İlk gecə...

     Uğultusu qulaqbatıran külək, Kallaunun soyuq və nəm nəfəsini bütün şəhərə yayanda, səmada ay buludların arxasında görünməz olmuşdu. Küçələrdən eşidilən səslər sadəcə küləyə və ekipajların təkərlərinə məxsus idi. Qurumuş yarpaqların xışıltısı eşidilmirdi. Deyəsən, yarpaqlar küsüb getmişdilər. Ya da ki, külək qovmuşdu onları. Bu onun köhnə adəti idi. Ya yarpaqlara ilişərdi, ya da ki, şəhərin canına hopmuş toza. Amma bu başa düşülən idi. Çünki, külək hökmdar idi. Ona itaət etməyənləri cəzalandıran bir hökmdar. Qarşısında əsrlik ağacların baş əydiyi bir kral. Çoxəsrlik tarixin canlı şahidi olan bu hökmdarın himayəsinə sığınan Peru, bu gecəni xətasız yola verməyin dərdini çəkirdi. O yaxşı bilirdi ki, əgər qəzəblənsə, bütün şəhəri yerlə yeksan edə bilərdi qəddar kral...

     Eva qabarıq ətəyini yüngülcə qaldırıb, otağa daxil olanda Dominqo masasının arxasından qalxıb, hövlnak qonağının qabağına tələsdi. Ayağı masanın iki addım irəlisindəki stula ilişdiyi üçün az qala yıxılacaqdı. Amma özünü son anda toplayıb, müvazinətini qorumağı bacardı. Eva onun bu halını görəndə, dodağına istehzalı bir gülüş qondu. “Başqa bir axmaq məşuq daha. Axı mənim qabağıma bu qədər axmaq haradan çıxır? Bəlkə, inanmadığım həmin o Tanrı cəzalandırır məni? Amma yox. Yəqin ki, səbəb bu deyil. Rahiblərin də dediyi kimi, “Tanrı mərhəmətlidir”. Düzü, o yelbeyin keşişlərin dediklərinə inanmağım gəlmir. Əslində bu mövzu mənə heç maraqlı da deyil. Amma yenə də əgər dedikləri kimidirsə, onda bunu Tanrının cəzası olaraq qiymətləndirə bilmərik. Bəs onda nədir bu? Niyə belə axmaq məşuqlarla sınağa çəkilirəm ki? Eh, nə isə. Bir müddət gözləyim, əgər bəyənməsəm çıxıb gedərəm. Düzü, görünüşü pis deyil. Sadəcə görünüşü üçün belə bu gecəni dözməyə dəyər. Ümidvaram, mənasız söhbətlərlə başımı şişirməz. Yoxsa yar-yaraşığı da onu xilas edə bilməz.” deyə düşündü. Qarşısında dayanan oğlanı diqqətlə süzdü. Tanış olduqları gecənin əksinə, indi dodaqları titrəmirdi, əlləri əsmirdi, gözü səyrimirdi. Gözlərindən saflıq, məsumiyyət oxunmurdu. Qaməti dik idi. Deməli, qadın qarşısında özünü itirənlərdən deyildi. Yəni gecə düşündüyü qədər sıxıcı olmayacaqdı. Bircə qalırdı Dominqonun söhbətə başlaması. Nə də olsa, Eva bir qadın idi. Cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, bütün qadınlar eyni düşünürdülər: İlk addımı kişi atsa yaxşıdır. Bu qadına üstünlük qazandırır. Ancaq deyəsən, Dominqo nədən başlayacağını bilmirdi. Ona danışmaq üçün istiqamət vermək lazım idi. Buna görə də, Eva bir az otaqda gəzişmək qərarına gəldi. Payız gələndən bəri içi boş qalmış çini güldanın, uzun müddətdir səsi çıxmayan saatın yanından keçib, pəncərədən küləyin at oynatdığı Perunun səssiz küçələrini seyr edəndə axır ki, Dominqonun qətiyyətli səsini eşitdi:

- Sizi tapmaq elə də asan olmadı.

- Mən sizə asan olacağını vəd etməmişdim, senyor. – Eva üzünü döndərmədən dedi.

- Düzdür. Yersiz sözümə görə bağışlayın.- senyor de Servantes təqsirkarcasına başını aşağı əyərək, dedi və gülümsədi. Anlıq sükutdan sonra, sözünə davam elədi- Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm.

