1875- ci il, Bakı...

     Səttar kişi hava qaralanda, dükanın qabağına çıxıb, qurşağından sallanan kisəni açdı və balaca kətili altına çəkib, oturdu. Kisədəki tənbəkiyə bir xeyli baxdıqdan sonra, qəlyanını axtarmağa başladı. Qurşağından güclə çıxardığı qəlyanı tənbəkiylə dolduranda üzündə qəribə bir təbəssüm vardı. Altmışdan yuxarı yaşı olan, üzünü qırış basmış, gözləri uzağı yaxşı görsə də, yaxını seçə bilməyən, arvad – uşaqdan yarımamış Səttar kişinin həyatdakı tək əyləncəsi bu qəlyan idi. Titrəyən barmaqlarıyla tənbəkini dolduranda, bir anlıq gəncliyini xatırladı. At belində keçirdiyi illəri, Üçmüədzində, Şuşada,  Təbrizdə keçən qanlı döyüşləri, ölümlə üz – üzə dayandığı anları xatırlayanda biixtiyar qamətini düzəltdi. Gözləri indi qəlyana yox, küçənin başına zillənmişdi. Amma hiss olunurdu ki, o indi Bakıdan və qocalıq illərindən çox uzaqdadır. Səttar kişi indi at belində, əlində qılınc irəli şığıyır, ölümün bağrına zərbələr endirir və həyatını qan dəryasından bir nəfəsə çəkib çıxarırdı. Sakit məhəllənin yerini səs – küylü döyüş meydanı almışdı. Partlayan topların gurultusu, tüfənglərin çaxmağının səsi, insanı boğan barut qoxusu ətrafı bürümüşdü. Yaralı əsgərlərin nalələri, rus komandirlərin “napadeni”, “davay” və anlamadığı digər əmrləri, səngəri inlədən “Allah Allah” nidaları qulağını kar edirdi. Birdən döyüş meydanı yoxa çıxdı. Hər tərəf dumana qərq oldu. Göz – gözü görmürdü. İrəli doğru addımlayırdı, amma bilmirdi ki, ayağını hara basır. Haradansa bir uşağın ağlamaq səsi eşidilirdi. Amma çox keçmirdi ki, tarın simlərinə toxunan mizrab, onun fikrini uşaqdan yayındırırdı. Musiqi səsinin gəldiyi tərəfə doğru addımlayanda, qəfil duman dağılır və qarşısında “Göy məscid” peyda olurdu. Məscidin qəmə - kədərə bulanmış divarları, gümbəzi ondan imdat diləyir, xilas olmaq üçün az qala yalvarırdı. Ancaq onun əlindən heç nə gəlmirdi. Öz əsgərlərini geri çəksə də, ruslar çəkilən deyildi. Onlar bu şəhəri yağmalamaqla məşğul idilər. Bir zamanlar Xətaini qürurla qarşılayan Təbriz, indi rus əsgərlərinin cənginə keçmişdi. Soyuq oktyabr səhəri şəhərə çökən duman nə qədər qatı da olsa, bu mənzərəni gizlətməyə qadir deyildi. Səttar kişi əlini uzadıb, məscidin divarlarına toxunmaq istəyirdi ki, birdən ətrafdakı hər şey yoxa çıxdı. Boşluğa düşmüşdü, sanki. Nə hərəkət edə bilirdi, nə də səsini çıxarmağı bacarırdı. Sadəcə, izləyə bilirdi. Bir vaxtlar yanından ayrılmayan, ona az qala səcdə edən arvadı Xuraman və oğlu Zahidi izləyirdi. Xoşbəxt idilər. Deyib – gülüb, əylənirdilər. Amma sonra, onu tərk etdilər. Bir səhər oyananda evdə nə oğlu, nə də arvadı vardı. Zahidin erməni qıza olan sevgisi gözünü kor eləmişdi deyə, evdən ayrılmışdı. Canından çox sevdiyi oğlunu tək qoymaq istəməyən Xuraman da onunla birlikdə getmiş, Səttarı tək qoymuşdular. Bunları xatırladıqca, gözlərindən yaş axan Səttar kişi, qəfil eşitdiyi səslə bərabər xəyallar aləmindən ayrıldı və əlinin tərsiylə gözünün yaşını silib, gülümsədi:

- Səttar baba, yaxşısan?

