb ki, zəlzələ falan olmur. Yoxsa bu ayaqla çətin çölə çıxa biləm. Bir də görərsiniz ki, divar üstümə uçub. İraq olsun, iraq olsun. – deyib, qulağını çəkdi. – Nə isə. Elə təzəcə qapını açmışdım ki, kiminsə qaça-qaça aşağı düşdüyünü gördüm. Zibil torbasını bura qoydum- deyib, əlilə qapısının kəndarını göstərdi. – Allah köməkləri olsun uşaqlar hər gün gedəndə mənim torbamı da zibil qabına atırlar. Sonra gördüm ki, bu Nicat balanın qapısı açıq qalıb. Bir istədim çəkim qapını örtüm, oğru zad girər. Sonra dedim yox. Birdən çıxmağa hazırlaşar falan. Ona görə açıq qoymuş olar. Dedim qoy bir bunu haylayım. Görüm cavab verirmi. Bir-iki dəfə adını çəkdim, amma gördüm ki, səs gəlmir. Mən də yavaşca içəri girdim. Nə qədər səslənsəm də, cavab verən olmadı. Mən də dedim birdən oğru zad girmiş olar, içəri baxım. Onsuz da bu gün varam, sabah yoxam, bala. Ölüb eləsəm dalımca ağlayan olmaz. Nə isə. Sözüm onda deyil. Keçdim içəri. Gördüm bu arxa evin qapısı açıqdı. Elə bir-iki addım atmışdım ki, yazığın yerdə uzandığını gördüm. Ürəyinə bıçaq soxulmuşdu. Tez gedib üstünə əyildim. Gördüm ki, ölüb. Tələm-tələsik çölə çıxdım. Elə bu vaxtı Niyaməddingili gördüm. Dedim polisi yığsınlar. Şəmsiyyə də sağ olsun, mənə su zad gətirdi. Siz gələnə kimi qeydimə qaldı.

- Ölən adam- Nicat. Necə adam idi?

- Vallah nə bilim? İmanımı yandıra bilmərəm. Yaxşı desəm, yaxşı deyil. Pis desəm pis. Düzü, adamayovuşmazın biriydi. Ölünün dalınca danışmazlar, amma olanı deyirəm.

- Başa düşürəm. – Atilla barmağındakı üzüyü fırladaraq dedi. – Bəs dünən evinə gələn olmuşdu? Görüb eləməmisiniz ki?

- Ay, bala. Belə pis çıxmasın, mən özün də görürsən ki, qoca arvadam. – qadın utana-utana dedi. – İşim yox, gücüm yox. Arada bir gecələri qapının ağzında, bir balaca kətilim var onu qoyub otururam. Tum çırtlayıram. Düzdü, yaxşı mənzərəsi yoxdu, amma neynim e? Balkonda oturmaq olmur. Həm hava soyuqdur, həm də ki, köhnə balkondur. Düşüb eləyərəm. Özümə heyfim gəlmir e. Altda qalana heyfim gəlir. Hər nə isə. Dünən gecə də oturmuşdum burda. Nicat axşam 8-dən tez evə gəlmir. Amma bu səfər niyəsə tez gəlmişdi. Necə gəldiyini görməmişəm. Bir onu gördüm ki, qapı açıldı və bir qız tələsik pilləkənə tərəf getdi.

- Üzünü gördünüz? Tanış biri idi?

- Yox, a bala. Gözüm zəifdi. Bir az gözləsə bəlkə görərdim, amma olmadı. Qız elə təzəcə pilləkəni düşürdü ki, Nicat məni görüb, salam verdi. Başım onunla söhbətə qarışdı deyə, qız yadımdan çıxdı. Huşum yoxdu a. Nicat evə girdi, mən də tum çırtlamağa davam elədim. Sonra evdən çıxdı, getdi harasa. Qayıdanda yanında bir qız vardı. Adı Sədaqət idi. Bir-iki dəfə gəlib bura. Oradan tanıyıram. Geyim-keciminə baxanda bayaqkı qıza oxşatdım. Yəqin elə o idi. Deyəsən, sevgilidirlər. Könlün almağa gedibmiş yəqin. Yanımdan keçəndə qız başıyla salam verdi. Sonra girdilər içəri. Hardasa bir saat falan heç nə olmadı. Bir saat sonra qız evdən çıxdı. Elə ondan bir az sonra da, bu Nicatın müdiri gəldi. Sərxan. Belə yaxşı uşaqdır. Adamla hal-əhval tutur hər dəfə gələndə. Elə dünən də məni görüb, yanıma yaxınlaşdı. Üzümdən öpüb, halımı soruşdu. Sonra da evə girdi. Amma çox qalmadı. Təxmini on dəqiqə falan qaldı. Çıxanda mənlə bir az söhbət elədi, səhhətimlə maraqlandı. Həkimə gedib-getmədiyimi soruşdu. Sonra da sağollaşıb, getdi. Saat gecə on birə az qalmış durdum yığışdım. Kətili içəri qoydum. Elə təzəcə qapını bağlamışdım ki, bir səs eşitdim. Kimsə pilləkənlə yuxarı çıxırdı. Bir az keçmiş, ayaq səsləri kəsildi. Nicatın qapısı döyüldü. Maraq güc gəldi, mən də qapının deşiyindən baxdım görüm kimdir. Gördüm bayaqkı qız- Sədaqət gəlib. Bir azdan qapı açıldı içəri girdi. Mən də getdim yatmağa.

- Məlumat üçün çox sağolun. Sizi daha da yormayaq. Nəsə sualımız olsa, sizinlə yenidən əlaqə saxlayarıq. – Əmir özünü gülümsəməyə məcbur edərək dedi.

     Qadın başını razılıq əlaməti olaraq tərpədib, asta addımlarla evinə girdi. Əmir cəld dostunun qoluna girib, Nicatın evinə keçdi. Qapının ağzındakı polislərin yanından ötən kimi, gözünü bərəldərək Atilladan soruşdu:

- De görüm, haradan bildin ki, burada adam öldürüblər?

- Bəs bilmirsən ki, mən gələcəyi görə bilirəm, mon ami? – Atilla laqeyd tərzdə cavab verdi. Əmirdən sıyrılıb, evi dolaşmağa başladı. Əvvəlcə cəsədin olduğu yataq otağına girdi. Meyit hələ də ortalıqda idi. Ekspertiza hələ gəlib çıxmamışdı. Ona görə də heç nəyi tərpətməməyə çalışırdılar. Atilla astaca cəsədə doğru yaxınlaşdı. Əvvəlcə ürəyinə sancılan bıçağa, sonra dırnaqlarına və biləklərinə baxdı. İçəri yayılan qoxu burnunu qıcıqlandıranda, cibindən dəsmal çıxarıb, ağzını və burnunu qapayaraq ayağa qalxdı, otağı tərk elədi.

- Bircə mənə qarşı belə kobudsan, deyəsən. – Əmir qonaq otağına keçəndə, dedi. – Bayaq qadının qabağında pişiyə dönmüşdün.

- Mon ami, özündən böyüklərə qarşı nəzakətli olmaq lazımdır. Etika bunu tələb edir. Hətta mən belə buna əməl edirəm. Təbii ki, həmişə yox.

- Mən həmişə nəzakətliyəm. Sadəcə, qadının çox danışması məni bir az əsəbiləşdirdi. Verdiyi məlumat beş cümlədən artıq deyil, amma bir kitab söz danışdı.  