- Rəsmiyyətdən qaçınmasanız, dəvəti qəbul etməyimə peşiman olacağıma əminəm, senyor. Mən sizin kübar cəmiyyətinizin, nazlı-qəmzəli senyoritalarından deyiləm. Ona görə də məni adımla çağırsanız, inandırıram ki, sizi heç kim məzəmmət etməyəcək.

- Onda sən də məni Dominqo adlandıra bilərsən, Eva. Çünki, mən də bu cəmiyyətin kübar cənablarından sayılmıram.

- Yaxşı, dediyin kimi olsun, Dominqo. – deyib, üzünü həmsöhbətinə tərəf çevirdi.

- Nəsə içmək istəyirsən?

- Şəraba etiraz etmərəm. Ancaq, ümidvaram ki, sən təkcə şəraba arxalanıb məni buraya çağırmamısan. Çünki, bu əbəs yerə atılmış bir addım olardı.

- Narahat olma. Əgər sənin şərabla ələ alınacağını düşünsəydim, onda əmin ol ki, sənin arxanca düşməzdim. Mən küləyin qarşıma səpələdiyi xəzəli istəmirəm. Mənə yarpaq lazım olsa, onu ağacdan özüm qopararam. – Dominqo sözünü bitirib, iki qədəh şərabla Evaya doğru yaxınlaşdı. Qədəhin birini ona uzadıb, sözünə davam elədi- Sən sahibinin səhər-axşam qabağına bahalı yem qoyduğu madyan kimisən. Səni ələ almaq üçün bahalı hədiyyələr vermək lazım deyil. Sən onsuz da buna sahibsən. Mən sənə ehtiyacın olanı vermək istəyirəm.

- Nədir o? – Eva şərabdan bir qurtum içərək, soruşdu.

- Azadlığını. Sənə azadlığını bəxş etmək istəyirəm. Axı sənin buna ehtiyacın var.

- Səncə, mən azad deyiləm?

- Pul üçün qoca baronun qoynuna girməyə azadlıq kimi baxırsansa, azadsan. Əks təqdirdə sadəcə, əhilləşdirilmiş madyansan. Yaşıl çəmənlikdə qaçanda yalını sığallayan külək indi qamçı dəyən ardına toxuna bilir. Mən səni həmin çəmənliyə geri qaytara bilərəm.

- Bəs sənə mənim həmin “azadlığı” istədiyimi düşündürən nədir?

- Baxışların, Eva. Baxışların. Sənin baxışların küçədə ölümə tərk edilmiş, imdad diləyən bir körpənin baxışlarıyla eynidir. Siz ikiniz də eynisiniz. Tək fərq var aranızda. O gedə bilmədiyi üçün məhkumdur soyuq, kimsəsiz, aclıq və xəstəlik dolu bu küçəyə. Sənsə getməyə qorxduğun üçün getmirsən. Çünki, düşünürsən ki, tək getsən yenə kimsə səni buraya qayıtmağa məcbur edəcək. Ona görə də sənin mənə ehtiyacın var. Mən sənə azadlığını qaytara biləcək yeganə insanam.

- “Yeganə xilaskar”. Elə bilirdim bu sözlərin vaxtı keçib. – Eva əlindəki şərab qədəhini yazı masasının üzərinə qoyaraq dedi. – 10 yaşlı qızcığazlarda işə yaraya bilər, amma mənim kimi qadınlar artıq belə nağıllara inanmırlar, Dominqo. İnsanlara xilaskar lazım deyil. Xilaskar axtaran insan axını dəyişdirilmiş çay kimidir. Əgər kimsə onun həyatına istiqamət verməsə, əvvəl-axır hansısa qayalığa çırpılacaq və əbədi quruyacaq. Sən elə düşünürsən ki, mən kimisə gözləyirəm? Mənə sözünü keçirəcək birini istədiyimi düşünürsən? Mən dəlisov küləyəm. Mən gah dənizi cuşa gətirərəm, gah da torpağa bağlı olduğunu düşünən ağacı kökündən sökərəm. Mən əsrlərdir şəhərin canına hopmuş tozu qovalayan küləyəm. Sən mənə ölüm məhkumu kimi baxırsan. Məni barmaqlıqlar arxasında görürsən. Amma heç düşünmüsən ki, bəlkə də barmaqlıqların arxasındakı məhz elə sən özünsən? Sadəcə çox yaxından baxdığın üçün kimin məhkum olduğunu görmürsən.

- Yaxşı, onda gəl bu azad həyatından danış mənə. Səni tanımaq istəyirəm. Mən səni dinləmək istəyirəm.