- Leyla, bala sənsən? – Səttar kişi, gözünü qıyıb, qarşısında dayanan qızı başdan – ayağa süzdükdən sonra, dedi. Leyla, iyirmi beş yaşında, boylu – buxunlu, incə belli, alma yanaq, gözəl – göyçək bir qız idi. Həmişə ona baxanda, rəhmətlik anasını xatırlayardı. O da eynilə Leyla kimi idi. Tək fərqi bu idi ki, anası heç vaxt saçını hörməzdi. Amma bu qızı haçan görsə, örpəyinin altından hörülmüş saçları gözünə sataşırdı. Düzü, ona çox yaraşırdı.

- Hə, baba mənəm. Bıy, Allah mənə ölüm ver. – Leyla, onun gözlərinin yaşardığını görüb, dedi. – Baba, nəsə olub? Haransa ağrımır ki? Qoy indi qaçıb həkim çağıraram.

- Yox, ay bala. – qaçmağa hazırlaşan qızın qolundan yapışıb, gülümsəyərək dedi. – Narahat olma sən. Canavar kimiyəm maşallah.

- Bəs xeyirdimi? Niyə ağlamısan?

- A bala, sən də mənim yaşıma çatanda görəcəksən ki, insan durduq yerə də ağlayır. Hökmən bir dərdim olası deyil ha. Elə gözümdən yaş gəldi, mən də saxlamadım.

- Yaxşı, baba. Təki elə olsun. Ver qəlyanını doldurum. – qız qəlyanı və tənbəki kisəsini kişinin əlindən qapıb, dedi.

- Allah köməyin olsun, bala. Bayaqdan əlləşirəm, amma doldurammadım. Bu Asəf də gözə dəymir. Görməmisən onu?

- Yox, baba. – qız qəlyana tənbəkini doldura – doldura dedi. – Yəqin məhəllənin gədə - güdəsiynən oynayır. İyirmi yaşı var. Amma uşaqların dalından aralanmır.

- Qınama e, bala. Onun da ağlı uşaq ağlıdır. Allah onu da belə yaradıb, neyləsin axı. Bir gələcəyi, arvad – uşağı olmayacaq. Qoy heç olmasa uşaqlarnan oynayıb, başını qatsın.

- Eh, baba. Hamı onun xəstə olduğunu bilir. Amma yenə də baxanda adamın inanmağı gəlmir. Boylu – buxunlu, yarlı – yaraşıqlı uşaqdır. Amma di gəl ki, ağlı yoxdur. – Leyla, qəlyanı hazırlayıb, Səttar kişiyə uzatdı.- Al baba.

- Sağol bala. – qəlyanı alıb, kibrit yandırdı. Tənbəkiyə od vurub, müştüyü sümürməyə başladı. Zəhərli tüstünü ciyərlərinə çəkəndə, gözlərinə işıq gəldi. Elə bil, indi nəfəs almağa başlamışdı.

- Ay, baba. Bəlkə tərgidəsən bu zəhrimarı? Vallah narahat oluram e. Bunun ucbatından bir gün başını atıb öləcəksən.

- Mən daha yaşayacağımı yaşamışam. – qəlyandan dərin bir qullab alıb, dedi. – Qalan günlərimi də dad alaraq yaşamaq istəyirəm. Həm də bu olmasa dərdlərim çoxalar. Kədər, qəm, dərd insanı tez öldürür, nəinki qəlyan.

- Nə deyim. Özün bilən məsləhətdir.

- Asəf gəlib çıxmadı. – kişi narahatlıqla başını bulayaraq dedi. – Görən, harada qaldı?

- Yaman çox əzizləyirsən e onu. Qısqanıram a. – Leyla yarı zarafat, yarı ciddi gileyləndi. – Gələr də. Niyə belə narahatsan axı?

