1943-cü il, Osvensim- Polşa...

Y

ağış get- gedə daha şiddətli yağırdı. Səmaya baxanda zülmətdən başqa heç nə gözə dəymirdi. Ayaqlarının altındakı torpağın necə palçığa döndüyünü hiss eləsələr də, heç nə edə bilmirdilər. Ya işləməyə davam edəcəkdilər və ayaqları palçığa bulaşacaqdı, ya da ki, etiraz edib, əbədiyyən soyuq torpağa qarışacaqdılar. Əksər hallarda ölümün bu işgəncədən daha yaxşı olduğunu düşünsələr də, silahın soyuq lüləsini boyunlarında hiss edən kimi, bu fikirdən əl çəkirdilər. Necə deyərlər, can şirin şeydir...

     Levi başını qaldırıb dərin bir nəfəs aldıqda, biixtiyar yağış damlalarını içinə çəkdi. Ağzında qəribə bir tam buraxan suyu tüpürmək istəyirdi ki, onlara nəzarət edən əsgərlərdən biri, onu bu əziyyətdən qurtardı. Silahın qundağı ilə böyrəyinin üstündən necə vurdusa, Levi bayaq udduğu yağış damlalarını, qanla birgə torpağa qusdu. Əsgər ona baxıb, gülümsəyərək cibindən siqaret çıxardı. Yaxınlıqdakı çardağa tələsib, siqareti damağına qoydu və üstündə nasist xaçı həkk olunmuş alışqanını axtarmağa başladı. Ancaq tapa bilmirdi. Uzun müddət axtardıqdan sonra, xatırladı ki, zabitlər görməsin deyə alışqanı çəkməsində gizləyib. İslanmış çəkməsini çıxarıb silkələyəndə, alışqan yerə düşdü. Əyilib götürmək istəyirdi ki, kiminsə alışqanı ayaqladığını gördü. Başını qaldırıb baxmağa macal tapmamış, zabitin təpiyi onu yerə sərdi. Aldığı zərbəylə yerə yıxılan əsgər zarıldamağa başlayanda, ölüm mələyi kimi başının üstünü kəsdirən polkovnik amiranə səslə dedi:

- Ağılsız küçük! Səni bura dustaqlara nəzarət edəsən deyə qoymuşuq. Sən siqaret dərdinə düşmüsən?

- Mən...- əsgər qanayan dodağını qoluna silib, özünə bəraət qazandırmağa çalışırdı ki, polkovnik onun sözünü yarıda qoydu:

- Kəs! Tez ol ayağa qalx! - əsgər tələsik ayağa qalxıb, üst-başını düzəldəndə başıyla dustaqlara işarə edib, soruşdu- Aralarında qaçmağa cəhd edən olub?

- Yox, herr Şmidt.

- Yaxşı. Digərlərinə də de ki, ehtiyatlı olsunlar. Dustaqları iki gündən artıq yan-yana qoymayın. Nəzarət edin ki, bir-birilərilə ünsiyyət qura bilməsinlər. Hərbi əsirləri digərlərindən ayrı saxlayın. Lazım olsa daha ağır işlərə cəlb edin. Aralarından heç biri digərini “Auşvitz”dən qaçmaq üçün plan quracaq qədər uzun tanımamalıdır. Başa düşdün?

- Ja, herr oberst. - əsgər ayağını zərblə yerə döyərək dedi.

- Hə, bir də- polkovnik Şmidt çardaqdan uzaqlaşanda qəfil geri dönərək dedi. – Cəld maşına min və həkim Doroti Mayeri qarşılamağa get. İndiyə çoxdan Varşavaya çatmış olar. Führerin xüsusi təlimatı ilə Berlindən göndərilib. Ona görə də həddən artıq nəzakətli olmalısan. Başa düşürsən də nə demək istəyirəm, elə deyil? Edəcəyin cuzi bir səhv həm səni, həm də məni ölümə apara bilər.

- Ja, başa düşdüm, herr oberst.- əsgər udqunaraq dedi-  Narahat olmayın.

     Bastian Şmidt əsgərin təlimatlarını anladığından əmin olub çardaqdan uzaqlaşanda, Levi başını qaldırıb ayın qabağını örtən qara buludlara baxırdı. Buraya gəldiyi gündən bəri xoş bir gün görməmişdi. Hər günü buludlu, yağışlı keçirdi. Düzü, son zamanlar buna öyrəşmiş kimiydi. Nə də olsa, iki aydır burada yaşayırdı. Əslində buna yaşamaq demək, axmaqlıq idi. Hər səhər tezdən ( əslində o səhər və axşam arasındakı fərqi çoxdan unutmuşdu. “Auşvitz”də günün hər saatı dumanlı və əzab-əziyyəti tərənnüm edən nalə və fəryadlarla dolu idi.) axşam heydən düşənə kimi işləyir, quru çörək və bir qurtum su üçün yalvarırdı. Gecə yarısı soyuq döşəmədə uzanıb, uzaq Paris küçələrini düşünmək onu həyata tutunmağa məcbur eləsə də, ruhunu sarmaşıq kimi saran ölüm arzusu onu gündən-günə daha acınacaqlı vəziyyətə salırdı. Bir vaxtlar daş döşənmiş yollarında başıdik gəzdiyi qocaman şəhərin dumanlı xatirəsi ona həm xoşbəxtlik, həm də dərin kədər bəxş edirdi. Bir daha oranı görə bilməyəcəyini düşündükcə, həm Hitlerə, həm də ona belə bir tale yazan Tanrıya söyüşlər yağdırırdı. Axı o niyə yəhudi doğulmuşdu? Bir zamanlar bununla qürur duysa da, indi sadəcə təəssüf edə bilirdi. “Təəssüf”... Necə də mənasız bir sözdür. İnsanların etdikləri səhvlərin üstünü örtmək üçün uydurduqları sözlərdən biri... “Ana, səni bu yaşında tək yaşamağa məcbur elədiyim üçün təəssüf edirəm.”, “Qızım sənə istədiyin oyuncağı ala bilmədim. Təəssüf edirəm ki, belə alındı. Ancaq mütləq onu sənə alacağam” və s. Amma həyatı boyunca qarşılaşdığı “Təəssüf”lü cümlələrin içində onu ən çox incidən, Parisdəki evindən zorla çıxarılarkən ən yaxın dostunun qurduğu cümləydi:

- Çox təəssüf edirəm. Belə olsun istəməzdim. Amma özün də yaxşı bilirsən ki, mənim 3 qızım, bir yaşlı anam və bir də hamilə həyat yoldaşım var. Əgər səni satmasam, ailəm üçün təhlükə yarana bilərdi. Mən... mən sadəcə bacarmazdım. Ailəmi riskə ata bilməzdim. Təəssüf edirəm.