- Bu adi haldır. Sən də o yaşa gəlib çat. Danışmağa bir adam olmasın ətrafında. Onda sən də qapının ağzında dayanıb, yoldan keçənlərlə söhbət eləmək üçün bəhanə axtararsan.

- Yaxşı. Etika dərsin bitdisə, cinayət barəsində danışaq? Əvvəlcə de görüm, bu cinayətdən necə xəbərin oldu? İlk dəfədir ki, mən səni yox, sən məni cəlb edirsən işə.

- Aşağıdakı qız sayəsində. – Atilla üzü dəhlizə baxan divanın arxasındakı divara yaxınlaşıb, diqqətlə baxdıqdan sonra dedi. – Nilufər. Köhnə tanışımdır. Həm də Nicatla eyni yerdə işləyir. Dediyinə görə səhər tezdən buraya gəlib. Cəsədi ilk görən odur. Amma qorxub, qaçıb gedib.

- Şahidlərin dediyi qadın odur onda.

- Şahidlər?

- Hə də. Bayaq danışdığımız Fəxriyyə xala. Bir də binanın girişində onu görən ər-arvad: Niyaməddin və Şəmsiyyə. Dedilər ki, az qala toqquşurmuşlar. Güclə özünü kənara çəkib. Amma qolu divara çırpılıb.

- Hə, bildim. – Atilla otaqda yavaş-yavaş gəzişməyə başladı. Masanın üstündəki külqabıya doğru əyildi. Küllərin arasından ucu yanmış bir kağız çıxarıb, ötəri nəzər saldı. Sonra boğazını arıtlayıb, sözünə davam elədi:

- Mənə zəng elədi və kömək istədi. Mən də razılaşdım.

- İlk dəfədir ki, səni belə asan razılaşan görürəm.

- Hər şeyin bir ilki var, mon ami. İlklərim arasında yer almadığın üçün təəssüflənmə. – deyib, gülümsədi.

- Yaxşı. Bu gün yaman zarafatcıl olmusan.- üzünü turşudaraq dedi.- Nə deyirsən? İşə yarayan nəsə var?

- Boğuşma izləri yoxdur. Bıçaq qəfil saplanıb. Nicat ya zərbənin gəldiyini görməyib, ya da görübsə də yayınmağa vaxtı olmayıb. Ya da...

- Ya da nə?

- Ya da yayınmağa çalışmayıb.

- Nə demək istəyirsən?

- Bilmirəm. Əmin deyiləm. Böyük ehtimal qüvvətli və qəfil zərbə endirilib. Ona görə də boğuşma olmayıb.

- Səncə, kişi endirib bu zərbəni? Qüvvətli dedin. Ona görə soruşuram.

- Mon ami, qadınlar zərif ola bilərlər. Amma zəif deyillər.

- Yaxşı, başqa nəsə var?

- Divardakı bu izi görürsən? - əlini divarın üzərində gəzdirərək dedi. – Nəsə asılıbmış. Amma indi yoxdur.

- Oğurluq olub deyirsən?

- Yəqin ki. Bir də bu kağız. – ovcunda tutduğu kağızı Əmirə uzadıb, dedi. – Ucu yansa da, üzərindəki yazı oxunaqlıdır.

- “İlahəm, gözəlim, Nilufərim. Sənin gülüşün qədər ecazkar olmasa da, bu gülləri bəyənəcəyini düşünürəm. Sənin Nicatın.” Bu sənin dostun deyil? Yəni sevgilidirlər?

- Yox. Sadəcə, qızın fanatlarından biridir.

- Bu kağız bizi birbaşa Nilufərə aparır. Bilirsən də yəqin. Qız Nicatı öldürüb, sonra da görüb ki, onun üçün kartlar hazırlayıb. Sonra da hamısını yandırıb ki, şübhələri özündən uzaqlaşdırsın.

- Yox, mon ami. Əksinə. Görürsən də, kağızın ucu yanıb. Əgər digərlərilə birlikdə yandırılsaydı, onda mütləq külə dönərdi. Amma bu ehtiyatla yandırılıb və küllərin arasına yerləşdirilib. Polisin nəzərinə çarpsın deyə.

- Onda sübut sayılmır da bu. Gərək rəfiqənlə də danışaq.

- O, indi Fazilin yanındadır. İzahat yazır.

- Yaxşı, onda buralıq işin qalmadısa, düşək yanlarına.

- Gedək.

      Atilla evdən çıxmamış mətbəxə baş çəkdi. Pəncərələr bağlı idi. Ətrafda bir yığın çirkli qab-qacaq vardı. Təkcə iki fincan yuyulmuşdu. Döşəmədə yağ ləkələri nəzərə çarpırdı. Atilla otağa son dəfə nəzər saldıqdan sonra Əmirlə birlikdə evi tərk elədi. Aşağı düşəndə, Fazil və Nilufəri binanın girişində gördülər. Əmir qızı görən kimi gülümsədi. Bunu görən Atilla narazılıqla başını yellədi və üzünü Nilufərə tutaraq dedi:

- Yaxşısan?

- Hə, indi yaxşıyam. – deyib, zorla gülümsədi.

- Adım Əmirdir. - əlini qıza uzadıb, gülümsəyərək dedi.

- Nilufər. – qız gözünü Atilladan çəkmədən, əlini ona uzadıb, dedi.

- Sən Nicatın evində olmusan da hə? – Atilla araya girərək dedi. Qız başını razılıq əlaməti olaraq tərpədəndə, sözünə davam elədi. – Qonaq otağında, divanın arxasında rəsm asılmışdı?

- Rə..rəsm? – gözünü qaçırıb, kəkələyərək dedi.  

- Hə. Divarda izləri var. Əgər məlumatınız varsa bizə deməlisiniz. Bu sizin xeyrinizə olar. – Əmir ciddi görkəm alaraq dedi.

- Vardı.

- Bahalı bir şey idi?

-Həm hə, həm də yox.

- Necə yəni?

- Üç ay qabaq Nicat məni yanına çağırdı. – Nilufər uzun bir fasilədən sonra, dərin bir ah çəkərək dedi. – Mənə tapdığı “xəzinəsini” göstərmək istəyirdi. Bu 16-cı əsr, italyan rəssam Sinyor Biacino Benedettinin əfsanəvi rəsmi idi: “Cənnət çiçəyi və ya Tanrının göz yaşları”. Əslində bu rəsmin varlığına heç kim inanmasa da, Nicat bunun orginal olduğunu düşünürdü. Rəsmin həqiqətən də Sinyor Benedettiyə aid olduğunu sübut eləmək üçün birlikdə işləməyi təklif elədi.

- Bu rəsm niyə bu qədər dəyərlidir ki? – Əmir maraqla soruşdu.