- Ay bala. 4 il qabaq onu tapanda, arıq, çəlimsiz bir uşaq idi. Ailəsi öləndən sonra, xəstədir deyə heç kim yiyə durmamışdı ona. Küçədə soyuqdan sitildiyə - sitildiyə oturub, ölümü gözləyirdi. Onu evimə aldım ki, həm yazığın başını soxmağa bir yeri olsun, həm də mən tək qalmayım. O gündən bəri də, bir – birimizə hayan oluruq. Ona görə narahat oluram. O mənim oğlum kimidir. Amma sən anamsan. Sənin yerin ayrıdır, onunku ayrı.

- Yaxşı, baba. Qoy indi gedib axtararam. – Leyla, gülümsəyərək dedi və ayağa qalxdı.

- Yox, bala otur. Qız xeylağısan. Hava qaralıb. Bizim uşaqlardan birini göndərərik. – Səttar kişi sözünü yenicə tamamlamışdı ki, qəfil kiminsə uzaqdan onlara doğru yaxınlaşdığını gördü. Qaranlıq olsa da, gözünü qıyıb baxanda, bunun Asəf olduğunu başa düşdü. Dörd ildir hər hərəkətini əzbərlədiyi oğulluğunu yerişindən tanıyırdı artıq. Onu görəndə üzündə ani gülüş oyansa da, qısa müddət sonra yenidən yoxa çıxdı. Deyəsən, nəsə olmuşdu. Asəf səndələyə - səndələyə gəlirdi. Normalda da belə yeriyirdi, amma bu səfər sağ ayağını yerə basanda həmişə olduğu kimi çox saxlamır, tez geri çəkirdi. Səttar kişi, ayağa qalxanda Asəfin arxasınca gələnləri gördü və haqlı olduğunu anladı. Onlar yavaş – yavaş dükana doğru yaxınlaşırdılar. Bu zaman Səttar kişi, Leylaya dönüb, astadan dedi:

- Qızım, dur içəri keç. Mənim tüfəngimi hazırla. Yadındadır da necə hazırlanır, hə?

- Hə, baba. Narahat olma. – Leyla dinməz – söyləməz içəri keçdi. O artıq yaxşı bilirdi ki, Səttar kişinin sözünə qarşı çıxmaq olmaz. Həm də Asəfi o da görmüşdü deyə, az – çox işin nə yerdə olduğunu təxmin edə bilirdi. Dükandakı köhnə sandıqçanı açanda, əsgiyə bükülmüş tüfəngi gördü. Güllə qutusunu tapdıqdan sonra, tüfəngi hazır vəziyyətə gətirdi. Qapının arxasında dayanıb, Səttar kişidən xəbər gözlədi.

     Aralarındakı məsafə qısaldıqca, Səttar kişi gələnlərin kim olduğunu təxmin edirdi. Bu bir neçə gün qabaq gələn erməni dəstəsi idi. Gəlib məhəllədən pul yığmağa çalışmış, verməsələr evlərini od vurub yandırmaqla təhdid eləmişdilər. O vaxtı Səttar kişi söhbətə qarışmamışdı. Çünki, Cavidan və bir neçə gənc onların qabağını kəsmiş, cavablarını vermişdilər. Amma deyəsən, bu səfər qarışmalı olacaqdı. Bu səfər Cavidan ortalıqda yox idi. Həm də onun oğulluğunu döymüşdülər. Asəfin ağzı – burnu qan içində üstünə doğru yeridiyini görəndə, gözlərində qəzəb alovu parladı. Titrəyən əllərini möhkəmcə sıxdı. Ovunu gözləyən pələng kimi ermənilərə baxır, daha da yaxınlaşmaqlarını gözləyirdi. Asəf atalığını görüb, ona doğru qaçmağa başladı. Səndələyə - səndələyə dükana doğru qaçanda, ayağı daşa ilişdi və yıxıldı. Səttar kişi ona yaxınlaşıb, sakitcə Asəfi ayağa qaldırdı. Onu kətildə otuzdurub, geri çevriləndə, bayaqdan asta – asta addımlayan ermənilərin qaçaraq məhəlləyə yayıldıqlarını və qarşılarına çıxanı vurub aşırdıqlarını gördü. Başlarında gələn kök, iri burnu içməkdən qıpqırmızı olmuş, keçəl, əlindəki revolveri etinasızlıqla yelləyən ( bu silahları ruslar hələ yeni istifadə eləməyə başlamışdılar, yüksək rütbəli rus zabitləri və zadəganlar xaric heç kimə verilmirdi. Bircə ermənilər müsəlmanları qorxutmaq, rus ağalarına daha yaxşı xidmət etmək üçün bu silahları pulsuz əldə etmişdilər.) erməni dükanın beş addım irəlisindəki tut ağacına söykənib, sırtıq – sırtıq gülümsəyərək dedi:

- Ara, bu gün deyən təksiniz ha? O keçən dəfəki gədə də yoxdur.

- Hə, Vazgencan. Bu gün istədiyimizi almamış gedən deyilik.

- Tiqran, get o keçən səfər gördüyümüz qızı gətir. – deyə köməkçisinə səsləndi.

- Baş üstə.

     Cəld məhəlləyə doğru qaçdı. Quldurların başçısı gözünü Səttar kişi və Asəfə dikib, qəhqəhə çəkdikdən sonra, dedi:

- Ara, bu gədəni kim buraxıb küçəyə axı? Uşaq  - muşaqla oynayırdı. Tayları uşağını oynadır, bu da dəli kimi ortalıqda fırlanır.

- Ağzının danışığını bil. – Səttar kişi qətiyyətlə dedi. – Allah vurub onsuz bu uşağı, siz niyə vururdunuz? Nə eləmişdi ə, sizə?

- O sizə göz dağı olsun. – silahı məhəlləyə doğru qaldırıb, dedi. – Burada qaldığınız üçün dua etməlisiniz. Biz sizi buradan qovmamışıqsa, şükr eləyin və vaxtlı – vaxtında pulumuzu ödəyin. Yoxsa, hamınızın axırı bu gədə kimi olar.

- Sən şükr elə ki, hələ başın bədənindən ayrılmayıb. Əlim – ayağım dəyməmiş rədd olun buradan.

- Qoca, çox danışma. Bu saat səni əcdadlarınnan qovuşdurarıq.

- Aranızda buna kişiliyi çatan varsa gəlsin.

- Ara, Tiqrancan. - əliboş geri qayıdan erməniyə üzünü tutub, dedi. – Get bu qocanı sal təpiyinin altına. Çox danışır.

- Baş üstə Vazgencan.

     Sırtıq – sırtıq gülümsəyən erməni, Səttar kişiyə yaxınlaşıb, yaxasından yapışmaq istəyirdi ki, kişi onun biləyindən tutub, qolunu necə burdusa, gədə başı kəsilmiş toyuq kimi çabalamağa başladı. Buu görən Vazgenin üzündəki gülüş birdən – birə silindi. Səttar kişi, qəzəbli baxışlarını ermənilərə dikib, amiranə səslə dedi:

- Ə, qurumsaqlar. Belə qudurmusunuz? Ə, kimin torpağında, kimə əmr verirsiniz? Sizin torpağınız var ki, camaata da hökm verirsiniz? Bircə çıxdığınız deşik var. O da bəsinizdir. Sakitcə yaşayırıq. Elə eləməyin ki, sizi bir dəfəlik rədd eləyək buradan.

- Ara, Tiqran. Bir qocaya da gücün çatmır e. Tez olun gedin bunu tutub gətirin yanıma. – deyə digər quldurların üstünə qışqırdı.

     Özlərini itirən ermənilər hamısı birdən Səttar kişinin üstünə cumanda, o əvvəlcə qolunu burduğu ermənini digərlərinin üstünə atdı, sonra da qapının ağzında dayanan Leyladan tüfəngini istədi. Qız cəld silahı kişiyə uzadıb, gizləndiyi yerə qayıtdı. Səttar kişi, tüfəngi ermənilərə tuşlayıb, dedi:

- Gəlin, oğraşlar. Cəhənnəmə bu gün havayı aparacaqlar sizi.