- “Təəssüf edirəm” – sürgün ediləndən bəri Levi, soyuq döşəmədə uzanıb gözünü qaranlığa zilləyərək, hər gecə öz-özünə deyirdi. – Görəsən, gözünün qabağında 3 yaşlı qızımı güllələyəndə də “təəssüf” edə bildimi? Ya da arvadımı- füsunkar İlanamı, hələ bığ yeri tərləməmiş alman əsgəri zorlamağa çalışanda da o lənətə gəlmiş “Təəssüf”ü dilinə gətirə bildimi? Mən qollarımı möhkəmcə tutan əsgərlərdən sıyrılıb, arvadımı qurtarmağa çalışanda o, belindəki silaha sarılıb olan bitəni izləməklə kifayətlənəndə inanmıram ki, “Təəssüf” etmiş olsun. Əclaf!..

- Ey, işinə davam elə! - əsgər silahın qundağı ilə Levini dürtərək, dedi. O, gözünü buludlardan çəkib, uzun bir müddət key-key əsgərin üzünə baxdı. Elə bil, dediklərini başa düşmürdü. İki ay əvvəl düşərgəyə gətiriləndə də eynilə belə idi. Ətrafındakılara iyrənərək baxır, nə əsgərlərin, nə də ki, dustaqların dediklərindən heç nə anlamırdı. Təzə gələndə onun yanında yatan bir Belçikalı vardı. Oğlanı necə döymüşdülərsə, üzünə baxmağa adamın ürəyi gəlmirdi. Sifətində təkcə çənəsi salamat qalmışdı. Ona görə də hər dəfə danışanda, çənəsinə baxırdı. Oğlan həm fransız, həm də alman dilini bildiyi üçün, elə də çətinlik çəkmirdi. Leviyə də bir neçə söz öyrətməyə çalışdı ki, ən azından boş yerə döyülməsin. Əsasən, “Çəkil”, “İşini gör”, “Yemək vaxtıdır”, “Əllərini yuxarı qaldır”, “Öz aranızda danışmayın” kimi, əsgərlərin gündəlik işlətdikləri ifadələri öyrədirdi. Levi uşaqlıqdan bəri dil öyrənməyə meylli olduğu üçün, oğlanın dediklərini tez qavrayır, hətta bəzən əsgərlərin öz aralarında danışdıqlarını da dinləyirdi ki, bəlkə nəsə öyrənər. Keçən iki ay ərzində xeyli söz öyrənmiş, az da olsa almanca danışmağa başlamışdı. Amma yenə də bəzi sözləri anlamaqda çətinlik çəkirdi. Xüsusilə də, fikirli olanda...

- Eşitmirsən, işinə davam elə dedim! – Əsgər səsinin tonunu bir az da qaldıraraq dedi.

- Yaxşı, işləyirəm. – deyə özünə gələn Levi dedi. Elə yenicə işə başlamışdı ki, həyəcan siqnalını eşidən əsgərlər cəld dustaqların ətrafını çevrələyib, onları yerə yatmağa məcbur elədilər. Təqribən yarım saat belə qaldılar. Levi başını qaldırmadan ətrafa nəzər salır, nə olduğunu anlamağa çalışırdı. Amma heç nə başa düşmürdü. Adətən həyəcan siqnalı hava hücumundan qorunmaq üçün verilirdi. Belə olanda da, dustaqları ya zirzəmiyə, ya da ki, ən yaxın tikiliyə aparırdılar. Onların həyatda qalması üçün heç kim narahat olmurdu, əlsində. Çünki, əvvəl-axır hamısı öldürüləcəkdi. Amma bu səfərki, fərqli idi. Əsgərlər yerlərindən tərpənmirdilər. Təkcə polkovnik Şmidt və adamları əl-ayağa düşmüşdü. Yarım saatlıq qaçaqaçdan sonra, Bastian Şmidt dustaqların qabağında dayanıb, dayanmadan yağan yağışdan qorunmaq üçün gözünü qıyaraq dedi:

- Ayağa qalxın! Bu gün iki dustaq düşərgədən qaçmağa cəhd elədi. İkisi də indiyə Tanrının hüzuruna çıxmış olar. Əgər siz də, təyin edilən vaxtdan əvvəl ölüm mələyinin siyahısına daxil olmaq istəmirsinizsə, sakitcə sizə deyilənləri edin. Qaçmağa cəhd edənlər, ən ağır formada cəzalandırılacaqlar. Bu günlük işiniz bu qədər. Dustaqları kameralarına aparın. – deyə əsgərlərə göstəriş verdikdən sonra, cəld əsas binaya doğru addımladı.

     Levi onu belə görəndə özünü gülməkdən güclə saxladı. Özünü Tanrı kimi aparan bu sarsağa dərsini verən tapılmışdı. Axı o özünü nə zənn edirdi? Tanrı? Bəlkə şeytan? Bura nə cənnətdir, nə də ki, cəhənnəm. Bura insan övladının yaratdığı bir qəfəsdir sadəcə. Əlbəttə ki, buradan qaçmaq mümkündür. Bunu polkovnik özü də yaxşı bilirdi. Amma özünü elə göstərirdi ki, elə bil bura qüsursuz bir həbsxanadır. Əslində isə bu belə deyildi...

     Dustaqları kameralarına ötürən əsgərlər aralarında Levinin də olduğu dörd əsiri yanlarında saxladılar. Bu qərar hər nə qədər narazıçılıqla qarşılansa da, dilə gətirməyə cəsarət edən olmadı. Əsirlər qaçmağa cəhd edən iki dustağın cəsədini əvvəlcə düşərgənin kənarından içəri daşıdılar. Daha sonra isə onları basdırmaq üçün dərin qəbirlər qazdılar. Əsgərlər isə bu vaxtı kənardan onları izləyir, hərdən də gizlincə su qabına doldurduqları şərabdan içirdilər. Gecəyarısından bir az keçəndə işlərini bitirən əsirləri kameralarına qaytaranda, üzərində “Arbeit Macht Frei” ( İş sizi azad edir) yazılan giriş qapısından içəri girən maşını görəndə ayaq saxladılar. Maşın əsas binaya doğru hərəkət edəndə, sürücünün yanında oturan qadını görən Levi bir anlıq donub qaldı. Qadının baxışları ( cəmi bir neçə saniyə görmüş olsa da) onun ruhunun dərinliklərinə nüfuz etmiş, uşaqlıqdan bəri qəlbinin dərinliklərinə basdırdığı qorxu hissini yenidən ortaya çıxarmışdı. Həmin baxışların onda yaratdığı hissin tam olaraq nə olduğunu anlamağa macal tapmamış, onu çiynindən tutub irəli itələdilər. Qəfil zərbədən özünü itirən Levi, səndələyib yerə yıxıldı. Başının üstünü kəsdirən əsgər nəsə demək istəyirdi ki, həkimi gətirən sürücü qaçaraq onların yanına gəlib, dustağı özüylə aparacağını dedi:

- Bu adamı polkovnikin yanına aparmalıyam.