- Sinyor Benedetti, dövrünün ən məşhur rəssamlarından biri idi. Amma ölümündən sonra geriyə sadəcə 5 rəsm qalmışdı. Deyilənə görə, həyat yoldaşını gənc yaşlarında itirən rəssam onu əbədi yaşatmaq üçün bir rəsm çəkir. Rəsmin üzərində on beş il işləyir. Portret tamamlanda onu hamıdan gizlədir. Yəni ən azından qeydlərində belə deyir: “ O mənim ən gizli duyğularımın rənglərə bürünmüş halıdır. O mənim ilk və tək sevgimin yadigarıdır. Mən onu hamıdan gizlədirəm bu gecə. Heç kim tapa bilməyəcək onu. Bir daha heç kim ala bilməyəcək əlimdən. Tanrı bir dəfə qopardı onu məndən. Öz sirli cənnətinə apardı. Onu da digərləri kimi bir cənnət çiçəyinə çevirdi. Halbuki, o burada- mənim yanımda olanda daha gözəl, daha füsunkar idi. Cənnətdə soldu, boynunu bükdü. Bunu görən Tanrı göz yaşlarını axıtdı. Mən bunu sübh tezdən yağan yaz yağışından, onunla islanan torpağın əzab və həsrət qoxan qoxusundan anlayıram. Mən bu rəsmi çəkdim. Amma fırçanı tutan mənim yox, Tanrının əlləri idi. Ona görə də ilahi bir işıq göründü, rəsm tamamlandığı gecə zülmət qaranlığa qərq olmuş səmadan. Bu an o gözlərimə daha canlı, daha füsunkar göründü. O yenidən mənimlədir. Amma bu səfər icazə verə bilmərəm ki, onu kimsə əlimdən alsın. Yox. Bu bir də heç vaxt olmayacaq. Bunu heç kim edə bilməz. Hətta Tanrı belə”. Bir çox insan bu qeydlərin Sinyor Benedettiyə aid olmadığını, tanınmamış bir yazıçıya, ya da başqa bir rəssama məxsus olduğunu iddia edir. Ancaq Sinyorun əsərlərini və həyatını tədqiq edən ekspertlərin əksəriyyəti bunun məhz ona məxsus olduğunu təsdiqləyirlər. Amma bu günə kimi həmin rəsmi görən olmayıb. Ona görə də, həmin portretin dəyərini hesablamaq mümkün deyil. İtaliyanın milli sərvəti hesab edilə biləcək bir rəsmdir. Nicat buna görə də çox həyəcanlı idi. Onu necə əldə elədiyini, niyə evində saxladığını demədi mənə. Amma üzərində çalışmaq üçün məndən kömək istədi. Mən də razılaşdım. Amma son zamanlar bu çox da mümkün olmadı. Nicat rəsmi görən olmasın deyə onu gizləyirdi. Portretin üzərinə başqa bir rəsm ilişdirmişdi. Qonaq otağında divardan asırdı. Ona görə də, həmin rəsm həm dəyərli, həm də dəyərsizdir.

- Yəni bilən biri götürüb rəsmi. – Atilla dedi. – Bunu başqa kim bilirdi?

- Xəbərim yoxdur. Mənə heç nə deməmişdi.

- Başa düşdüm. Mon ami, - üzünü Əmirə dönüb dedi. – Dünənki qonaqlarla görüşməyə gedə bilərik?

- Hə. Ünvanlarını öyrənmişəm. – cibindən telefonu çıxarıb, mesajlara baxdı və sözünə davam elədi. – Sədaqət Əlisoy. 21 yaşı var. Mədəniyyət və İncəsənət Universitetində tələbədir. Sənətşünaslıqda oxuyur. Təcrübə üçün Nicatgilin şirkətində işə düzəlib.

- Bu vaxtı təcrübə? – Atilla soruşdu. – Tez deyil?

- CV göndərmişdi bizə. – Nilufər dedi. – Biz də işə uyğun olduğuna qərar verdik. Komissiyada mən də vardım. Üç aydır təcrübəçi kimi bizim şirkətdə işləyir. Yəni universitetdən göndərməyiblər. Ona hələ var.

- Yaxşı. Onda indi şirkətdə olmalıdır yəqin ki.

- Bizimkilər getmişdi şirkətə. Müdir oradadır. Amma Sədaqət axşamdan zəng edib icazə alıb və gələ bilməyəcəyini deyib. Halsız olduğunu bildirib.  

- Onda birbaşa evinə gedək.

     Atilla Əmirin maşınına doğru irəlilədi. Yağış kəsmişdi. Amma yer hələ də qurumamışdı. Maşına çatanda, Nilufər də onlara qoşulmaq istədiyini dedi. Əmir buna məmnuniyyətlə “Hə” deyərdi. Ancaq, istintaq vaxtı onun yanlarında olmasının doğru olmayacağını düşündü. Bu səbəblə də etiraz elədi. Qız bu vaxt üzünü Atillaya tutub dedi:

- Sən də buna qarşısan?

- Madmazel, mən sadəcə hərbi qanunlara tabeyəm. Ona görə də bu barədə nəsə deyə bilmərəm. İstəsən gələ bilərsən. Sərhəddə olsaq, bax onda sənə qadağa qoya bilərdim.

- Onda gələ bilərəm? Xahiş edirəm.

- Mon ami, nə deyirsən? – Əmirin tərəddüd elədiyini görüb, əlavə etdi. – Sədaqətlə danışarkən yanımızda bir qadının olması yaxşı olar, məncə.

- Yaxşı. Ancaq işimizə qarışmayın.

- Baş üstə. – Nilufər gülümsəyərək dedi.

     Atilla qızla birlikdə arxada oturanda, Əmir ekspertizanı gözləyən polislərə son göstərişlərini vermək üçün bir az ləngidi. Bu vaxt, xəfiyyə gözünü pəncərədən ayırmadan soruşdu:

- Belə dərs verməyi düşünürdün? Rəsmi oğurlayaraq?

- Necə? Ah, hə. Bağışla özümdə deyiləm.

- Başa düşürəm.

- Mən əslində rəsmi gizlincə götürüb, aparacaqdım. Bir müddət süründürüb, sonra geri qaytarmağı düşünürdüm. Amma indi deyirsən ki, rəsm də oğurlanıb. – Nilufər bir müddət susdu. Barmaqlarını dizinə döyəcləyərək düşünməyə başladı.  Sonra gözünü Atillaya zilləyib, dedi:

- Səncə, rəsmi oğurlayan əslində rəsmi tapan şəxs ola bilər?

- Ola bilər. Bunu qatili tutanda biləcəyik. İndi bunu düşünməyin zamanı deyil.

- Bəs indi nə zamanıdır?

- İndi yola düşmək zamanıdır. – Atilla maşına doğru yaxınlaşan Əmiri görüb dedi. – Sədaqət bizi gözləyir.

     Bir azdan “Porşe”nin köhnəlmiş təkərləri asfaltı ehtirasla öpəndə, maşının salonunda sükut hakim idi...

     Maşın təzə tikilən binalardan birinin qabağında dayananda saat ikiyə işləmişdi. Atilla barmağındakı üzüyü fırladaraq binanı seyr edəndə, Nilufər və Əmir çoxdan içəri girib, liftin qapısına çatmışdılar. Bir az sonra xəfiyyə də onlara qoşuldu və birlikdə yeddinci mərtəbəyə çıxdılar. Ünvanda yazılan mənzilin qabağında dayananda, Əmir əvvəlcə zəngə basdı. Aradan on saniyə keçməmiş qapını döydü. Əlini uzadıb yenidən zəngə basmaq istəyirdi ki, qapı açıldı və orta boylu, uzun saçları çiyinlərindən yaxasına süzülən, yumrusifət, baxışları heç nə ifadə etməyən bir qız onları süzüb, soyuq tərzdə soruşdu:

- Kim lazımdır?