- Bunun üçün çox tezdir, senyor. Sən mənim həyat hekayəmi öyrənmək istəyirsənsə, növbəti görüşümüzü gözləməlisən. Növbəti görüşümüzün olması üçün də, mütləq məni təəccübləndirməlisən. Ya da elə bir şeyin olmalıdır ki, mən onun üçün yenidən gəlmək istəyim.

- Əslində var. İstəsən göstərərəm sənə.

- Əgər qurşaqdan aşağıdırsa, heç ümidlənmə. Bununla məni aldada bilmərsən.

- O sonranın işidir. Mən bundan bəhs edirdim. – deyə, Dominqo yazı masasının arxasına keçdi. Siyirməni açdı və bir topa vərəqi çıxarıb, Evaya göstərdi. Qız vərəqləri əlinə alıb, ani bir göz gəzdirib, dedi:

- Tanrının məşuqəsi? Deyəsən, kilsənin yeni hədəfi sən olacaqsan.

- Hələki bunu bilən çox az insan var. Ona görə də, dərd çəkməyə dəyməz.

- Sən həqiqətən yazıçısan?

- Yəni. Yazmağa çalışıram deyək.

- Bir vaxtlar yazıçı bir məşuqum vardı. Yaxşı insan idi, amma bir az dəlisov idi. Daha doğrusu, ruhi xəstə idi. Hər gün yazdığı bir obraza bürünürdü. Əvvəllər əyləncəli idi. Hər günümüz ilk günkü kimi maraqlı keçirdi. Amma bir müddət sonra işləri korladı. Artıq təkcə kişi obrazlar deyil, qadın obrazları da canlandırmağa başladı. Hərdən güzgünün qabağında makiyaj edən görürdüm onu. Bir neçə gecə qadın paltarıyla çölə çıxmaq istəyəndə güclə tutub saxlamışam. Axırda xəstəxanaya yatırdılar. Ümidvaram, sən də onun kimi dəlisov deyilsən.

- Hər insan müəyyən qədər dəlidir. Sadəcə, bəziləri bunun üstünə çox düşür deyə, axırda özlərini idarə edə bilmirlər.

- İndi nə deyirsən? Səni də qadın paltarında makiyaj edən görəcəyəm?

- Ümidvaram, elə görmərsən. – deyib, gülməyə başladı.

- Yaxşı, de görüm bu yazdığın nə haqdadır?

- Hələ özüm də bilmirəm. İlk dəfədir ki, ciddi bir şey yazmağa çalışıram. Əvvəllər cızma-qara edərdim. Amma heç vaxt üstünə düşməmişəm. Ona görə də indi bir az çətinlik çəkirəm. Ya mənim istedadım yoxdur, ya da ki, sadəcə ilham gəlmir.

- Əvvəllər yazdığını dedin. Onlar durur bəs?

- Yox, hamısını atmışam. Atam yaman tündxasiyyətdir. Görsəydi, indiyə çoxdan ölmüşdüm. Təkcə qoca Rozalinda oxumuşdu yazılarımı. Tək dəstəkçim də o idi. Ölümündən sonra yazmaqdan əl çəkib, kor-koranə atama itaət etməyə çalışdım. Amma bacarmadım.

- Başa düşürəm. Ailə hər kəsin ortaq dərdidir.

- Sənin də ailənlə aranda problem var?

- Ah, senyor. Dedim axı səbr edin. Əvvəlcə sən əlindəkiləri təqdim elə, bəyənsəm mən də sənə qoşularam. – deyib, gözünün üstünə tökülən saçını əliylə kənara atdı. Vərəqə gözucuyla ötəri bir nəzər salıb, əlavə etdi:

- Bəs sənə nə ilham verir?

- Təbii ki, gözəllik. Gözəl bir gün, gözəl bir hava, gözəl bir rəsm, gözəl bir musiqi və ən əsası gözəl bir qadın.

- Həə, deməli qadınlardan ilham alırsan.

- Yanımdan gözəl bir qadın keçərsə, təbii ki, dönüb ona baxaram. Axı bu insanın təbiətində var. Biz gözəllik aşiqiyik. Tutaq ki, sənin yanından çox gözəl bir qız keçdi. Şeir kimi bir qadın keçdi yanından. Dönüb baxmarsan heç? Təbii ki, baxarsan. Qəlbində qısqanclıq olmayan istənilən qadın ona baxar. Əslində qısqanclar da baxar. Yəni bunu təkcə kişi olduğum üçün eləmirəm. İnsan olduğum üçün edirəm.