- Ə, gedin də. – silahı görən ermənilərin duruxduğunu görən Vazgen, dedi. – Qoca nə bilir silah atmaq nədir? Cumun üstünə.

- Mən Təbrizdə, Üçmüədzində baş kəsəndə sən hələ doğulmamışdın. Kişiliyi çatan varsa gəlsin. Düzü, sizdə kişi çətin tapıla, oğraşlar. Gəlin.

     Bir yandan silahlı qoca, digər yandan da boğazını yırtan Vazgeni görən ermənilər bilmirdilər nə eləsinlər. Vazgendən qurtulmaq asan məsələ idi. Amma bu qocanın zarafat edən halı yox idi. Əgər bir addım da atsaydılar, yəqin ki cəhənnəmə vasil olacaqdılar. Onlar tərəddüd içində gözləyərkən, məhəllədən digər quldurların qaça – qaça onlara yaxınlaşdıqlarını gördülər. Arxalarınca da bir qrup əlində dəhrə, dəryaz və yaba olan müsəlman gənc gəlirdi. Hamısı bir ağızdan qışqırırdı:

- Oğraş qurumsaqlar. Gəlin bura.

     Gəncləri görən ermənilər arxalarına baxmadan qaçmağa başladılar. Onlar gözdən itəndən sonra, müsəlman gənclərin arasından biri Səttar kişiyə yaxınlaşıb, dedi:

- Səttar baba, yaxşısan?

- Hə, bala. Hələ o qədər qocalmamışam ki, iki dənə südəmər mənə doy gəlsin.

- Məhəllənin o başındaydıq. Xəbərimiz olmadı deyə gecikdik. Nadir getdi Cavidanı çağırsın. O da bir azdan özünü yetirər.

- Yaxşı, bala. Keçib əziyyətindən, uşaqlardan birinə de, Asəfi bizim evə aparsın, qorxub yazıq uşaq. Həkimi də çağırsınlar. Mən gələnə kimi də başında gözləsin.

- Baş üstə, Səttar baba. – deyib, oğlanlardan birinə yaxınlaşdı. O da, Asəfi götürüb, yavaş – yavaş Səttar kişinin evinə doğru irəlilədi.

- Denən həkimə, mən onunla sonra hesablaşaram. – Asəfi aparan oğlanın arxasınca səsləndi.

     Oğlan başını razılıq əlaməti olaraq yellədi və Asəflə birgə uzaqlaşdı. Gənclər aralarında bölgü apardıqdan sonra, hərəsi bir yana dağılışdı. Məhəlləyə nəzarət eləmək üçün iki nəfər küçənin girişində gözləməyə başladı. Bir az keçmişdi ki, Nadir və Cavidan təngənəfəs məhəlləyə girdilər. Səttar kişiyə yaxınlaşıb, dərin bir nəfəs aldıqdan sonra, Cavidan dedi:

- Gecikdik deyəsən. Çatdıra bilmədim. Yenə həminkilər idi?

- Hə, bala. Onlardı. Əl çəkən deyillər.

- Mən indi gedib onların əlini bir dəfəlik kəsərəm, onda bilərlər.

- Dayan a bala. – Səttar kişi, gözündən od saçılan Cavidanın qolundan tutub, dedi. – Onlar da bunu istəyir. Sən nəsə eləsən, deyəcəklər ki, müsəlmanlar bizi qırırlar. Böyük qardaşlarından kömək istəyəcəklər. Belə olanda işimiz çətin olar. Gərək ağılla hərəkət edək.

- Baba, mənim ağlım qəzəbimin kölgəsində görünməz olur. Mənimkisi işdir. Sən nə etməliyik de, mən də edim.

- Ağacın budağını kəssən, yerinə daha guru çıxar. Əgər ağacı öldürmək istəyirsənsə, onda onu torpağa bağlayan köklərini kəsməlisən bir – bir. Biz də elə edəcəyik. Kökləri kəsmək vaxtı çatdı bala. Al bıçağını əlinə, kəs bu gecə.