- Al apar. Düzü, inanmıram işinizə yarasın. Ayaq üstə güclə dayanır.

- Nə bilim. Mənə dedilər gətir. Mən də aparacağam. İstəməsələr başqasını taparıq.

- Yaxşı. Özün bilərsən.

     Sürücü dustağın qoluna girib, onu asta addımlarla əsas binaya doğru apardı. Aclıq və susuzluq ucbatından heydən düşmüş Levinin bir yandan da böyrəyi ağrıyırdı. O, bütün ağırlığını sürücünün üstünə salaraq, sadəcə ayaqlarını sürüyürdü. Binanın qabağına çatanda divardan tutaraq addımlamağa çalışsa da, bacarmadı. İçəridəki əsgərlərdən ikisi cəld onun yanına gəlib, qollarından tutaraq havaya qaldırdılar və otaqlardan birinə apardılar. Orada bir müddət tək qalan Levi, bayaq gördüyü qadın haqqında düşünməyə başladı. Axı o kim idi? Onda Levini qorxudan məhz nə idi? O, beynini məşğul edən sualları ard-arda sıralarkən, içəri girən qadının səsini eşidəndə  diksindi:

- Səni bu qədər düşündürən nədir?

- Həyat və yerdə qalan hər şey.

- Demək belə. – qadın onun aclıqdan qoxan nəfəsini hiss edib, sifətini turşudaraq dedi. – Ölümdən qorxursan? Heç bu barədə düşünmüsən? Yəni ölüm barədə.- pəncərəni döyəcləyən yağışa gözucu baxaraq soruşdu.

- Ölüm də “yerdə qalan hər şey”ə aiddir.

- Lap yaxşı. – cavabı eşidəndən sonra, divara bərkidilmiş şkafa doğru yaxınlaşdı. Oradan bir iynə və üstündə yazı olmayan iki dərman şüşəsi çıxardı. Qarışımı hazırladıqdan sonra, əlində tutduğu iynə ilə çarpayıda oturmuş pasientə doğru yaxınlaşdı və dedi:

- Köynəyini çırmala.- tərəddüd elədiyini görüb, gülümsəyərək əlavə etdi. – Qorxma öldürməz səni. Gördüm ki, böyrəyini tutursan. Ona görə vururam bunu. Ağrını azaldar.

- Ölüm qorxulası bir şey deyil. Mən sürünməkdən qorxuram.

- Onda icazə ver iynəni vurum ki, sürünməyəsən.

     Levi sakitcə deyilənə əməl elədi. Həkim  Mayer arxasını dönən xəstənin şalvarını azacıq aşağı çəkdi. İynəni vurub, gülümsəyərək dedi:

- Bu qədər. İynə ağrılarını yüngülləşdirəcək. Ola bilər yuxun gəlsin. Narahat olma. Səhər oyananda ağrın qalmayacaq.

     Doroti Mayer cümləsini bitirməmiş Levi artıq yuxuya getmişdi. O, çarpayıda hərəkətsiz halda uzanmışdı. Kənardan baxanda ölü kimi görünürdü. Həkim nəbzini yoxlayıb, sağ olduğundan əmin olduqdan sonra, onu otaqda tək buraxıb, çıxdı. Levi ilk dəfə idi ki, bu qədər rahat yatırdı. Gözlərini yumduğu bu otaq ona iki aydır itirdiyi rahatlığı, sakitliyi bəxş eləmişdi. Hətta daha artığını...

     Levi gözünü açanda ətrafda qulaqbatıran səssizlik hökm sürürdü. Təkcə yarıaçıq pəncərədən eşidilən, zəif quş cikkiltisi pozurdu bu sükutu. Otaq işıqlı idi. Yağış kəsmişdi. Əsən xəfif külək pəncərəni yellədirdi. Levi ətrafa ani bir nəzər saldı. Bu, dünən yatdığı otağa oxşamırdı. Ayağa qalxmağa çalışsa da, qəfil bütün bədəninə yayılan ağrı buna imkan vermədi. Bir neçə dəqiqə hərəkətsiz uzanandan sonra, güclə də olsa ayağa qalxdı və güllədən deşik-deşik olmuş divara tutunaraq, addımlamağa başladı. Dəhlizə çıxanda, qəfil ayaq saxladı. Bura otaqdan fərqli olaraq, qaranlıq idi. Gözləri qaranlığa öyrəşənə kimi gözlədi. Sonra yavaş-yavaş ayağını sürüyərək, ən yaxın pilləkənə doğru irəlilədi. Üst mərtəbənin qırıq pəncərələrindən içəri süzülən günəş işığı pillələrin üzərini zəif də olsa aydınladırdı. Ayağını ehtiyatla pillələrə qoydu və aramla aşağı düşməyə başladı. Birinci mərtəbəyə çatana kimi heç kimlə qarşılaşmadı. İki bölməli giriş qapısına çatanda, üzündə təbəssüm oyandı. Birinci qapını keçib, ikinciyə doğru addımlamağa başlamışdı ki, eşitdiyi səs onu dayanmağa məcbur elədi:

- Wie geht es dir?- səsin sahibini görmək üçün üzünü döndərən Levi, qarşısında sifətindən zəhrimar yağan alman tibb bacıları əvəzinə, 11-12 yaşlı, sarı saçları çiynindən belinə süzülən, üzündən saflıq və mərhəmət yağan qızı görəndə rahat bir nəfəs aldı. Özünü zorla gülümsəməyə məcbur edərək dedi:

- Bist du Deutscher?

- Yox. Amma ailəm deyir ki, almanca danışmalıyam.- deyib, gülümsədi.

- Ba-aşa-a dü-üşdü-üm. – qızın fransızca səlist danışmasından heyrətlənən Levi, saitləri uzadaraq dedi. Qısa çaşqınlıqdan sonra özünü toplayıb, mehribanlıqla soruşdu – Bəs ailən hanı?

- Çöldə. Hava yaxşıdır deyə, çölə çıxıb hamı. Gəl gedək.

     Qız əlindən tutub, onu ehtiyatla çölə çıxardı. Açıq havaya çıxan kimi, təmiz havanı acgözlüklə ciyərlərinə çəkən Levi, ürəkdən gülümsədi. Daha sonra ətrafa boylandı. Harada olduğunu hələ də bilmirdi. Amma bura, “Auşvitz”ə heç oxşamırdı. Müharibədən əvvəl hər yay gəzməyə getdiyi həmin fransız kəndlərinə oxşayan bu yerin hara olmasından asılı olmayaraq, qəlbinə sükut və xoşbəxtlik bəxş etdiyindən əmin idi. Sırf bu hissi yenidən yaşamaq üçün iki aydır Tanrıya dua edirdi. Təbii ki, ağrıdan qıvranıb söyüş söydüyü vaxtlar istisna olmaqla...

