1942-ci il, Berlin...

     Soyuq qış küləyi otağı ağuşuna alanda gecə saat ikiyə iyirmi beş dəqiqə qalmışdı. Göydə qatı buludlardan başqa nəsə gözə dəymirdi. Ulduzlar küsmüşdü şəhərə. Əsgərlərin ayaq səslərindən başqa nəsə eşidilmirdi küçədə. Pəncərələrin pərdələri çəkilmiş, evlər əsrlərlə gizli qalmış mağaralar kimi qaranlığa qərq olmuşdu. İnsanlar yarasa kimi qaranlıqda yaşamağa öyrəşmişdilər. Ya da ən azından özlərini buna inandırmağa çalışırdılar. Təbii ki, bu Berlinin sadəcə bir üzünə xas idi. Digər üzünə nəzər salsan, çiyinlərinə xəz palto atıb, siqarlarını yandırmaq üçün bir centlmen axtaran qadınları, maşından aşağı enən kimi uniformasını düzəldən zabitləri görər, salonlardan ucalan musiqi sədalarını dinləyə bilərdin. İkiüzlü şəhərin bir tərəfində toqquşan qədəhlərin, digər tərəfində isə kanalizasiyada yaşayan siçovulların səsi eşidilirdi. Bir də o, zəif şam işığında, gizlicə soyuq otağın bir küncünə çəkilib, zərif barmaqlarını üzərində gəzdirdikdə çıqqıldayan daktilonun səsi...

     Şamın zəif işartısı vərəqi güclə aydınladır, buna baxmayaraq o, daktilonun sərt səthini oxşamağa və daxilindəki təlatümləri ifadə etmək üçün yazmağa davam edirdi. Artıq 3 saat idi ki, yazırdı. Yorulduğunu hiss eləməyə başlamışdı. Amma barmaqları sözünə baxmır, yazmaqdan əl çəkmirdi. Hərdən gözünün üstünə tökülən saçını başının bir hərəkətilə yana atır, hərdən də qaşınan boynunu çiyninə sürtərək yazmağa davam edirdi. Elə bil, kimsə başının üstünü silahla kəsdirib, onu zorla yazmağa məcbur edirdi. Sanki, yazmasa öləcəkdi. Bəlkə də, həqiqətən öləcəkdi. Axı o yazıçı idi. “Uzun müddət nəsə yazmaya bilərsən. Ancaq səhər oyanandan, gecə yatana qədər hansısa bir hekayənin sujetini düşünmürsənsə, onda təəssüf edirəm. Sən artıq yazıçı deyilsən”- deyər və onu daim nəsə yazdığı üçün məzəmmət edən və bir az da dincəlməyini tövsiyyə edən dostlarının dediklərini qulaqardına vurardı. O yaxşı bilirdi ki, bir gün ya xəstəlik, ya da ki, qocalıq onu heydən salacaqdı. İkisindən biri olmamış, bacardığı qədər yazmaq istəyirdi. İki gündür nə yazacağını düşünürdü. Beynində yüzlərlə sujet vardı. Ancaq hansını yazacağını bilmirdi. 3 saat əvvəl nə yazacağına əmin olduqda, daktilonun başına keçdi və bəyaz vərəqə sadəcə 4 söz yazdı: Dünyanın Sonunu Gözləyən Qadın. Daha sonra vərəqi kənara qoyub, yazmağa başladı. İndi sadəcə vərəqi dəyişmək üçün dayanırdı. Kənardan baxan olsa deyərdi ki, kimsə onun qulağına pıçıldayır bu sözləri. Çünki, heç dayanmadan, bir an belə düşünmədən yazırdı:

     “ O, sadəcə küçəyə baxırdı. Evin içində dolaşan siçovullara fikir vermir, yerindən vacib nəsə olmadıqca tərpənmirdi. Təbii ki, onun üçün vacib olan şeylər də tamam fərqli idi. Belə ki, iki gün əvvəl qonşuluqdakı ev yanıb, alovlar dama sıçrayanda belə evini tərk eləməmiş, pəncərənin qarşısından ayrılmamışdı. Nə də hava həyəcan siqnalı vaxtı camaat vəlvələyə düşəndə tərpənmişdi yerindən. Onun üçün vacib olan, hər səhər saat ona iyirmi dəqiqə işləmiş çalınan musiqini dinləmək, müharibə vaxtı ölənlərin siyahısının açıqlandığı günorta xəbərləri və ovuclarında möhkəm tutub saxladığı fincanın boşalması idi. Bundan başqa heç nə onu yerindən tərpənməyə məcbur edə bilməzdi. O, heç bir məna ifadə etməyən baxışlarını küçəyə zilləyir, arada küçədə top oynayan uşaqlara güclə hiss olunan bir təbəssümlə baxır, fincanı əlindən yerə qoyanda hərdən saçlarına sığal çəkirdi. Uzun müddət idi ki, saçını yumurdu. Ancaq heç bir qoxu gəlmirdi saçından. Bəlkə də, öyrəşmişdi deyə belə hiss edirdi. Bəlkə də, doğrudan da belə idi. Axı bəzi qadınlar günlərlə özlərinə əl gəzdirməsə də, gözəl olurdu. Dizinin üstünə güclə çatan ətəyinin üstü də pis gündəydi. Sapsarı saralmışdı. Halbuki, onu alanda rəngi yaşıl idi. Buna əmin idi. Çünki, sevimli ərinin sevdiyi rəng bu idi. Hətta ətəyini geyinib onun qarşısına çıxanda, ehtirasa gələn ərinin əllərini budunda hiss eləmiş, bu möhtəşəm anı dodaqlar möhürləmişdi. Ertəsi gün səhər rəfiqələri evinə qonaq gələndə, ətəyini ağız dolusu tərifləmişdilər. Balaca qızı da bunu çox sevirdi. Güzgünün qarşısında saçını darayanda yanına gəlir, ətəyini çəkişdirirdi. O da məcbur olub qızını qucağına alır və daraqla saçını darayırdı. Onun ipək kimi saçlarının qoxusu hələ də burnundan çəkilməmişdi. Gözəl qonur gözlərinə hər dəfə baxanda özünü başqa bir aləmdə hiss eləyir, hər dəfə onu qoxlayanda qəlbinin dərinliklərinə qədər yayılan bu ətir, ona bütün dərdlərini unutdururdu. Bu qoxunu təsvir etməkdə çətinlik çəkərdi həmişə. Yasəmən idi. Yox, yox qızılgül idi. Yox, daha fərqli bir şey idi. İndiyə kimi bu qoxunun nə olduğunu tapa bilməmişdi. Düzü, indi onu xatırlamaqda çətinlik çəkirdi. Bu xatirələr də, eynilə ətəyi kimi sapsarı saralmış, öz təravətini itirmişdi. Qızı da həmçinin. İndi onun cəsədi soyuq torpağın altında çürüyürdü. Əvvəlki təravətindən əsər-əlamət qalmamışdı. Qızının yoxluğuna öyrəşmək heç də asan olmamışdı. Ancaq nə yaxşı ki, əri vardı. Onu hər şeydən çox sevən əri. Düzdü, müharibənin ucbatından evdə tapılmırdı. Amma əmin idi ki, əri onu çox sevir. O bunu dəfələrlə sübut etmişdi. İllər əvvəl anasının dəfnində hamıdan qabaq əri onun imdadına çatmışdı. Həmin vaxtlar adi bir leytenant idi və yenicə tanış olmuşdular. Qoca anasının ayağı axsayan şkafın altında qalıb, saatlarla qıvrandıqdan sonra can verdiyi həmin gündən sonra özünə gələ bilməyəndə, əri onun yanında olmuşdu. Qızını itirdikdə də əri onu tək qoymamışdı. Saatlarla qızının otağında oturub, gözünü onun yatağına zilləyir və bir kəlmə də kəsmirdi. Amma əri onu tək qoymurdu. Onu atıb getmirdi. Biləndə ki, qızının ölümü ona görə olub, yenə də atmamışdı onu. Hə, hə o bunu bilirdi. Əmin idi ki, əri bunu bilir. Axı qızını əlləriylə boğub öldürdüyünü necə bilməsin? O bunu bilirdi. Eynilə, üzərinə şkafı aşırıb, ağır şkafın altında saatlarla qıvranan anasının necə can verdiyinə tamaşa etdiyini bildiyi kimi, bunu da bilirdi. Amma onların sevgisi qırılmaz idi. Əbədi idi. Bu dünyada ən vacib şey onların məhəbbəti idi. Heç kim bunu onların əlindən ala bilməzdi. Hətta qızları belə. Atasının bütün sevgisini öz üzərinə götürən o dəcəl, şıltaq qızcığaz barmaqları arasında can verəndə gözlərində parlayan qəzəb qığılcımlarını əri çoxdan hiss eləmişdi yəqin ki. O da bunu istəyirdi. Hə. İstəyirdi. Ya da ən azından o belə düşünürdü. “Əzizim sən onu aradan götür və biz yenə səninlə həmişəki kimi, xoşbəxt olaq. Sən yenə o yaşıl ətəyini geyinərsən və biz səninlə gecədən səhərə kimi əylənərik.” - deyirdi əri. Diliylə deməsə də, baxışlarıyla deyirdi. Axı onu arvadından yaxşı kim tanıya bilərdi ki? Öz sevimli, şıltaq və cazibədar arvadından başqa heç kim.