- Əminsən, baba?

- Hə, bala. Artıq vaxt yetişib. Bu gecə başlamaq lazımdır.

     Nadir Səttar kişinin tapşırığı ilə Leylanı evinə qədər ötürəndə, Cavidan və Səttar kişi planlarını müzakirə eləməyə başladılar...

        Gecə yarısına bir az qalmış...

     Ay buludların arxasında gizlənəndən bir az sonra, yağış yağmağa başladı. Əvvəl çisələsə də, sonradan şiddətlənən yağış damlaları, damlardan şırıltıyla süzülürdü. Şəhərin soyuq havası indi daha da soyuq olmuşdu. Küçələrdə səssizlik hakim idi. İns- cins gözə dəymirdi. Təkcə köhnə mehmanxananın qarşısındakı ikimərtəbəli evdən on beş addım kənarda bir qaraltı görünürdü. Həmin qaraltı, evin çürümüş taxta qapısını bir az güc elədikdən sonra, açıb içəri girdi. İslanmış saçını əliylə qarışdırıb, ikinci mərtəbəyə çıxdı. Çoxdandır heç kimin istifadə eləmədiyi otaqlardan birinə girdi və tor basmış pəncərəyə yaxınlaşıb, əyildi. Heç kimin oraya baxmaq ağlından keçməsə də, ehtiyatlı olmağa çalışırdı. Rahat görə bilmək üçün pəncərənin tozunu sildi. Ətrafda heç kim gözə dəymirdi. Təkcə mehmanxanadan səslər gəlirdi. Musiqinin və gülüşlərin səsi bütün küçəni ağuşuna almışdı. Səssizcə gözləməyə başladı. Ürəyi sıxıldığı üçün cibini eşələyib, güclə tapdığı iki zeytun yarpağını ağzına atıb, çeynəməyə başladı. Bir müddətdir siqareti tərgitməyə çalışırdı. Həm ciyərlərinə ziyan olduğu, həm də axırıncı dəfə siqaret ucbatından tutulub, yaxşıca döyüldüyü üçün artıq bu vərdişindən əl çəkməyə çalışırdı. Onun yerinə zeytun yarpağı çeynəyirdi. Düzdür, siqareti əvəz eləməsə də, başını qatırdı ən azından. Həm də təhlükəsiz idi. Bir müddət yarpağı ağzında gəvələdikdən sonra, çürümüş döşəməyə tüpürdü. Ağzında acı bir tam qalmışdı. Ağzını yaxalamaq üçün bir şüşə şərab istərdi, amma bunun üçün vaxtı yox idi. Həm də indi iş üstündəydi. Ona görə də, ayıq olmalıydı. Başını silkələyib, küçəni izləməyə davam etdi. Bir az keçmiş, jiletindən sallanan zəncirli saatını, mehmanxananın qapısı üstündən asılmış lampadan yayılan zəif işığa doğru tutdu. Gecə yarısına az qalmışdı. Amma hələ də heç nə yox idi. Gözünün qabağında qaldıqca əsəbiləşdiyi üçün, saatı cibinə qoydu.  “Ax, indi bir siqaret nə yaxşı gedərdi.” deyə düşündü bir anlıq. Amma tez də başını bulayıb, axmaq düşüncələri özündən uzaqlaşdırdı. İslanmış saçları alnına yapışmış, hərdən də gözlərinin üzərini örtürdü. Saçını əliylə arxaya darayıb, pəncərədən boylananda, bu səfər bir neçə nəfərin gizləndiyi evə doğru yaxınlaşdığını gördü. Üzləri görünməyən bu adamların kim olduğunu təxmin eləsə də, əmin olmadığı üçün belindəki revolveri çıxardı və pilləkənin başında pusquya yatıb, gözləməyə başladı. Pilləkəni asta – asta çıxdıqlarını bilsə də, heç bir səs eşitmirdi. Halbuki, özü çıxanda düz üç dəfə cırıldamışdı köhnə pillələr. Bir az sonra qarşısında üzü yaşmaqlı bir neçə nəfəri görəndə, silahı onlara doğru tuşladı və gülümsəyərək dedi:

- Əslində yaxşı öyrənmisiniz. Səsiniz gəlmirdi. Amma bir az daha ehtiyatlı olmalısınız, Cavidan qardaş.