     Levinin sual dolu baxışlarını görən qızcığaz, gülümsəyərək dedi:

- Narahat olma. Burada əsgər yoxdur.

- Mən haradayam?

- “Azadlıq” kəndində. Buranın adını belə qoymuşuq.

- Siz? Siz kimsiniz?

- Ölümdən qaçan bir ovuc insan, mənim dostum. – deyə, kobud bir səs cavab verdi. Levi üzünü döndərəndə, qabağında orta boylu, üzü təmiz qırxılmış, keçəl, sol gözünün altından gicgahına kimi bıçaq izi olan adamla qarşılaşdı. Onun gözlərindəki nifrət və dodaqlarındakı təbəssüm bir-birinə uyğun gəlmirdi.

- Almanlardan qaçırsınız? – Levi qızın əlini buraxmadan soruşdu.

- Hə, son zamanlar dünyada ölümün adı “Hitler” olub. Biz də ondan qaçırıq.

- Yəhudisiniz?

- Aramızda yəhudi də var. Amma şəxsən yəhudi deyiləm. Sadəcə Hitlerin əsgərlərindən gizlənirəm. Görürəm qızımla tanış olmusan. – başıyla Levinin yanındakı qızı işarə edərək dedi.

- Hə biz onunla tanış olduq. Onunla....

- Marqo. – qız gülümsəyərək dedi. – Adım Marqodur.

- Mən isə Pier. O isə mənim oğlum Jakdır. – binanın tinini burulub, əllərini bir-birinə çırparaq onlara doğru yaxınlaşan uzun boylu, iricüssəli, sol ayağı axsayan oğlanı göstərərək dedi. – Biz Fransadanıq- Marseldən. Bəs sən?

- Adım Levidir. Parisdənəm.

- Yerli çıxdıq ki.

- Mən niyə buradayam bəs? Dünən axşam konslagerdə yatmışdım. Bu gün gözümü burada açdım.

- Bu yaxınlarda meşə var. Meşənin içilə bir yol gedir. Almanlar əsirləri gizlincə yaxınlıqdakı xəstəxanalara aparmaq üçün bu yoldan istifadə edirlər. Xəstəxana dediyimə baxma. Konslagerdən fərqi yoxdur. İçində min hoqqadan çıxdıqları palatalara gözucuyla baxanda adamın ürəyi bulanır. Deyəsən, səni də həmin “xəstəxana”lardan birinə aparırmışlar. Amma yolda qəza oldu. Yəqin partizanlar hücum ediblər. Bu yaxınlarda partizan dəstələri var. Biz təsadüfən oradan keçirdik və qəzanı gördük. Bəlkə işimizə yarayacaq nəsə taparıq deyə yaxınlaşdıq. Onda da səni gördük. Sağ olduğunu görəndə gətirdik bura ki, ölməyəsən.

- Təşəkkür edirəm. – qızın əlini buraxıb, alnını ovuşduraraq dedi. – Amma heç nə xatırlamıram.

- Normaldır. Adətən əsirlər problem çıxarmasın deyə, onları yatızdıraraq aparırlar. Yəqin iynə vurublar sənə də. Nə isə, bunları boş verək. Yaman çəlimsiz görünürsən. Gəl yemək yeyək. Həm də digərlərilə tanış olarsan. Gəl.

     Pier qızını qabağa buraxıb, Levinin qoluna girdi və ona yeriməyə kömək elədi. Onlar birlikdə Binanın arxasına keçdilər. Burada təqribən iyirmi nəfər adam vardı. Aralarında 3 qız uşağı, 4 qadın vardı. Qadınların biri iyirmi yaşından çox olmazdı. Digərləri isə 35-40 yaş arası olardı. Kişilərin isə ən gəncinin 19, ən yaşlısının isə təqribi 45 yaşı vardı. Hamı bir nəfər kimi böyük bir tonqalın ətrafına toplaşmışdı. İri qazandan çirkli boşqablara çəkdikləri palçığa oxşar şorbanı acgözlüklə yeyirdilər. Təkcə uşaqlar heç nə yemir, tonqaldan beş metr aralıda qovala-qaç oynayırdılar. Pier Levi üçün balaca bir kətil tapdıqdan sonra, yeməsi üçün bir boşqab şorba gətirdi. Görünüşü elə də gözəl olmasa da, bir qaşıq yedikdən sonra, dadının pis olmadığını düşündü. O da digərləri kimi acgözlüklə şorbanı yeyib qurtardı. Daha sonra ona uzadılan isti çayı da məmuniyyətlə qəbul elədi. Çayı içərkən, Pier və Marqoyla söhbət eləmək üçün fürsəti oldu:

- Buranın böyüyü sizsiniz?

- Böyük? – Pier qəhqəhə çəkərək dedi. – Nə böyük? Burada böyük söhbəti yoxdur. Hamımız eyniyik.

- Bəs sizi buraya toplayan kimdir?

- Bax o.- başıyla işarə edərək tonqalın başındakı ortaboylu kişini göstərərək dedi. – Jerard. Biz buraya 5 ay qabaq gəlmişik. Jerard isə iki ildir bu cür yaşayır. Müharibə başlayan ərəfələrdə orduda zabit imiş. Ancaq müharibənin ikinci həftəsində əsir düşür. İki il qabaq isə əsirlikdən qurtulur. Sonrasında özü kimi almanlardan qaçanları, müharibədə ailəsini itirənləri ətrafına yığır və onları qorumağa çalışır. Biz də konslagerə gətirilərkən, yolda qaçmağı bacaranlardanıq. Qaçanda oğlumun sol ayağından vurdular. Vaxtında müdaxilə edə bilmədik deyə, ayağı bu günə qaldı. İndi yerdə qalan ömrü boyunca axsamalı olacaq. Amma ən azından bəxti gətirdi ki, həyatda qaldı. Buna da şükür.

- Hə, əsas yaşamaqdır. – sevgili arvadını xatırlayan Levi, nəmli gözlərini həmsöhbətindən gizləməyə çalışaraq dedi. – Bəs elə bu qədərsiniz?

- Əslində 50 nəfər idik. Amma digərləri...

- Digərləri? Almanlar öldürdü?

- Yox. Sadəcə birdən-birə yoxa çıxdılar.

- Necə yəni? – Levi maraqla soruşdu.