- Dilin yaxşı söz tutur. İndi görək qələmin necədir. Mənə yazdığını oxu. Əgər bəyənsəm, növbəti görüşümüzdə sənə özüm haqda danışacağam.

- Yaxşı. Amma indidən xəbərdarlıq edirəm. Bu mənim ilk ciddi yazımdır. Ona görə də möhtəşəm bir əsər gözləmə.

- Sən başla- Eva şərab qədəhini yenidən əlinə alıb, Dominqonun qabağında oturdu və yerini rahatlayaraq dedi- xırda qüsurları bağışlayaram. Əsas hekayə xoşuma gəlsin.

- Yaxşı onda. – Dominqo da şərabdan bir qurtum içib, vərəqlərə ötəri bir nəzər saldı. Boğazını arıtlayıb, asta və həlim səslə oxumağa başladı:

- Ölüm insanın yaşamaq həvəsinin öldüyü o tənhalıq və ümidsizlik dolu qış gecələrində yox, həyat eşqiylə dolub-daşdığı, canlı və təravətli bahar sabahında gəlir. Onun da ölümü məhz bu cür idi. Hər kəsdə olduğu kimi, sadə və mənasız bir ölüm idi. Amma onun digərlərindən fərqi vardı. O Tanrının məşuqəsi idi... Onun bədəninə yalnız ilahi toxunuşlar təmas edə bilirdi. Onun dodaqları sadəcə Tanrıya məxsus idi. Bəzən rahibələr də qısqanırdı onu. Çünki, onlar bəkarətlərini Tanrı üçün saxlayır, mənasız ehtiraslarla kirlənmiş arzulardan qaçınırdılar. O isə buna əhəmiyyət vermirdi. Nə də olsa, Tanrı onu seçmişdi. Hər gecə ayın zərif və təmiz işıqlarıyla yuyunar, cənnətin ən gözəl çiçəklərindən tikilən paltarını geyinər və gizlicə səmaya ən yaxın yerə- sevgilisilə görüşəcəyi həmin dağa tələsərdi. Dağın qoynundakı o kiçik mağaraya dırmaşar, aşiqini gözləyərdi. Eynilə dünən gecə olduğu kimi...

     Ambrosia adəti üzrə çayın mənsəbindən bir qab su götürüb, dağa dırmaşdı. Qaranlığın hakim olduğu mağarada göz-gözü görmürdü. İçəri sadəcə zəif ay işığı süzülürdü. Ambrosia əlini işığa doğru uzadıb, ehtiyatla sudan ovcuna tökdü. Dodaqlarını yavaşca suya yaxınlaşdırıb, asta-asta içməyə başladı. İçib bitirdikdən sonra, ayağa qalxdı. Qamətini düzəltdi. Səmaya boylandı, amma heç bir işarə görə bilmədi. Deyəsən, bu gecə sevgilisinin çox işi vardı. Onun üçün dua edənləri dinləmək, onların dərdlərinə çarə qılmaq heç də asan deyildi. Başa düşürdü onu. Amma yenə də darıxırdı. Axı bu soyuq və kimsəsiz mağarada nə qədər gözləyə bilərdi ki? Onun da danışmağa, əzizlənməyə ehtiyacı vardı. Axı o da qadın idi. Onun da haqqı vardı sevgilisini görməyə. Hətta bu sevgili Tanrı da olsa...

     Ambrosia səssizcə oturub, sevgilisini gözləyərkən birdən kiminsə ona doğru yaxınlaşdığını hiss elədi. Sevgilisinin gəldiyini düşünüb, gözlərini əllərilə qapadı. Amma dodağına qonan gülüşü qapaya bilmədi. Sakitcə sevgilisinin ona yaxınlaşmasını gözlədi. Onu əzizləyəcəyi, nəvazişlə öpəcəyi, onu ağuşuna alacağı anı səbrsizliklə gözləyir, amma səsini çıxarmırdı. Bu onların romantikasının bir parçası idi. O, yüngül bir toxunuş gözləyirdi. Amma bu toxunuş gözlədiyindən xeyli ağır oldu. Başına dəyən güclü zərbədən yıxılıb, huşunu itirdi. Gözünü açanda nə mağaradan, nə də ki, sevgilisindən əsər-əlamət qalmayacaqdı. Çünki o, qaçırılmışdı. Tanrının məşuqəsi qaçırılmışdı...

Signor Bayramlı Məhəmməd.

P.s.: Paylaşıb dəstək olan hər kəsə təşəkkür edirəm)

"Sərxoş" davam edir...