- Sən çox ehtiyatlısan ki? – üzündəki yaşmağı açan Cavidan, qəfil oğlanın əlindəki silahı alıb, özünə tuşladı və əlavə etdi- silahı tuşlamaq asandır. Amma onu istifadə edəcək cəsarətin olmasa, işin bitər. Ehtiyatlı ol Hüseyn. – silahı sahibinə qaytarıb, dedi. – Növbəti dəfə belə səhv eləsən, üç dəfə qaldırıb – endirib, basdırmağa apararlar səni.

- Əminəm ki, çox ağlayarsan. – deyib, gülə - gülə Cavidana yaxınlaşdı və qucaqlaşdılar. Daha sonra, otağa keçib, pəncərənin qarşısında dayananda, Hüseyn gözünü mehmanxanadan çəkmədən dedi:

- Qardaş, axtardığın adam içəridədir. Mehmanxananı boşaldıblar ki, rahat əylənə bilsin. Adamları gəlməyib. Yəqin ki, heç kimin onu burada görməsini istəmir. Buraya gəlməmişdən qabaq bir erməni qızını götürməyə getmişdi. Onunla birgə ikinci mərtəbədə, birinci otaqdadır. - əliylə pəncərəsində kölgələrin sayrışdığı otağı işarə edərək dedi.

- Yəni təkdir?

- Tək gəlib. Amma məncə içəridə tək deyil. Hər nə qədər ehtiyatlı hərəkət edib, heç kim görməsin deyə tək gəlmiş olsa da, onun necə qorxaq olduğunu məndən yaxşı bilirsən. Əgər içəridə onu qoruyacaq adam olmasaydı, buraya gəlməzdi.

- Başa düşdüm. Biz hər şeyə hazırlıqlıyıq.

- Qardaş, əminsən? Silahdan istifadə etməyi öyrənmisiniz?

- Narahat olma. Komendantın xidmətçilərindən biri bizim adamdır. O bizim uşaqlara silahdan necə istifadə etməli olduqlarını öyrədib. Hər gecə taxta hədəfləri vururduq, bu gecə canlı hədəfi vuracağıq.

- Yaxşı. Onda siz hərəkətə keçin. Mən hər ehtimala qarşı gizlənməliyəm. Əgər kim olduğumu bilsələr, bir daha silah tapa bilmərik.

- Yaxşı. Sən gizlən burada. Biz bir azdan qayıdırıq.

     Cavidan və adamları çölə çıxdılar. Gizlincə mehmanxanaya yaxınlaşdılar. Ətrafda heç kim gözə dəymirdi. Dərin bir nəfəs alıb, qapını döyən Nadir, qapını açan kök, orta boylu, gözlərində təəccüb ifadəsi donub qalan ermənini ağzını açmağa macal tapmamış, alnının ortasından vurdu. Ardınca da Cavidangil içəri soxuldular. Onlar cəld bütün erməniləri öldürüb, yuxarı qalxdılar. Cavidan otağın qapısına çatanda artıq birinci mərtəbədə yeddi erməni leşi vardı. O, qapını təpiklə açıb, silahı çarpayıda erməni qızın üstündəki, frakını soyunmağa belə macal tapmamış zabitə tuşladı. O, silahı görəndə dəhşət dolu baxışlarını qarşısında dayanan bu adamdan çəkmədən, yavaşca çarpayıdan aralandı. Qız açıq qalmış bəyaz sinəsini balışla gizləməyə çalışdı. Zabit titrək səslə dedi:

- Sə...sən kimsən?

- Qısaca əcəlin deyə bilərik.

- Məndən nə istəyirsən? Pul istəyirsənsə, orada masadadır hamısı. - əlini endirmədən, başıyla masanı göstərərək dedi.

- Mənim bu gecə səndən alacağım şey sadəcə canındır Vasili Petrovski.