- Üç ay qabaq başladı. – Pier ətrafa boylandıqdan sonra, Levinin qulağına doğru əyilərək, pıçıltı ilə dedi. – Biz bu binaya yerləşəndən bəri almanların qorxusu olmadan yaşayırdıq. Hər gecə üç-üç ərzaq dalınca gedirdik. Bir gecə ərzaq dalınca gedən dəstə, geri qayıtmadı. Biz də axtarışlara başladıq. Amma gecə vaxtı heç nə görə bilmirdik deyə çox davam edə bilmədik. Fənərləri yandırmağa da çəkinirdik. Yaxınlıqdan keçən almanlar görüb, gələ bilərdilər. Ona görə də səhər tezdən axtarışa davam etməyə qərar verdik. Sübh tezdən dəstənin ardınca getdik. Yaxınlıqda ərzaq dolu kisələr tapdıq. Amma onlardan əsər-əlamət yox idi. Üç aydır müəyyən aralıqlarla bu hal yaşanmağa davam edir. Başlarına nə gəldiyini bilmirik. Almanlarmı tutdu, yoxsa vəhşi heyvanlarmı parçaladı? Bilmirik nə olub. Almanlar tutmuş olsaydı, bizim də yerimizi öyrənər və arxamızca gələrdilər. Vəhşi heyvanlar parçalamış olsaydı, qan izi və ya cəsəd qalıqları tapardıq. Amma heç nə yoxdur. Buna görə də ehtiyatlı olmağa çalışırıq. Jerard deyir ki, yəqin özləri qaçıb gediblər. “Belə yaşamaqdan beziblər və çıxıb gediblər sadəcə.” Amma mən buna inanmıram. Həmin insanlar belə asanlıqla qaça bilməzdilər. Onlar başlarında biri olmasa, yaşaya biləcək tiplər deyildilər. Kollektiv arasında qalmaq onlar üçün həmişə daha yaxşıdır. Burada nəsə başqa bir iş var.

- Jerard bunu necə qarşıladı? Yəni narahat deyirsən ki, narahat olmadı?

- Yox, narahat oldu. Amma çox da üstünə getmədi.

- Qəribədir. Bəs...

- Şşşt. – qəfildən peyda olan Jak, Levinin sözünü kəsərək dedi. – Jerard tərs-tərs baxır. Söhbətinizi davam eləmək üçün başqa vaxtı gözləyin. Ata, - Pierə dönərək dedi. – gedək. İşimiz yarım qalıb. Sonra çatdırmarıq.

- Hə, düz deyirsən. Gərək işləyək.- ayağa qalxaraq dedi. Üstünü çırpdıqdan sonra, üzünü Leviyə tutaraq əlavə elədi- Sən dincəl. Marqo sənin qulluğunda durar. Qızım sənə, sən də qızıma əmanətsən.

- Arxayın ola bilərsən, Pier.

     Pier razılıqla başını yellədib, oğluyla birlikdə oradan uzaqlaşdı. Levi isə Marqoyla birlikdə axşama kimi söhbət elədi. Qız ona Marseldəki həyatlarından, konslagerə gələndə almanların əlindən qaçmalarından, anasını itirməsindən, indi yaşadıqları binanın tarixindən və s. danışır, hərdən də üzünü güldürmək üçün lətifə danışırdı. Bəziləri həddən artıq gülməli olsa da, əksəriyyəti mənasız söz yığını idi. Amma yenə də qızın xətrinə dəyməmək üçün gülümsəyir, onun əsl istedad olduğunu deyirdi. Marqo isə öz növbəsində gülümsəyir və təşəkkür edirdi. Levi ona baxanda hərdən gənc bir qadın görürdü sanki. Əlini yavaşca saçına aparması, işvəli təbəssümü, sallana-sallana yeriməsi- ümumiyyətlə, hər şeyi gənc fransız qadınlarını xatırladırdı. Bəlkə də, doğuşdan belə olurdu qadınların hamısı. Yəqin o əks cinsi çox da yaxşı tanımadığı üçün ona belə qəribə gəlirdi. Onun həyatında bu günə kimi cəmi 2 qadın olmuşdu: Biri füsunkar İlana, digəri isə əbədiyyən üç yaşında qalacaq olan qızı. İlana ilə tanış olanda artıq ikisinin də iyirmidən çox yaşı vardı. Qızı isə güllələnəndə, hələ güclə yeriməyə başlamışdı. Ona görə də, əmin ola bilmirdi ki, həqiqətənmi bu yaşdakı qızlar belə işvəli olurlar. Tək bildiyi, Marqonun yaşından böyük göründüyü idi...

     “Əgər müharibə olmasaydı, evindən didərgin düşməsəydi, onda mütləq bu qız hər küçəyə çıxanda, bütün gənc oğlanlar onun dalınca düşər, növbənöv hədiyyələr sərərdilər ayaqlarının altına.” deyə düşünən Levi və Marqonun gözləri toqquşanda, o utancaqlıqla başını yana çevirdi. Bunu görən qız isə gülümsəyərək dedi:

- Biz Marseldə olanda, Reymond adlı bir oğlan vardı. Londonda qalırdı. Hər yay nənəsini görmək üçün Marselə gələrdi. Nənəsi bizim evdən iki məhəllə uzaqda yaşayırdı. Onu görməyə gələndə mənimlə də görüşərdi. O, məndən 3 yaş böyük idi. Amma sözümüz yaxşı tuturdu. Jak bizi görməsin deyə həmişə velosipedə minər və məhəlləmizdən uzaqlaşardıq. O çox yaraşıqlı oğlan idi. Axırıncı dəfə Reymond mənə belə baxmışdı. Ondan bu baxışın nə mənaya gəldiyini soruşmaq istəmişdim. Amma müharibə başladı və bir daha görüşmədik. İndi heç bilmirəm ki, sağdır ya yox. Ona görə mənə deyə bilərsən? Bu baxışın mənası nədir?

- Heyranlıq. – Levi uzun bir sükutdan sonra, astaca dedi. Günəş artıq batmaq üzrə idi. Qızılı şəfəqlər üzündə sayrışan Marqonu bir müddət seyr etdikdən sonra, sözünə davam elədi:

- Reymond sənə heyran imiş. Eynilə mənim olduğum kimi.

- Səncə, mən gözələm?

- Gözəlsən. – o, bir müddət fasilə verdi. Axırıncı dəfə bu sözləri İlanaya demişdi. Əslində həyatı boyunca təkcə ona iltifat etmişdi. Ona görə də bu sözləri bir başqası üçün istifadə etmək ona qəribə gəlirdi. Tək təsəllisi, qarşısındakının uşaq olması idi. Bu xəyanət deyildi. Sadəcə, gözəl bir uşağı sevindirmək üçün söylənən sözlər idi. Başqa məna axtarmağa ehtiyac yox idi. Ona görə də, Levi sözünə davam edəndə, bu səfər kəlmələr dodağından qətiyyətlə çıxırdı- Sən həddən artıq gözəlsən.

        Gecəyarısı...