- Sədaqət Əlisoy? – Əmir suala sualla cavab verdi.

- Bəli.

- Kapitan Rzaquliyev. – sənədini qıza təqdim edərək dedi. – Nicat Qəmbərovun qətli ilə əlaqədar bir neçə sual vermək istəyirdik.

- Qətl? Ölüb?

- Bəli. Əgər mümkünsə içəridə danışa bilərik? – Atilla gülümsəyərək dedi. O, gözünü qızın bir əzələsi belə tərpənməyən üzünə zilləmişdi. Qız kənara çəkilib qonaqlarına yol verəndə, onlar sakitcə qonaq otağına keçdilər. İçəridə iki kreslo, bir geniş divan, televizor və üzərində yarısı içilmiş çay stəkanı ilə bir neçə dərman qutusu olan jurnal stolu vardı. Sədaqət dərman qutusunu götürüb cibinə qoydu və kresloda oturaraq, qonaqlarına əyləşmələri üçün yer göstərdi.

- Buyurun.- hamı oturandan sonra ev sahibəsi monoton səs tembri ilə dedi. – Necə kömək edə bilərəm sizə?

- Dünən mərhum Nicat Qəmbərovun evinə getmişdiniz?

- Mərhum? – qız istehza ilə gülümsədi. Amma bu bir neçə saniyə davam elədi. Sonra üzü yenə ifadəsizləşdi. – Hə, getmişdim. Mən onun işlədiyi şirkətdə təcrübəçiyəm. Nilufər xanım bunu bilir onsuz da. – baxışlarını Atilla və Əmirin ortasında oturan qıza çevirib dedi. – Dünən məni evinə çağırdı. Guya bir neçə rəsmin dəqiq tarixini müəyyənləşdirmək üçün köməyimə ehtiyacı varmış. Mən də getdim. Axmaq kimi inanmışdım ona.

- Nəsə oldu? – Əmir qızın susduğunu görüb, dedi.

- Əvvəlcə bir neçə rəsm barəsində danışdıq. Sonra çay gətirməyə getdi bizə. Qayıdanda üzündə qəribə, murdar bir gülüş vardı. Əvvəlcə başa düşmədim. Amma bir az keçməmiş ağlından keçənləri bədənimdə hiss eləməyə başladım. Çay stəkanlarını masanın üzərinə qoyub, düz yanımda oturdu. Ayağını ayağıma sürtməyə başladı. Səsimi çıxarmadıqca daha da irəli getdi. Əlini dizimə qoydu. Sonra baldırıma doğru sürüşdürdü əlini. Murdar dodaqlarını mənə yaxınlaşdırmaq istəyirdi ki, ayağa qalxdım. Cəld çantamı və paltomu götürüb, otaqdan çıxmağa hazırlaşdım. Amma bu vaxt qəfildən şaqqanaq çəkib, güldü. Yerindən tərpənmədən mənə səsləndi. “Bu qədər axmaq olduğunu bilmirdim. Səncə, bu evdən çıxıb getsən hər şey düzələcək? Aramızda heç nə olmasa da, sabah bütün şirkət biləcək ki, sən mənimlə olmusan. Ən azından belə düşünəcəklər. Əgər yanımda qalsan, onda bir çarəsinə baxarıq. Getsən amma hamı səni pozğun biləcək” dedi. Mən buna dözə bilmədim. Bir saniyə belə onunla eyni evdə qala bilməzdim. Cəld oranı tərk elədim. Sonra da evimə gəldim.

- Bu gün işə buna görə getməmisən? – Nilufər canıyananlıqla soruşdu.

- Hə. – qız buz kimi soyuq baxışlarını onun üzünə zilləyib dedi. – düşündüm ki, hamıya demiş olar. Yalan da olsa, bu cürə xəbərlər insanın qəlbinə  şübhə salmağa kifayət edir. İnsanların ikrah dolu gülüşlərini görmək istəmədim. Amma siz deyirsiniz ki, ölüb. Deməli, yalanlarını da özüylə birlikdə qəbrə apardı. Qəribədir.

- Qonşu qadın dedi ki, siz Nicatla birlikdə gəlmisiniz binaya. – Atilla qəfildən söhbətə qoşuldu. – Düzdür?

- Hə. Bir neçə dəfə getmişdim evinə. Amma həmişə yolu unuduram. Ona görə də, məni götürmək üçün yaxınlıqdakı marketə kimi gəldi.

- Əvvəlki gəlişlərinizdə sizə qarşı belə hərəkəti olmamışdı ki?

- Yox. Düzü, buna vaxtı da olmurdu. Bundan qabaq nə vaxt gəlsəm, iyirmi dəqiqədən artıq oturmurdum. İşi həll edib, gedirdim. Bu səfər bir az çox oturmalı oldum. Onda da başıma bu gəldi.

- Bəs binaya girəndə qəribə nəsə görmədiniz ki?

- Yox. Heç nə görmədim. Amma... – nəyisə xatırlamağa çalışırmış kimi gicgahlarını ovuşdurdu və sifətini turşutdu. – Bir maşın vardı. Onu görəndə Nicat qəfil dayandı. Əlini gözünə apardı. Bir müddət diqqətlə baxdı. Sonra başını yelləyib, yoluna davam elədi.

- Maşının rəngini ya da nömrəsini xatırlamırsınız?

- Yox. Qaranlıqda fikir vermədim.

- Yaxşı. Bəs gedəndə kiminləsə qarşılaşdınız?

- Heç kimlə qabaqlaşmadım. Ətrafda heç kim yox idi.

- Başa düşdüm. – Atilla ayağa qalxaraq dedi. – Ümidvaram, tezliklə işinizə qayıdarsınız. Madmazel, siz gizləndikcə dünya daha gözəl bir yer olmayacaq. Əksinə daha da qorxunc olacaq. Ona görə də gizlənməyin. – üzünü Əmirə tutub dedi. – Gedək.

     Əmir və Nilufər səssiz-səmirsiz ayağa qalxdılar. Qonaq otağından çıxıb, qapıya doğru addımladılar. Dəmir qapını açıb, çölə çıxmağa hazırlaşırdılar ki, Sədaqətin səsini eşidib ayaq saxladılar:

- Qatili tutsanız, mənim adımdan təşəkkür edin.

     Üçü də bir-birinin üzünə baxdı. Amma heç biri bir kəlmə belə demədi. Sakitcə qapını örtüb, oradan uzaqlaşdılar...

         Bir neçə saat sonra...

- Sərxan Xəlilov. – Əmir Nicatın iş yerinə çatanda, telefonuna baxaraq dedi. – 46 yaşı var. Bizdə elə də tanıyan olmasa da, xaricdə məşhur adamdır. Beynəlxalq seminarlarda çıxış edir, ziyafətlərə gedir. Səfirlərlə, konsullarla arası yaxşıdır. Bir neçə ölkədən vətəndaşlıq təklifi alıb. Amma qəbul eləməyib. Ölkənin ən nüfuzlu banklarında külli miqdarda sərmayəsi var.

- Adamı tərifləməkdən ayrıca həzz alırsan deyəsən, mon ami.

- Nə göndəriblərsə onu oxuyuram, sadəcə.

- Yaxşı. Hansı otaqdır? – üzünü Nilufərə tutub, dedi. Qız əliylə dəhlizin sonunda soldakı otağı işarə edəndə, Atilla yeyin addımlarla oraya doğru irəlilədi.

