Səndən uzaq qalmaq nə demək? 

Əllərindən iraq qalmaq, 

Gözlərindən, səsindən, 

Sözlü sözsüz kəlmələrindən... 

Axşamçağı Aya boylanan üzündən, 

Saçının hər bir telindən... 

Dolana bilməmək məsələn 

Gözlərinin bəyazından qəhvəsinə

Ya da səsinə qulaq asmamaq...

Üzümə vuran küləyin həvəsinə

Səni anlatmaq, amma uzaq qalmaq

Sənin küləklərindən,

Şəmsindən, Qəmərindən... 

Qısqanmaq baxdığın aynadan səni

Təəssüf, üzünə dəyən meh mən deyiləm

Sonları sevmərəm heç zaman

Mən heç sonun belə ola bilmirəm...

Anlatmaq üçün nə yaşamışam sanki? 

Amma anlatmağa çalışıram

İncə-incə məndəki sənsizliyi

Nə keçmişə, nə gələcəyə,

Sadəcə indiyə sığdırmaq istəyirəm

Bu andakı səni

Niyə uzaq qalmaq deyirəm? 

Niyə yan-yana durmamaq?

Sədd qurmaq məndən sənə qarşı?! 

İsbatmı istəyirəm? Yoxsa sadəcə qorxu? 

Sətrimin üstə yenə göz yaşı,

Cəhənnəmdə yanmaq yoxdu!

Bəlkə də cümlələri boş-boş düzürəm,

Amma söz istəyirəm səndən keçmişə.

Mən Allah var deyə uzağam səndən, 

Sən də söz ver Cənnətimsən həmişə...

Söz verə bilməzsən, bunu bilirəm

Bu sözsüzlük yastığımda iz olub qalır.

Çeşmələr açılır durmadan bulaqdan,

Göz yaşım iraq qəlbinə əl edib axır...

Həvəssən deyərsən, qürurum incinər.. 

Haramsan deyərəm, gözlərin boş baxar.

Gələcəkdən xəbərlər gözləməz bizi,

Kəlmələr içi boş sətirə yığışıb qalar... 

Nə deyim, nə edim, heç bilmirəm ki!

İndi nə göyə sığıram, nə də ki yerə.

Bəlkə ulduzlardan mədəd umaram

Qəlbimə qazınıb qalasan deyə.

Söz, uzaq duracam, iraq qalacam

Günahdan da, səndən də...

Rəbbimə əmanətimsən, unutma,

Görsən, salam deyərsən

Sənsizliyə məndən də...

 

6 Oktyabr, 2020-ci il tarixində yazılmışdır. Oxuyub bəyənən, paylaşan, xüsusilə də fikir və iradlarını bölüşən hər kəsə dərin minnətdarlığımı bildirirəm✨