     Levi yatağında vurnuxur, nə qədər yatmağa çalışsa da, bacarmırdı. Axşam tonqal başında iki boşqab şorba yedikdən sonra, birbaşa otağına çıxmışdı. Bir müddət pəncərədən çölə baxdıqdan sonra, yerinə uzanmışdı. Yemək yedikdən və bir az dincəldikdən sonra, artıq yeriməkdə çətinlik çəkmirdi. Buna görə də, istədi ki, çıxıb çöldə bir az hərlənsin. Elə təzəcə ayağa qalxmışdı ki, qapı açıldı və Marqo qısaqol, dizdən bir qarış yuxarı gecə köynəyilə otağa daxil oldu. O, nəmli gözlərini Leviyə dikərək, dedi:

- Atamgil... hələ də qayıtmayıblar. Onlar... onlar... – sözünü tamamlaya bilməyən qız hönkürtüylə ağlamağa başladı.

     Əvvəlcə heç nə başa düşməyən Levi, qızı qucaqladı və ona təsəlli verməyə çalışdı. Ancaq qız dayanmadan ağlayırdı. Sonra səhər Pierin dediklərini xatırladı. “İtmiş insanlar” haqda dediklərini düşündükcə, qızın niyə belə kədərləndiyini anlamağa başladı. O, qızı yanında- çarpayıda otuzdurub, kobud əllərilə yumuşaq yanaqlarını isladan göz yaşını sildi. Qız onun qoluna qısılıb, hıçqıraraq ağlamağa davam edir, arada bir də atasıgil barədə narahatlığını dilə gətirirdi. Levi isə, təmkinlə dinləyir və onu sakitləşdirməyə çalışırdı:

- Narahat olma. Atangil qayıdacaq. Sən ağlama.

     Ancaq qızın sakitləşmək niyyəti yox idi. O, təqribən yarım saat ağladı. Axırda heydən düşüb, Levinin çarpayısına uzandı və bir az sonra yuxuya getdi. Pierin və Jakın başına nə gəldiyi məlum deyildi. Böyük ehtimalla, onlar da “İtmiş insanlar” cərgəsinə qoşulmuşdular. Bəs indi o nə etməli idi? Çıxıb onları axtarsın? Axı təkbaşına nə edə bilərdi ki? Həm də Marqo vardı. Onu tək qoyub gedə bilməzdi. Atası ona əmanət etmişdi qızı. Bəs nə etsin? Bəlkə Jerarda xəbər versin? Hə, bu daha yaxşı fikirdir. Ən azından onlar axtarışa çıxar, o isə qızın qeydinə qalardı. Levi qərarını dəqiqləşdirəndən sonra, Marqonun üstünü örtüb, otaqdan çıxdı. Pilləkənlərə doğru tələsdi. Sürətlə birinci mərtəbəyə endi. Binadan çölə çıxmağa hazırlaşırdı ki, qapının ağzına yığılmış bir topa insan gördü. Əllərində balta, bıçaq və fənər olan bu güruhu görəndə, ürəyi sürətlə döyünməyə başladı. Onlar nəsə qızğın mübahisə aparırdılar. Başlarında isə Jerard vardı:

- Tez onu tapmalıyıq. Başqa yolu yoxdur. Siz ikiniz içəri keçin və onu axtarın. Tapmamış gəlməyin.

     Levi bu mənzərənin şahidi olduqdan sonra, cəld pilləkənə doğru qaçdı. Pillələri iki-iki çıxır, Marqonun yanına tələsirdi. Qaranlıq dəhlizə daxil olanda, birdən ayaq saxladı. Birinci mərtəbədən gələn səsləri saymasaq, ətrafa sükut hakim idi. Bu sükutu isə yalnız bir səs pozurdu: Tak... tak.... tak... Çəkic kimi döyəcləyirdi dəhlizi dikdabanın tükürpədən səsi. Levi bu səsi əvvəllər Parisin daş döşənmiş küçələrində eşitmişdi. O vaxtı füsunkar qadınların gəlişindən xəbər verən bu səs, indi təhlükədən dəm vururdu. Təhlükədə olan isə Marqo idi... Qızı qurtarmaq üçün qaçaraq otağa girən Levi, içəridə heç kimin olmadığını gördü. Gec qalmışdı deyəsən. O qadın aparmışdı qızı. Bu düşüncəylə özünü otaqdan çölə atmağa hazırlaşırdı ki, birdən hıçqırıq səsləri eşitdi. Səs sınıq-salxaq şkafın arxasından gəlirdi. Astaca şkafa yaxınlaşanda, ağlayanın Marqo olduğunu görəndə sevincindən az qala havalara uçan Levi, qızı qolundan tutub, özünə doğru çəkdi. Qorxmuş qız gözünü açmağa çəkinirdi. O, ancaq Levinin səsini eşidəndə gözünü açıb, zəif qollarını xilaskarının belinə doladı və ağlayaraq dedi:

- O... o... məni aparmağa gəldi. Qorxdum...qorxub burada gizləndim. Qurtar məni nolar.

- Qorxma. Hər şey qaydasındadır. Buradan getmək lazımdır. Səni aparacağam buradan. Narahat olma.

     Levi ətrafa ani nəzər saldıqdan sonra, qızın qolundan tutub, otağı tərk elədi. Pilləkənlə səssizcə aşağı endi. Ortalıqda dolaşan adamlara görünməmək üçün təmkinlə hərəkət eləməyə çalışırdı. Xırda bir səhv, onları ölümə apara bilərdi. Buna görə də həddən artıq ehtiyatlı olmalı idi. Levi, binanın əlavə bir çıxışının olub-olmamasını soruşmaq üçün Marqoya sarı döndü. Ancaq qorxudan tir-tir titrəyən qızın, danışmağa halı yox idi. Ona görə də gözləməkdən başqa çarəsi qalmırdı. Qapıdakıların oradan uzaqlaşmasını gözləməli idilər. Bu isə təqribən yarım saat çəkdi. Hamı çəkiləndən sonra, ətrafa boylanan Levi, heç kimin olmadığından əmin olduqda qızın qolundan tutub qapıya doğru tələsdi. Ehtiyatla binadan çölə çıxanda, onlardan on beş-iyirmi addım uzaqda iki nəfərin cansız bədənini gördü. Üzlərini tam görə bilməsə də, onların Jak və Pier olduqlarından əmin idi. Marqo bunu görməsin deyə, tez qızın gözlərini əliylə qapadı və oradan uzaqlaşmağa başladı. Bu vaxt arxadan bir səs eşitdi:

- Dayan! Heç yerə gedə bilmərsiniz.

     Bu Jerard idi. Levi geriyə dönüb, onunla üz-üzə qalanda Marqonu arxasında gizlətdi. Gözünü onun əlindəki baltadan çəkmədən dedi:

- Yox. Biz indi çıxıb gedəcəyik. Sən də buna bir son verəcəksən.