     Otağın qapısı açıq idi. Sərxan masasının arxasında oturub, telefonla danışırdı. Əmirin içəri girdiyini görəndə, dəstəyi asdı və ayağa qalxaraq dedi:

- Buyurun.

- Kapitan Rzaquliyev. Əməkdaşlarımız səhər sizi görməyə gəlmişdi.

- Aha, bəli. Səhər ertədən özümə gələ bilmirəm. Nicat bəyin ölümü həm şirkətimiz, həm də Azərbaycan sənətşünaslığı üçün ağır itkidir. Çox savadlı, alicənab insan idi. Ümid edirəm, tezliklə qatilini taparsınız.

- Arxayın ola bilərsiniz. Qatil mütləq tapılacaq. Amma sizin də köməyiniz lazımdır.

- Buyurun. Nə lazımdırsa.

- Dünən mərhumu görməyə getmişdiniz?

- Hə. Getmişdim. Amma çox qalmadım. On-on beş dəqiqədən çox olmaz.

- Nə üçün getmişdiniz? Soruşmaq olar?

- İki həftə sonra Vyanada seminar keçiriləcək. Şirkəti onun təmsil etməsini təklif elədim. O da qəbul elədi. Təfərrüatları danışmaq üçün bu günə görüş təyin eləmişdik, amma qismət olmadı.

- Uçuşlara qadağa qoyulduğu bir vaxtda seminara necə gedəcəkdi? – bayaqdan səssizcə otağa nəzər salan Atilla soruşdu.

- Bunun üçün xüsusi icazə alınacaqdı. Əgər ölməsəydi.

- Hə, başa düşdüm. – Atilla otaqda gəzişərək dedi. Sərxanın otağı elə də böyük deyildi. Əslində müdirin otağının bundan böyük olacağını düşünmüşdü. Otaqda üzərində bir yığın kağız-kuğuz, telefon, kiçik bir qadın çantası və qələm qabı olan bəyaz bir masa, masanın qabağında iki stul və kiçik bir jurnal stolu, üzərindən qara bir palto asılmış asılqan xaric heç nə yox idi. Atilla yavaşca masaya yaxınlaşıb, kağız-kuğuza nəzər saldıqdan sonra, Sərxanı başdan-ayağa süzməyə başladı. O, orta boylu, çiyninə qədər gəlib çatan saçını rezinlə möhkəmcə bağlamış, keçisaqqal, danışarkən baxışlarını həmsöhbətinin əllərinə zilləyən bir adam idi. Əyninə geyindiyi qalın jaketin qollarını dirsəyinə qədər çirmələyib, kobud əllərini cins şalvarının dar cibinə salmışdı. Atillanın ona maraqla baxdığını görəndə, nəsə demək istəyirdi ki, bu zaman xəfiyyə onu qabaqladı:

- Axırıncı dəfə nə vaxt xaricə getmisiniz?

- Müharibədən bir az sonra.

- Haraya getmişdiniz?

- İsveçə.

- Yəni son zamanlarda xaricə getməmisiniz. Bəs ölkədaxili harasa getmisiniz?

- Yox. 3 aydır Bakıdayam.

- Başa düşdüm. Qəribə döyməniz var. – sol biləyindəki döyməni əliylə göstərib dedi. – Heç beləsini görməmişdim. Mənası nədir?

- Bilmirəm. – Sərxan jaketinin qollarını biləyinə qədər endirib dedi. – Müvəqqəti tatoolardandır. Sevgilim bunları çox sevir deyə məcburən biləyimə vurdum. Amma mənasını bilmirəm. İstəsəniz ondan öyrənib, sizə xəbər edərəm.

- Məmnun olaram. Yəqin onda çantanı da ona almısınız. – masanın üzərindəki qadın çantasını əlinə alıb, dedi.

- Hə. Gələn həftə ikinci ilimizi qeyd edirik. Sürpriz eləmək istədim.

- Anlayıram. Bir şey soruşum. Dünən Nicat bəyin evinə gedərkən, həyətdə kimisə gördünüz?

- Yox. Görmədim.

- Bəs qayıdarkən kiminləsə qarşılaşdınız?

- Həyətdə yox, amma blokda Fəxriyyə xalanı gördüm. Bir az söhbət elədik.  

- Hə, bunu artıq eşitmişik. Məncə, bu qədər bəsdir Əmir bəy. – üzünü dostuna çevirib dedi. – Sərxan bəyi də yormayaq. Lazım olsa yenə danışarıq sizinlə.

- Əlbəttə. Nə zaman istəsəniz.

- Tatoonun mənasını öyrənmək üçün gələcəyəm.

- Gözləyəcəyəm.

     Atilla Sərxanın əlini sıxıb, otaqdan çıxanda, Əmir də onu izlədi. Onlar dəhlizdə gözləyən Nilufərlə birlikdə binadan çıxıb, maşına yaxınlaşanda yağış yenidən çisələməyə başlamışdı...

           3 gün sonra...

     Buludların arasından süzülən zəif günəş şüaları Cəfər Cabbarlının heykəlinin üzərində bərq vuranda, Atilla əlində tutduğu torbadan bir alma çıxarıb, heykəlin yanında yerə çöməldi və yeməyə başladı. Maşını metronun qabağında saxlayan Əmir ona doğru yaxınlaşanda, torbanı yerə qoydu və içindən bir alma da onun üçün çıxarıb, əlində hazır saxladı. Dostu meyvəni əlinə alıb, o tərəf- bu tərəfinə baxdıqdan sonra, bir dişlək aldı və dedi:

- Bunu yumuşdun?

- Elə bil, bu sualı yeməmişdən qabaq verməliydin axı.

- Hər nə isə. Sənin alma sevdiyini bilmirdim.

- Çünki sevmirəm. Sadəcə məcburiyyətdən yeyirəm.

- Başına silah dirəyən birini görmürəm. Kim məcbur edir səni?

- Sağlamlıq, mon ami. Alma sağlamlıq üçün xeyirlidir deyirlər. Mən də məcburən yeyirəm.

- Hə. Bildim. – Əmir almasından böyük bir dişlək alıb, ətrafa boylandı. Bir-iki dəfə çeynəyib, udduqdan sonra dedi- Nilufər hələ gəlməyib?

- İndilərdə gələr.

- Hə. Lap yaxşı. Əslində bir az tez gəlsə yaxşı olardı. Sənin üzünü görməkdən bezdim.

- Qızdan belə çox xoşun gəlirsə, get ona hisslərindən danış. Danış, o da sənə rədd cavabı versin, ikimiz də dincələk.

- Ha ha ha. Deyirəm axı. Son zamanlar yaman zarafatcıl olmusan.

     Əmir yenicə sözünü bitirmişdi ki, Nilufər gəlib çıxdı. Atilla onu görüb, ayağa qalxdı. Qızla salamlaşdıqdan sonra, “Səməd Vurğun bağı”na doğru addımladılar. Parka çatana kimi heç kim bir kəlmə də danışmadı. Təkcə Əmir bir neçə dəqiqəlik onlardan geri qaldı və telefonuna gələn zəngə cavab verdi. Parka çatanda, boş skamyaların birində oturdular və bir müddət sakitcə ətrafa nəzər saldılar.