- Sən rus zabitini öldürərək, ölüm fərmanını imzalamış olarsan sadəcə. – öz adını eşidəndə, birdən – birə ürəklənərək dedi.

- Rus? Ay oğraş, sən erməni olduğunu unutmusan yoxsa bizi qoyun yerinə qoyursan?

- Mən...mə..məə...mən... – danışa bilmir, kəkələyirdi. Gözlərində qorxu dolu bir ifadə vardı.

- Nə mələyirsən? Bu gün arxasında durduğun, sənə arxalanan hər bir erməni başa düşəcək ki, bura türk torpağıdır. Bizim qarşımızda dayanmağa cəsarət edənin arxasında dağ dayanmalıdır ən azından. Amma o da kar eləməz. Yeri gəlsə, dağı yandırarıq. Vasili Petrovski, ya da adın hər nə zibildirsə. Cəhənnəmə gedən karvanda yerin hazırdır. Gəbər əclaf. – deyib, tətiyi çəkdi.

     Zabit al- qan içində yerə səriləndə, qız qəfil cikkə çəkdi. Cavidan silahı ona tuşlayıb, dedi:

- Sakit ol. Dilimizi bilirsən? – qız razılıq əlaməti olaraq başını yellədikdə, Cavidan əlavə etdi.- Bu gün gördüklərini gedib sahibinə çatdırsan həyatını bağışlayaram.

- Ya...ya... yaxşı. Söz verirəm.

- Tez ol qalx ayağa. Düş qabağıma.

     Qız tez- bazar çarpayıdan ayağa qalxdı. Pilləkənlə aşağı düşəndə bir – iki dəfə büdrəsə də, yoluna davam elədi. Çünki, bilirdi ki, burada ləngidiyi hər dəqiqə ömründən gedir. Qız ətrafa sərilmiş erməni leşlərinə və üzündə yaşmaq olan bu adamlara baxdıqda, az qaldı ürəyi yerindən çıxsın. Amma özünü cilovlayıb, qapıya doğru addımladı. Qapıdan çıxmağa az qalmışdı ki, Cavidanın səsini bir daha eşitdi:

- Sahiblərinə bunları yaxşı – yaxşı danış. Daha sonra da ölkəni tərk elə. Yenə qarşıma çıxsan, bu səfərki kimi mərhəmətli olacağıma söz vermirəm.

     Qız başıyla razılığını bildirib, qaçaraq oradan uzaqlaşdı. Nadir qız getdikdən sonra, ətrafa nəzər saldı. Heç kimin olmadığını görüb, dedi:

- Qardaş, nahaq yerə buraxdın onu. Bu fahişə dəqiq başımıza oyun açacaq.

- Qorxma. Heç nə olmaz. Qoy getsin, yiyələrinə başa salsın ki, əgər bir az da irəli getsələr, hamısının axırı belə olacaq.

- Yaxşı qardaş. Sən bilən məsləhətdir. – deyib, qollarını yana açdı.

     Mehmanxanadan çıxıb, Hüseynin gizləndiyi evə yaxınlaşanda, Cavidan Nadirdən başqa hamının dağılışmasını istədi. Bura təhlükəliydi çünki. Hüseynlə danışdıqdan sonra, onlar da gedəcəkdilər. Cavidan evə daxil olub, yuxarı çıxdıqda, Nadir içəridə qapının ağzında gözləməyə başladı. Pilləkəni sürətlə çıxan Cavidan, Hüseynlə qapıda qarşılaşacağını gözləyirdi. Amma olmadı. Səsi çıxmırdı. Cəld otağa girdi. Hüseyn pəncərənin ağzında yerdə yatırdı. Tez yanına yaxınlaşdı. Nəbzini yoxlayanda, anladı ki, yaşayır. Sadəcə huşunu itirmişdi. Kimsə onu arxadan vurmuşdu. Cavidan ayağa qalxıb, bunu edəni tapmaq istəyirdi ki, zəif də olsa ayaq səsi eşitdi. Çox keçməmiş silahın soyuq lüləsi boynuna dirənmişdi...