- Axmaq olma. Ver qızı deyirəm sənə. – Jerard əlindəki baltanı havada yelləyərək dedi.

- İcazə vermərəm. Marqo qaç. – deyib, qızın əlini buraxdı və cəld Jerardın üstünə atıldı. Qız oradan uzaqlaşmağa başlayanda, onlar çoxdan əlbəyaxa olmuşdular. Levi rəqibinin üzünə dayanmadan zərbələr endirirdi. Ona qarşılıq verməyə çalışan Jerardın cəhdləri isə uğursuzluqla nəticələnirdi. Bir azdan ətrafı bürüyən səsləri eşidən Levi, bir anlıq özünü itirdi və bu zaman rəqibi üstünlüyü ələ keçirdi. İndi zərbələri endirən Jerard, ağrıdan inləyən isə Levi idi. Ancaq bu çox çəkmədi. Jerard nəfəsini dərmək üçün dayananda, yaxınlığa düşmüş baltaya uzanan Levi bir zərbəylə onu yerə sərdi və ayağa qalxıb, arxasına belə baxmadan uzaqlaşdı. Səhər Pierin haqqında danışdığı meşəliyə çatana kimi qaçmağa davam elədi. Ağacların arasında izini itirdiyindən əmin olanda, nəfəsini dərmək üçün dayandı. Soyuq havanı acgözlüklə ciyərlərinə çəkib, sıx ağacların arasından səmaya boylandı. Zülmətdən başqa heç nə görünmürdü. Ətrafda ondan başqa heç kim yox idi. Bir Levi vardı, bir də gizlincə çiyninə qonan əlin sahibi...

     O, qəfil toxunuşdan diksinib, əlindəki baltanı havaya qaldırdı. Amma qarşısında Marqonu görəndə əlini aşağı salıb, qızı qucaqladı. Göz yaşlarına hakim ola bilmədi və dedi:

- Şükür Tanrıya sağsan. Yaralanmamısan ki?

- Yox. Yaxşıyam. Bəs sən?

- Yaxşıyam. Narahat olma.

- Axı onlar niyə belə elədilər? Biz nə eləmişik ki? – Marqo gözləri dolaraq dedi.

- Ağlama, balaca. Ağlama.

     Levi sinəsinə qısılan qızcığazı təsəlli etməyə başladı. Bir azdan eşidilən səslər, onların burada təhlükəsizlikdə olmadıqlarından xəbər verəndə, o qızı da, baltanı da götürüb oradan uzaqlaşdı...

        Səhərə yaxın...

     Hava aydınlanmağa başlayanda, Marqo və xilaskarı artıq təhlükəsizlikdə idi. Ətrafa qatı duman və sükut çökmüşdü. Göz-gözü görmürdü. Levi adını xatırlamadığı hündür bir ağaca söykənib, mürgüləməyə çalışırdı. Marqo isə başını onun dizinə qoyub, uzanmışdı. Bir azdan o, yerində dikəlib, xilaskarının üzünə baxmağa başladı. Bu zaman qızın nəzərlərini üzərində hiss edən Levi isə,  gözünü açmadan dedi:

- Nəsə demək istəyirsən?

- Yox, sadəcə maraqlı gəlir ki, onlar niyə belə elədilər. Bizim nə günahımız vardı ki?

- Günahkar sən deyilsən. Günahkar müharibədir. Günahkar Hitlerdir.

- Hə, elədir. Əgər müharibə olmasa, indi biz öz evimizdə xoşbəxt yaşayardıq. Anam da yanımda olardı, atam da. Jak evlənmək üçün qız dostunu evə gətirər, mən də onların təklikdə qalmalarına imkan verməzdim. Jakı əsəbiləşdirmək xoşuma gəlir.

- Hə, ola bilərdi. – Levi sakitcə təsdiqlədi.

- Marselin küçələrində dolanar, hər gün təzə bir ətək alması üçün atamın baş-beynini aparardım. Velosipedlə sahildə dolanar, kafelərdən birində oturub, dadlı bir meyvə şirəsi içərdim. Böyüyüb gənc bir qız olanda, adaxlım olmaq üçün dəridən-qabıqdan çıxanlar olardı. Mən də onları barmağıma dolayar, bahalı hədiyyələr almaq üçün naz edərdim. Sonra da yəqin varlı birinə ərə gedər, bütün günü kafelərdən, varlıların bir araya gəldiyi məclislərdən yığışmazdım.

- Hə, yəqin. Bəs o qonşu nəvəsi necə olardı? Onu sevmirsən?

- Sevgi? Yox, nə sevmək. Mən hələ uşağam. Həm ondan da yaraşıqlısı çıxar qabağıma. Axı mən çox gözələm. Martini isə sadəcə mənə hədiyyələr aldığı üçün yanımdan ayırmırdım.

- Reymond. – Levi axır ki, gözünü açaraq dedi. – Sən demişdin ki, adı Reymond idi.

- Ax, hə-ə. – Marqo əlini alnına vuraraq dedi. – Həmişə qarışdırıram. Bilirsən bu qədər adı yadda saxlamaq çox çətindir. – qızın üzü birdən-birə ciddiləşdi. Boş baxışlarını torpağa dikib, bir müddət susdu. Sonra qorxunc bir təbəssüm qondu dodaqlarına. Gözünü yenidən Leviyə dikərək dedi:

- Çox sıxıldım bu oyundan. Adları xatırlamaq, özünü saf və məsum bir qızcığaz kimi qələmə vermək çox çətindir. Ən çətini isə qarşımdakı axmaq insanları izləməkdir. Halbuki, onların başını üzmək daha əyləncəli olardı.

- Sən nə danışırsan?