- Fazil zəng eləmişdi. – Əmir bir neçə dəqiqə sonra sükutu pozaraq dedi. – Deyir, Sərxan iki gündür ki, evindən çölə çıxmır. Bir də dedi ki, sənin tapşırığını yerinə yetirib. Hər şey təxmin elədiyin kimidir.

- Hə, lap yaxşı.

- Bizə də bəlkə deyəsən? Nə düşünürsən? Nəyi gözləyirsən? Gözləyirsən ki, Sərxan ya da Sədaqət qaçmağa çalışsın?

- Yox, mon ami. Sərxan artıq qaçıb. Fazilə mesaj at ki, evə girib baxsınlar. O, çoxdan qaçıb evdən.  

- Dəlisən? Bu ola bilməz.

- Fazilə de girsin evə. Beləcə, öyrənərik ki, evdədir ya yox.

     Əmir Atillanın dediyini elədi. Bir az sonra dostunun haqlı olduğu təsdiqlənəndə, telefonu hirslə skamyaya vurdu və dedi:

- Bəs indi neyləyək?

- İndi mən zəng eləməliyəm. – telefonu cibindən çıxardı və nömrəni yığdı. İkinci çağırışda dəstəyin digər tərəfindən kobud bir kişi səsi cavab verdi. Atilla səsi eşidəndə, gülümsəyərək dedi:

- Necəsən? Mən də yaxşıyam. Əlindədir? Yox, nə şübhə? Sağ ol. Xəcalətindən çıxaram. – deyib, telefonu söndürdü və cibinə geri qoydu. Əmir və Nilufərin maraq dolu baxışlarını üzərində hiss edib, boğazını arıtladı və sözə başladı:

- Sərxan. Tutuldu. Narahat olmağa dəyməz. Elə bir yerdədir ki, oradan qaçması imkansızdır. Ona görə də, başdan başlaya bilərik. Tələsən yerimiz yoxdur. Nicatın qonşusu dedi ki, Sədaqət və Sərxan o gecə “mərhum”u görməyə gəlmişdi. Ətrafda kamera olmadığı üçün, qadının sözlərinə inanmalıyıq. Əvvəlcə Sədaqət gəlib. O, bir saat qaldıqdan sonra gedib. Daha sonra isə Sərxan gəlib və on dəqiqə olmamış çıxıb. İlk ağla gələn budur ki, Nicatı Sədaqət öldürüb. Cinayət üçün lazımi motivə sahibdir: Namusunu qorumaq. Qadın, ona sataşan əclafı ürəyinə bıçaq saplayaraq öldürür. Ağlabatan fərziyyədir. Amma əsaslı deyil. Çünki, əgər Sədaqət onu öldürmüş olsaydı, bir deyil, bir neçə zərbə endirərdi. Hücuma məruz qalan qadın isteriyaya qapılıb, qarşısındakı şəxsə davamlı zərbələr endirər və özünü təhlükəsizlikdə hiss edənə kimi dayanmazdı. Amma Nicat tək və qüvvətli bir zərbəylə öldürülüb. Həmçinin, əgər qatil Sədaqət olsaydı, ondan sonra evə gələn Sərxan içəri girə bilməzdi. Bir təhər girsəydi də, cəsədlə qarşılaşar və dərhal özünü çölə atardı. Polisə zəng edərdi. Həm də ki, Sədaqət qatil ola bilməyəcək qədər gücsüzdür. Biz evə girəndə gizləməyə çalışdığı dərmanları gördünüz. Onu ayaqüstə saxlayan həmin dərmanlardır. O, kimisə öldürəcək gücə sahib deyil. Düzdür, istifadə etdiyi dərmanlar onu cinayətə sövq edə bilər. Amma o, buna qadir deyil. İndi isə keçək növbəti şübhəliyə: Sərxana. Nilufər dedi ki, Nicat üç ay qabaq “Cənnət çiçəyi və ya Tanrının göz yaşları” adlı rəsm əldə edib. Amma onu necə əldə etdiyini deməyib. Buradan məlum olur ki, onun bir ortağı var. Nicatın ölümüylə birlikdə rəsm də yoxa çıxdı. Belə çıxır ki, rəsmi alan və onu öldürən şəxs, gizli ortağıdır. O, rəsmi üç ay qabaq almışdı. Sərxanla danışanda dedi ki, axırıncı dəfə üç ay əvvəl xaricə gedib. Tarixlər uyğun gəlir. Deməli ortaq Sərxan imiş. O, Nicata həmin rəsmi tapıb gətirir ki, portretin orginal olub-olmadığını təsdiqləsin. Ancaq, Nicat portretin orginal olduğunu biləndə ortağına kələk gəlməyə çalışır. Yəqin gizlincə satışa çıxarıb rəsmi. Bunu öyrənən Sərxan qəzəblənir və onu öldürmək üçün plan qurur. Ortağına Bakıda olmayacağını deyir. Beləliklə, Nicat arxayın olur ki, ona mane olacaq heç kim yoxdur. Sərxan axşam hava qaralanda, həyətdə pusquda durur. Yadınızdadırsa Sədaqət demişdi ki, Nicat bir müddət hansısa maşına baxıb, amma sonra başını yelləyib və orada uzaqlaşıb. Həmin maşın Sərxana məxsus idi. Nicat onun Bakıda olmadığından əmin idi. Buna görə də, maşını görəndə əvvəlcə təəccübləndi, amma sonra bunun mümkün olmadığını düşündü və yoluna davam elədi. Axı o bilmirdi ki, ortağı onun kələyindən xəbərdardır. Həmin müddət ərzində Sərxan sakitcə maşında oturub, Nicatın tək qalacağı anı gözləyirdi. Bir saat sonra Sədaqət binadan çıxanda, bir müddət gözlədi və binaya daxil oldu. Pilləkənlə yuxarı çıxanda qapı açılan kimi hücum eləməyi düşünürdü yəqin ki. Amma qonşu qadının çöldə oturduğunu bilmirdi. Ona görə də, qadını görəndə planını bir az dəyişdirdi. Əvvəlcə qadınla mehribancasına salamlaşdı. Sonra qapını döydü. Nicat onu təəccüblə qarşıladı. İçəri keçəndə bir az söhbət elədilər və sonra qəfildən Sərxan bıçağı onun ürəyinə sancdı. Cəsədi yataq otağına apardı və ləngimədən evi tərk elədi. Sonra yaşlı qadınla uzun-uzadı söhbət elədi ki, polis soruşanda qadın onun içəridə çox qalmadığını təsdiq eləsin. Sərxanla danışanda işləri vardı deyə, evdən tez çıxdığını demişdi. Elə isə, niyə qonşu qadınla söhbət eləmək üçün dayandı? Bu təbii ki, alibisini qüvvətləndirmək üçün atılan bir addım idi. Bir az sonra qadından aralanıb, binanı tərk elədi. Amma rəsm evdə qalmışdı. Həm də ki, evə gələn sonuncu adam o idi. Bir az gözləsə, başqa biri gələ bilərdi. Ancaq işini şansa buraxmaq istəmədi. Bir az düşündükdən sonra, ağlına bir fikir gəldi. Qonşu qadının gözləri zəif görürdü. Bunu yaxşı bildiyi üçün, ondan öz xeyrinə istifadə elədi. Nicatın evinə tez-tez qadınlar gələrdi. Ondan bir az qabağa da Sədaqət gəlmişdi. Niyə də ondan sonra bir qadın daha gəlməsin ki? Əgər bir qadın daha gəlmiş olsa, onda şübhələr Sərxandan uzaqlaşacaqdı. Ona görə də yaxınlıqdakı mağazalardan birinə tələsdi və qadın çantası aldı. Bu çantanı biz onun ofisində görmüşdük. Fazilə tapşırdığım iş də bununla əlaqəli idi. Yaxınlıqdakı mağazalardan həmin gecə Sərxanın çanta alıb-almadığını öyrənməsini istəmişdim. Fazilin verdiyi cavab fərziyyələrimi təsdiqlədi. Nə isə. O, çantanı alır və qoluna taxıb, Nicatın evinə gedir. Sərxanın saçı uzundur. Saçlarını açıb, çantanı qoluna taxanda gözləri zəif olan Fəxriyyə xala onu qadına oxşadır. O, qapını döyür və ətrafda heç kimin olmadığından əmin olduqda bayaq evdən çıxanda götürdüyü açarla qapını açır, içəri girir. Bundan sonra yavaş-yavaş işini görür. Ətrafı təmizləyir. Boğuşma yaşanmadığı üçün, çox dağınıqlıq yox idi. Rəsmi tapır və ehtiyatla binanı tərk edir. Belə.

