Küçədə günəşin parlamasına baxmayaraq köhnə beş mərtəbəli binanın 5-ci mərtəbəsi, pəncərədən asılmış qalın pərdələrə görə qaranlıq idi. Əslində bu otağın normal halı idi. Otaq, içki şüşələri və siqaret qalıqları ilə döşənmişdi sanki. Rəfdə olan kitabların üstündəki qalın toz təbəqəsi, onlara aylarla bəlkə də illərlə əl dəymədiyindən xəbər verirdi. Stolun üstündə günlər öncədən qalmış yemək artıqları artıq çürümüşdü. Bura həşəratlar üçün cənnət, insan üçünsə bataqlığa oxşayırdı.

Otağın küncündə isə uzun sarı saçları üzünə tökülmüş, soyuq insan cəsədi var idi. Cəsədin ətrafı isti qanla mühasirəyə alınmışdı.

Otağın birdən işıqlanması sanki Anarı yenidən həyata qaytardı. Gözlərini yorğun halda açıb ətrafa nəzər saldı. İşığın hansı tərəfdən gəldiyini görmək istəyirdi. Tam sol tərəfində bir insana bənzər amma qanadlı bir varlıq gördü. Ağ qanadları o qədər geniş idi ki, yəgin ki, bu kiçik otaqda qanadlarını tam açmaq ona çətinlik törədəcəkdi. İlk öncə bu görüntü onu qorxuya salıb həyəcanlandırsa da yerdəki qanı, biləklərindəki kəsiyi görüb vəziyyətin nə yerdə olduğunu anladı.

- Salam - mələk mehribancasına dedi.

- Salam - bir neçə dəqiqə mələyə baxdıqdan sonra istehza ilə əlavə etdi - Əzrailin işi çıxmşdı? Yerinə səni göndəriblər?

- Elə mən Əzrailəm.

- Bir anlıq təəccüblə baxdıqdan sonra dedi - Amma mən səni qara paltarda xəyal etmişdim. Daha doğrusu təkcə mən yox bütün insanlar səni qara paltarda təsəvvür edir.

- Yox, bu mənim daimi görünüşümdü.

-  Və səni qorxunc təsəvvür edirdilər amma sən insanların təsvir etdiyindən daha yaxşısan.

- Çox sağol. - dedi mehribancasına.

- Yorulmamısan adam öldürməkdən?

- Səncə səni mən öldürmüşəm?

- Yox.

- Necə ki, səni mən öldürməmişəm eləcə də digərlərini də mən öldürməmişəm. Biz mələklər qatil deyilik. Qatil siz insanlarsız. Əsəbinizə, hərisliyinizə üstün gələ bilmirsiz və nəticəsində insanlar ölür. Digərlərinin isə ömrü sona çatır və bir yolla ölməlidi. Bunu da mən etmirəm. Allah necə buyurursa elə də olur.

- O zaman Allah qatildi?

- Xeyr. Sənə borc verdiyi həyatı səndən alması qatillikdi?

- Yox. - bir neçə dəqiqə səssizlikdən sonra Anar əlavə etdi - Niyə özümü öldürdüyümü soruşmayacaqsan?

- Əslində bilirəm amma yenə də soruşum. Niyə özünü öldürdün?

- Başımın içindəki suallar, düşüncələr məni çox yorurdu. Sırf bu sualların cavabını tapmaq üçün özümü öldürdüm. 

- Nədi o suallar?

- Allah bizi nə üçün yaratdı? Niyə talehimizi yazdı? Əgər nəyi nə zaman edəcəyimizi, hər seçimimizi özü yazıbsa nə üçün öz yazdığını bizdən sorğulayır? Axı hansı mənsəbə qulluq edirik? Və ya etməliyik? Bilirsən insanlar da şeytan kimidi getdikcə çirkinləşir və Allaha üsyan qaldırır, başqalarını da bu üsyana daxil edir. Sadəcə bir neçəsi mələklərə bənzəyir. Əgər Allah insanlığın bu qədər pozulacağını bilirdisə nə üçün bizi yaratdı? Bu dünya insanlarla yox, heyvanlarla daha gözəldi. Biz insanlar isə o heyvanları öldürürük. Bu bədəndən iyrənirəm. İçimdəki ruhu azad buraxmaq üçün dərimi soymağa belə razıyam.

- Allah sizi ali varlıqlar kimi yaratdı sizə biz mələklərdə olmayan şeyi verdi. Sizi yaradarkən içinizə bir parça özünü qoydu. Hamınızın içində Allah var amma siz bunun fərqində deyilsiz. Onun keçirtdiyi hisslərə sahibsiz, Onun qədər olmasa da siz də yaradıcısız. Sadəcə bunun fərqində deyilsiz. Və Allah sizin talehinizi yazarkən harda, nə zaman, doğulacağınızı və harda, nə zaman öləcəyinizi yazdı. Etdiyiniz hər hərəkətdən, seçdiyiniz hər bir seçimdən özünüz məsulsuz. Hər bir insanın içində bir parça şeytan da vardır ki, bəziləriniz ancaq ona uyursuz. Hətta çoxunuz deyərdim. Və sonra da dünya çirkinləşir deyirsiz. Sənsə intihar etməkdənsə heç olmasa bir nəfəri belə düzəltməyə çalışsaydın daha çox işə yarayardın.

- Bir nəfərlə nə olacaq?

- Bir nəfər belə ümüd mənbəyidir. Gələk axırıncı məsələyə. Heyvanların daha yaxşı yaşamasına səbəb isə onların Allahın buyurduğu kimi yaşamasıdı. Onlar təbiətin qayda qanunundan kənara çıxmırlar. Və əlindəkilər ilə yetinirlər, daha çoxunu istəmirlər. Sadəcə bu qədər. İndi isə getməliyik. Başa düşürsən də?

- Başa düşürəm...