- Eh, bəsdi də. – Marqo ağacın yanındakı baltanı əlinə alıb, cəld ayağa qalxdı. Levi isə tərpənmədən onu izləyirdi. Baltanı ona tuşlayan qızcığaz, dəlisov baxışlarını dumanlı səmaya dikib, dedi:

- Başa düşmüsən ki, əslində Jerardın heç bir günahı yox idi. Sadəcə, bunu etiraf eləməyə qorxursan. Qoy səni bu dərddən xilas edim. Hə, əslində o insanları “itirən” biz idik. Hamısını öldürdük. Elə gözəl idi ki... Atam və Jak onları gizlincə yaxınlıqdakı kəndə aparırdılar. Orada gizli bir yer tapmışdıq. Orada səhərdən axşama kimi əylənirdik. Ürəyimiz istəyən işgəncəni edə bilirdik. Elə ki, bezdik öldürürdük hamısını. Sonra yenisini tapırdıq. Amma sonra Jerard bizdən şübhələnməyə başladı. Arxamızca adam salırdı. Biz də düşündük ki, növbəti qurban məhz o olsun. Amma ehtiyatlı olmaq lazım idi. Nə də olsa köhnə hərbçidir. Bədəni gücsüz olsa da, - qız baltanı bir əlində saxlayıb, digər əlilə gicgahını döyəcləyərək dedi. – burası çox güclü idi. Ağıllı adamı tora salmaq çətin olur. Ona görə də mən sənin kimilərini sevirəm. Tez aldanırsınız. Nə isə. Atam və Jak bu səhər onun işini bitirəcəkdi. Amma səhər səni tapdılar yolda. Bu da bizi yubatdı. Ona görə də ağlımıza başqa bir plan gəldi. Onun da işini gecə bitirəcəkdik. Amma əvvəlcə səni yanımıza çəkməliydik. Ona görə də o əhvalatı danışdıq. Sən də inandın ki, Jerard həqiqətən qatildir. Əslində isə tam əksi idi. Atamgil onu öldürməyə çalışdılar. Amma alınmadı. O adamlar atamı öldürdülər. Mən də plana sadiq qalıb, sənə sığındım. Yanına tələsib, atamgilin itdiyini dedim. Sonra sən məni otaqda tək qoyub gedəndə, bildim ki Jerarddan kömək istəyəcəksən. Amma onun adamlarıyla kimisə axtardığını biləndə, tez yanıma tələsdin. Əslində məni yox, Jakı axtarırdı. Sən yanıma tələsəndə, mən də səhər ertədən otağında gizlədiyim dikdabanları geyinib, dəhlizdə gəzişdim. Əslində başqa məqsədlə gizləmişdim, amma yenə də işimə yaradı. Qaranlıq olduğu üçün dikdabanı geyinənin kim olduğunu başa düşmədin. Elə bildin məni aparmağa gələn biri var. Qaçaraq otağa girdim və dikdabanları çıxarıb, şkafın arxasında gizləndim. Sonra da yerimi tapasan deyə ağlamağa başladım. Sən də məni “xilas” elədin. Bax belə. Əslində səninlə təhlükəsiz bir yerə keçənə kimi yoluma davam eləməyi düşünürdüm. Amma bu axmaq adlar məni ələ verdi. Yenə də təşəkkür edirəm. Mənə daha ehtiyatla hərəkət eləməli olduğumu xatırlatdın. Buna diqqət edəcəyəm. İndi isə səni sevgili Parisinə qovuşdurum. Amma, əvvəlcə bir az əylənək. – deyib, qız baltayla qurbanının sol qoluna zərbə endirdi. Zərbənin təsirindən inildəyən Levi, ayağa sıçradı. Qolunu tutub, qəzəb dolu baxışlarını qızın üzünə dikib, dedi:

- Bəs indi mən səni öldürsəm necə?

- Mənə qıymarsan. Baxışlarını gördüm. Sən qatil deyilsən. Sən axmaq bir “xilaskar”san.- deyib, baltanı ona doğru salladı. Vaxtında geri çəkilən Levi, bu səfər zərbədən yayındı. Marqo, əsəbiləşib qışqıraraq dedi:

- Qaçma! Onsuz da qaçışın yoxdur. A-aaaaa – baltanı havaya qaldırıb, qurbanının üzərinə yeridi.

     Levi onun əlindən baltanı aldı və heç düşünmədən qıza zərbələr endirməyə başladı. Çünki, düşünsəydi həqiqətən də qızın dediyi kimi ona qıymazdı. Aldığı ilk zərbədə canını tapşıran Marqo, “xilaskarı”nın ona vurduğu digər zərbələri hiss eləmədi. O indi heç nəyi hiss eləmirdi. Nə cansız bədəninə dəyən ağır zərbələri, nə də ki, Levinin qulaqbatıran acı fəryadını...

     Levi qızın öldüyündən əmin olduqdan sonra, dəli kimi o tərəf- bu tərəfə qaçmağa başladı. O indi heç nə eşitmir, heç nə hiss eləmirdi. Üst-başı qan içində idi. Barmaqları qıc olmuşdu sanki. Baltanı əlindən yerə atmaq istəsə də, barmaqlarını aralaya bilmirdi. Üzü al-qana boyanmışdı. Hətta kipriklərindən belə qan damlayırdı. Bir azdan göy guruldamağa başladı. Şimşək çaxdı və ardınca da yağış yağmağa başladı. Yağış damlaları onun üzünü qandan təmizləsə də, paltarlarını və vicdanını təmizləməkdə aciz idi... Levi dayanmadan qaçırdı. Ayağının altında palçığa dönən torpağa fikir vermədən qaçırdı. Meşəyə çökən duman o qədər qatı idi ki, haraya getdiyini bilmirdi. Bir-iki dəfə ağaca dəysə də, yoluna davam eləmişdi. Axırı güclə də olsa meşədən çıxıb, torpaq yola çatdı. Burada qısa bir müddət dayanıb, dərin bir nəfəs aldı. Duzlu yağış damlaları qarışıq havanı ciyərlərinə çəkəndə içindəki yanğının az da olsa söndüyünü hiss elədi. Amma bu çox çəkmədi. Bir azdan qəlbini ağuşuna alan kədər, onun ruhunu ələ keçirən çarəsizlik atəşini daha da alovlandırdı. Ağrıya dözməyən Levi qışqırmağa başladı:

- A-aaaaaaaaaaaaaaaaaaa.

     Bu vaxt yolda köhnə bir “Mercedes” göründü. Maşın gəlib Levidən iyirmi addım irəlidə dayandı. İçindən 2 əlisilahlı əsgər və bir zabit düşdü. Əsgərlər silahlarını ona doğruldub, əmr gözləməyə başladılar. Levi bu vaxt başını yuxarı qaldırdı. Səmada buluddan başqa nəsə görünmürdü. Hələ günəş oyanmamışdı. O, son dəfə səmaya baxdı. Əlindəki baltanı yuxarı qaldırıb, yenidən qışqıraraq maşına doğru qaçmağa başladı:

- A-aaaaaaaaaaaaaaaaaaa.

     Həmin an zabitin amiranə səsi eşidildi:

- Atəş!

     Əsgərlər nişan alıb, atəş açdılar. Daraqdakı bütün gülləni onun bədəninə boşaltdılar. Bədəni güllədən deşik-deşik olan Levi, yerə yıxıldı. Əsgərlər hələ yaşayıb-yaşamadığını öyrənmək üçün yanına getdilər. Levi, göz qapaqlarını güclə qaldırıb, başının üstünü kəsdirən əsgərlərə baxdı. Son nəfəsində, ağzındakı qanı yerə tüpürüb, gülümsəyərək dedi:

- Heil Hitler!..

Signor Bayramlı Məhəmməd.