- Bəs, Sərxanı harada tutdular? Kim tutdu? – Əmir maraqla soruşdu.

- Sərxan gizlicə Xankəndinə gedəndə tutulub.

- Xankəndi? Ora niyə?

- Çünki, Sərxan gizlincə ölkəyə gətirdiyi hər tarixi əsəri işğal altındakı Qarabağdan keçirərək gətirirdi. Müharibə başlamamışdan qabaq da, “Cənnət çiçəyi”nin gətirilməsini planlamışdı. Amma müharibənin başlaması, Qarabağın işğaldan azad edilməsi onun işlərini korladı. Dekabrda əvvəlcə Rusiyaya, sonra oradan gizlincə Xankəndinə getdi. Rəsmi birbaşa Qarabağa gətirəcəklərini bilirdi. Sadəcə razılaşmaq üçün üz-üzə gəlməliydilər. Ona görə də, güclə də olsa Xankəndinə getdi. Daha sonra Azərbaycana qayıdanda, gizlin yollarla onu Bakıya gətirdi.

- Bunu haradan bilirsən?

- Axtaran tapır, mon ami. Ofisində olanda biləyindəki döyməni soruşdum. Xatırlayırsan? – Əmirin başını razılıq əlaməti olaraq yellədiyini görüb, sözünə davam elədi.- Onu əvvəllər də görmüşəm. Mən kəşfiyyatçı olanda, Xankəndinə girib bir yığın rəsmi sənəd ələ keçirmişdik. Bu sənədlərdə ermənilərin istifadə elədiyi möhür, həmin gün Sərxanın biləyində idi. Ola bilər ki, bu onların arasında bir şifrədir. Həmin işarəni biləyinə döymə edib və buna görə də o vaxtı işğal altındakı torpaqlarımıza rahatlıqla girib-çıxa bilirmiş. Bilmirəm. Bunu bizim uşaqlar öyrənərlər.

- Yəni o...

- Hə, mon ami. Elə bir yerdədir ki, oradan qaçması imkansızdır. Sərxanı bir neçə gün ərzində Bakıya gətirərlər. Polisə təhvil veriləndə, istədiyin sualı verərsən.

     Atilla ayağa qalxdı. Bir az gərnəşəndən sonra, üzünü Nilufərə tutub, dedi:

- Hə, madmazel. İstədiyin oldu? Razı qaldın?

- Təşəkkür edirəm. Hər şey üçün sağol.

- Mən heç nə eləmədim. De görüm, indi ürəyin rahatdır?

- Hə. Rahatdır. Xüsusən də, Nicat kimi, Sərxan kimi “insanlar”ın ucbatından günahsız qadınların mühakimə edilməyəcəyini biləndə daha rahat olur.

- Hə, e. – Əmir ayağa qalxıb, dedi. – Axı kim deyə bilərdi ki, Nicat kimi savadlı bir insan daxilən murdar bir əclaf ola bilər?

- Şərəfsizlik genetik pozğunluqdur, mon ami.- Atilla dedi.-  Onu təhsillə düzəltmək olmaz.

- Hə, düz deyirsən. Üzr istəyirəm. – Əmir telefonunu skamyadan götürüb, gələn zəngə cavab verdi. Bir az sonra telefonu söndürüb, dedi- Mən getməliyəm. Bölmədən çağırırlar məni. Sonra görüşərik.

     Əmirlə sağollaşdıqdan sonra Nilufərin yanında oturan Atilla, torbadan bir alma çıxarıb, səmaya tutdu və dedi:

- Hə, Erida. Səncə, bu alma gözəldir?

- Erida? Mənəm o?

- Görəsən, niyə belədir? Alma bir çox əfsanədə insanları bədbəxtliyə düçar edən bir meyvə kimi göstərilir. – Atilla suala cavab vermədən dedi. – Bir əfsanədə Adəm və Həvvanın alma yeyib, cənnətdən qovulduğunu deyirlər. Təbii ki, biz onu buğda ilə əvəz eləyirik: “Buğda yeyib cənnətdən çıxmısan”. Yunan mifologiyası da almaya qərəzli yanaşır. Eridayla bağlı əfsanəyə görə. Mən bu əfsanəni sənlə tanış olanda oxumuşdum. Yadındadırsa biz tanış olanda sənin bir rəfiqən vardı. Elvira. Adı belə idi hə. O, bir gün məni kənara çəkdi və səninlə dost olmağın mənə ziyandan başqa bir şey bəxş eləməyəcəyini dedi. Şairanə danışmışdı. – deyib, gülümsədi. – Nə isə. O, mənə sənin yunan mifologiyasındakı Erida olduğunu dedi. Söhbətimiz qısa oldu. Mən də Erida nədir, kimdir deyə maraqlandım. Bu əfsanəni də onda öyrəndim. “Gecə ilahəsi Niksin qızı, müharibə Tanrısı Aresin bacısı, yaranan ilk Tanrılardan Gecə ilahəsi Niksin qızı, müharibə Tanrısı Aresin bacısı, Xaosun nəvəsi, aclığın, mübahisənin, cinayətin ilahəsi Erida. Fetida və Peleyin Peliondakı möhtəşəm toyuna Olimpin bütün ilahları çağırılır. Təkcə Eridanı çağırmırlar. O da intiqam almaq üçün, məclisdə şənlənənlərin arasına "gözəllər gözəlinə" yazılmış bir alma atır. Onu əldə etmək üçün Hera, Afina və Afrodita arasında qızğın mübahisə düşür. Bunu görən Tanrıların Tanrısı Zevs, Hermesə onları İdaya aparmasını və “gözəllər gözəlini” oradakı bir çobanın seçməsini tapşırır. Həmin çoban çar Priamın oğlu Paris olur. İlahələr “Gözəllər gözəli” ola bilmək üçün Parisə vədlər verməyə başlayırlar. Hera ona səltənət, Afina ona güc-qüdrət, Afrodita isə dünyanın ən gözəl qızını – Elenanı, yəni məhəbbət vəd edir. Paris də Afroditanı qalib seçir və sonrasında Troya müharibəsi başlayır.” – Atilla sözünü tamamlayıb, almanı dişlədi.