     Pəncərəyə dəyən top onu “sevgi dolu” xəyallardan ayıranda əvvəlcə hirslənsə də, sonra radioda günorta xəbərlərinin səsləndiyini eşidib, uşaqlara təşəkkür elədi. Köhnə radionun səsi qırıq-qırıq gəlirdi. Deyəsən, dalğanı da pis tuturdu. Amma bir az sonra şərq cəbhəsində ölənlərlə bağlı açıqlama veriləndə səs tam aydın eşidilirdi...

     Bu gün ölənlərin arasında polkovnik Otto Meyer də var...”

     Otaqda eşidilən qəfil səs onu dayanmağa məcbur elədi. Sakitcə əlini masanın altına apardı. Yaxşıca bərkitdiyi “Uolter P38”ni çıxarıb, qapıya tuşladı. Qaranlıq otağın qapısında dayananın kim olduğu bəlli olmurdu. Silahı aşağı salmadan əlini şama apardı. Yavaşca şamı götürüb, naməlum qonağın üzünə doğru yaxınlaşdırdı. Şamın zəif işartısı altında tanış simanı görəndə rahat nəfəs alıb, silahı aşağı saldı. Yenidən daktilonun başına keçib, laqeyd tərzdə dedi:

- Deyəsən, yolunu azmısan, yoldaş. Səni bura gətirən səbəb nədir?

- Dedim gəlim səni görüm, Leyla. Olmaz məgər? – oğlan yavaşca masaya yaxınlaşıb, dedi.

- Aqnes demək istədin yəqin. Demirsən, eşidən olar? – Leyla baxışlarını oğlanın üzünə zilləyib, dedi. Hər nə qədər əsəbi tonda danışsa da, gözlərində yenə də bir laqeydlik hiss olunurdu.

- Aqnes. Doğrudan a. Yadımdan çıxmışdı ki, sən məşhur yazıçı Aqnes Uegelsən.

- Vətənə xidmət etmək asan məsələ deyil, yoldaş Turgenev. Çox çalışmaq lazım gəlir. Ona görə də, cəhdlərimin uğursuzluğa düçar olmaması üçün susub evimi tərk eləsəniz, sizə minnətdar olardım.

- Deyəsən, həqiqətən çox çalışırsan. Hətta yazıçılığa da başlamısan, inandırıcı olsun deyə.