- Nə demək istəyirsən?

- Yəni, madmazel. Sən böyük Xaosun nəvəsi Eridasan və mən bunu yaxşı bilirəm... Cinayət yerində cəsədə baxanda qəribə bir qoxu gəldiyini hiss eləmişdim. Zəhərlənmiş ola biləcəyindən şübhələndim. Mətbəxdə bir yığın çirkli qab-qacaq vardı. Amma təkcə iki fincan yuyulmuşdu. Bu da sübut edirdi ki, zəhərin izlərini silməyə çalışıblar. Sonra sənin mənə dediyin söz yadıma düşdü. “Dərs vermək”. Ancaq necə dərs verəcəyini deməmişdin. Otaqdan rəsmin oğurlandığını sənə deyəndə, bir anlıq duruxdun. Rəsmin cinayətlə əlaqəsiz olduğunu düşünürdün. Mən bunun sənin “Dərs vermə” metodun olduğunu deyəndə, qısa bir tərəddüddən sonra təsdiqlədin. Onda başa düşdüm ki, yalan deyirsən. Yalan danışdığından əmin olduqda, həqiqətdə nə baş verdiyini anlamaq elə də çətin olmadı. Qonşu qadın verdiyi izahatda dedi ki, Nicat evə 8-dən tez gəlmirdi. Amma həmin gün tez gəlibmiş və yanından bir qadın çıxıb gedib. Gözü yaxşı görmədiyi üçün bunun Sədaqət olduğunu düşünüb. Amma bu əslində sən idin. Nicata bir dərs vermək istəyirdin. Əbədi bir dərs. Onunla “Cənnət çiçəyi” portretinin üzərində işləmək üçün evinə gedəcəyini bilirdin. Buna görə də özünlə zəhər apardın. Zəhərin izlərini silmək istədiyin üçün getməmiş fincanları yudun. Əslində yumasaydın, daha az nəzərə çarpardı. Nə isə. Sən evdən çıxanda pusquda duran Sərxan səni görmüşdü. O, Nicatın ürəyinə bıçaq sancanda, Nicat onsuz da yavaş-yavaş ölməyə başlamışdı. Buna görə də bıçaqdan yayınmağa çalışmadı. Çünki, bunu bacaracaq gücü yox idi. Sərxan cinayəti törədəndən sonra özünü qadın kimi qələmə verəndə, əslində günahı sənin üstünə atmağı düşünürdü. Çünki, elə bilirdi ki, Fəxriyyə xala sənin də o gecə Nicatı görməyə getdiyini deyəcək. Sənin portretdən xəbərin vardı deyə, polisin nəzərində ideal qatil olacaqdın. Evdə sənin adına yazılmış kartlar vardı. Onları yandırıb, içlərindən birini salamat saxladı və küllərin arasında gizlədi. Şübhələri sənin üstünə çəkmək üçün. Sən isə səhər hər şeydən xəbərsiz Nicatın evinə getdin. Düşünürdün ki, zəhər onu yavaş-yavaş öldürmüş olacaq. Zəhər də böyük ehtimalla müayinə zamanı bəlli olmayanlardan idi. Beləliklə, sən təbii yollarla ölən həmkarını tapan, şoka girmiş bir qadın kimi görünəcəkdin. Amma onu yataq otağında, ürəyinə bıçaq sancılmış formada tapanda, bir anda təşvişə düşdün. Çünki, bunu gözləmirdin. Ona görə qaçdın evdən. Ona görə mənə zəng elədin. Düz demirəm, madmazel?

- Düz deyirsən, Atilla. – Nilufər, dərin bir nəfəs alıb, gülümsəyərək dedi. – Nə etmək olar? Xaosu sevirəm. Bəlkə də dediyin kimi, Eridayam mən. Amma bu səfər elədiklərimin səbəbi xaos yaratmaq deyildi. Bu səfər həqiqətən də, bir əclafı, şərəfsizi cəzalandırmaq istədim. Əgər yaşasa, onda yüzlərlə qadının həyatını korlayacaqdı. Sədaqət kimi neçə qadın onun qurbanı olacaqdı. Bəlkə də, Nicat ölməsə, dediyi kimi şayiə yayacaqdı. İnsanların üzünə baxmağa çəkinən Sədaqət özünü öldürəcəkdi bəlkə də. Şükür ki, belə olmadı. Əgər məni günahkar bilirsənsə, onda razıyam. Get polisə de ki, qatil Nilufərdir. Nilufər Orucovadır de ki, rahat tapsınlar. Mənimçün artıq fərqi yoxdur.

     Atilla ayağa qalxdı. Almadan bir dişlək də aldı. Üzünü Nilufərə tutub, gülümsəyərək dedi:

- Madmazel, bu dünyada Nicatların, Sərxanların nəsli tükənməz. Qırmızı kitaba salınmayıblar ki, “axırıncısını da öldürdüm cəmiyyət təmizləndi” deyəsən. Cinayət bəlkə də səni bu gün Nicatdan qorudu. Amma sabah başqa bir Nicatla qarşılaşmayacağına zəmanət verə bilmərsən. İnsan öldürmək asandır. Ancaq, onun yükünü bir ömür qəlbində daşımaq əsl işgəncədir. Bu yükə müxtəlif adlar verilib: qorxu, panika və ya ədəbi dillə desək, vicdan əzabı. Vicdan əzabı səni bir ömür təqib edər və yaşadığın hər gün, hər saat, hər saniyə istifadə elədiyin zəhər kimi səni asta-asta öldürər. Buna nə qədər dözə bilərsən, orasını bilmirəm. O ki, qaldı günahkara, mənim bu əhvalatı ikinci dəfə danışmağa halım yoxdur. Qoy Əmir eşitmədiyi üçün bəxtinə küssün. Həm də ki, mənim işim Nicatın ürəyinə bıçağı sancanı tapmaq idi, tapdım. Yerdə qalanı mənlik deyil. Bir də ki..- Atilla əlindəki almanı skamyanın yanındakı zibil qutusuna atdı və gülümsəyərək dedi- Mənim almadan zəhləm gedir. Ona görə də almalı söhbətlərdən də, alma ilə əlaqəsi olanlardan da uzaq dururam. Xüsusən də - şəhadət barmağını Nilufərə tuşlayıb, dedi. – Eridadan. Au revoir, mademoiselle.

     Atilla Nilufərlə sağollaşdıqdan sonra, heykəlin yanından keçib, sola döndü və sahilə doğru addımladı. Nilufər isə parkdakı skamyada bir müddət oturdu və səmanı seyr elədi. Buludların rəngi get-gedə dəyişirdi. Deyəsən, yağış yağacaqdı. Yanındakı torbanı açdı və içində qalan sonuncu almanı götürdü. Bir dişlək alıb, ayağa qalxdı. Asta addımlarla metroya doğru addımladı. Yolboyu insanlar getdikləri istiqamətdən asılı olmayaraq ona baxırdılar. O isə almasını yeyir, azadlıq və rütubət qoxan havanı ciyərlərinə çəkərək öz yolunda irəliləyirdi. Dəyişən heç nə yox idi. O yenə həmişəki, füsunkar, müəmmalı qadın idi. Bir az sonra yağacaq olan yağış isə, onu daha da əsrarəngiz edəcəkdi...

Signor Bayramlı Məhəmməd.

Bakı. 04-08 may 2021-ci il.