- Bu mənim çoxdankı adətimdir. Sadəcə, ilk dəfədir girdiyim obrazla, əsl peşəm uyğunluq təşkil edir.

- Heç bilmirdim ki, sən yazıçısan.

- Bunu bilməyinizə ehtiyac yoxdur, yoldaş. Amma mənim sizin burada nə işiniz olduğunu bilməyə haqqım var.

- Moskvadan xəbər var. Əks-kəşfiyyat sənin kimliyini öyrənib. Almanların arasındakı adamlarımızdan xəbər gəldi ki, gestapolar bir neçə saata səni aparmağa gələcəklər. Getməlisən.

- Haraya getməli olduğumu dedilər?

- Bu şəraitdə sənin Moskvaya qayıtmağın təhlükəli olar. Öz ölkənə də qayıda bilmərsən. Təəssüflə bildirirəm ki, artıq sənin bir vətənin yoxdur. Öz başının çarəsinə baxmalısan.

- Bakıya da qayıda bilmərəm yəni.

- Elədir. Əgər istəsən sənə başqa bir ölkəyə getməyin üçün kömək edə bilərəm. İki həftə sonra İrana gedəcək bir qrup var. Səni də onlarla birlikdə göndərə bilərəm.

- Ehtiyac yoxdur. – Leyla sakit səslə dedi. Gözünü daktilosuna zilləyib əlavə etdi- Mən artıq dünyanın sonunu gözləyən bir qadınam. Bu son ya bütün bəşəriyyətin sonu olacaq, ya da ki, təkcə mənim. Mən elə burada qalacağam və dünyanın sonunu gözləyəcəyəm.

- Sənin burada qalmağın doğru qərar deyil. Başa düş. Əgər səni tutsalar, onda...

- Onda digərləri üçün də təhlükə yarana bilər? Güldürməyin məni. Ağlınız o boşboğaz Smirnovla Vardana getməsin. Bizim nə dirimizdən, nə ölümüzdən söz ala bilməzlər. Arxayın olun.

- Yaxşı.- oğlan saatını şamın işığına tutub dedi. – Necə istəyirsən elə olsun. Mən indi getməliyəm. Bir azdan gestapo buranı mühasirəyə alacaq. Əgər qaçmaq istəyirsənsə, onda bu son şansındır. – Leylanın başıyla etiraz etdiyini görüb, əlavə etdi- Son bir istəyin var?

- Əgər sağ- salamat qalsanız. Məndən Bakıya salam deyərsiniz. – deyib, daktiloda yazmağa başladı.

- Mütləq çatdıraram. – deyib, otaqdan çıxdı. Bir az sonra ondan əsər-əlamət qalmamışdı.

     Leyla daktiloda yazdıqca, bir yandan da küçəni dinləməyə başladı. İlk dəfə idi ki, əlləri beyninin sürətilə ayaqlaşa bilirdi. Çünki, bu onun son yazısı idi. Buna görə də, onu bitirməyə çalışırdı. İstəmirdi ki, bu yazı da onun ömrü kimi yarıda qalsın. Ona görə də, dayanmadan yazırdı:

     “... Əvvəlcə səhv eşitdiyini düşündü. Axı bu ola bilməzdi. Əri, sevimli əri ola bilməzdi ki, onu tərk edib gedəydi. Yox, yəqin onlar səhv edirdilər. Bəlkə də, bu bir zarafat idi. Əri evə qayıdacağı üçün kiçik bir zarafat etmək qərarına gəlmişdi. Hə, hə yəqin beləydi. Ya da ki... Ya da ki, həqiqətən onun əri ölmüşdü. “Ax, murdar əclaf. Deməli sən də məni tərk elədin? Yoxsa qızımızı öldürdüyümə görə incidin? Sevgilim, axı bunu sən özün də istəyirdin. Mənə hər səhər demirdin ki, uşağın otağa girməyəcəyini bilsəm səninlə elə buradaca sevişərdim? Sonra da əlini budumda gəzdirir, məni öpüşə qərq edirdin. Axı niyə belə elədin? Nə üçün məni tək qoydun? Bilirəm səbəbini. Qorxaqsan çünki sən. Qorxdun mənim yanımda olmaqdan. Mənimlə bir ömür yaşamaq düşüncəsi səni belə çox qorxutdu ki, hətta ölüm belə sənə daha yaxşı göründü. İndi sən də öz sevimli qızcığazının yanına getdin. Dincələ bilərsən. Mən yenə bu dünyada tənhayam. Axı kim mənimlə qalacaq? İndi deyin görüm, məni kim əzizləyəcək? Kim mənim şənimə təriflər yağdıracaq? Axı kim? Bəlkə bu şalvarı belində dayanmayan körpələr? Axı bunlar heç ayaqqabılarını bağlaya bilmirlər. Ya da bəlkə, o qoca qarılar mənə hayan olacaq? Ay oldular ay. Hamısı başdan xarabın biridir. Məni dəli hesab edirlər, amma özləri dəlidirlər. Eh, sən də vəfasız çıxdın, Otto. Sən də hamı kimi getdin.” Elə hey dayanmadan bu sözləri təkrar edir, gah ərinin, gah da onu belə tənha yaşayacağı dünyaya gətirən, ölmüş valideynlərinin qarasına söyüşlər yağdırırdı. Əslində özü də yaxşı başa düşürdü ki, bununla heç nə dəyişməyəcək. Nə ölənlər geri gələcək, nə də ki, onun tənhalığı sonlanacaqdı. Amma bu onu rahatladırdı. Buna görə də, özünü saxlamır, söyməyə davam edirdi. Ona mane olacaq heç kim yox idi. O, dünyanın sonunu gözləyən qadın idi. Həyəcan siqnalı hər dəfə eşidiləndə o dünyanın sonuna bir addım daha yaxınlaşırdı. Amma hər dəfəsində niyəsə yan keçirdi bu son ondan. Hətta Tanrının belə onu sevmədiyini düşünürdü. Axı elə olsaydı onu da yanına aparardı. Bəs niyə sevmirdilər onu? Niyə o tənhalığa məhkum olmuşdu? Bu sualların cavabını axtarsa da, bir nəticə çıxmamışdı. O yenə hər səhər radionu açıb, əlinə çay fincanını alıb keçirdi pəncərənin qabağına. Sonra da başlayırdı küçəni izləməyə. Gözləri bir nöqtəyə zillənsə də, hiss olunurdu ki, onun gözlədiyi şey həmin nöqtədən xeyli uzaqdadır. O kimisə gözləyirdi. Ya dumanlı bir payız səhəri küçənin başından boylanıb, evin yağışla korlanmış fasadına baxaraq ona doğru addımlayıb, pəncərəyə çatanda “Ooo, əzizim. Sən yaman gözəlləşmisən. Səninçün yaman darıxmışdım” deyəcək olan ərini, ya da ki, bu evi onun başına yıxıb, çürümüş cəsəd və heyvan qalıqlarıyla dolu torpaqla ucsuz-bucaqsız mavi səmanın yerini bir anda dəyişəcək olan dünyanın sonunu...”

     Leyla hekayəni bitirib, vərəqi daktilodan çıxardıqdan sonra, onu da digərlərinin yanına qoydu və sakitcə küçəni dinləməyə başladı. Haradansa zəif də olsa ayaq səsləri gəlirdi. Evin qapısı və arxa otaqdakı cırıldayan pəncərə açıldıqda artıq onun üçün “Dünyanın Sonu” yaxınlaşmışdı. Leyla bayaq daktilonun yanına qoyduğu “Uolter P38”ni əlinə aldı. Səliqəylə dəstələdiyi son hekayəsini bir küncə çəkdi. Daktilosuna son dəfə nəzər saldı. Bakını, neft qoxan Xəzəri düşündü. Silahı sağ gicgahına dirədi və son dəfə dərin bir nəfəs alıb, tətiyi çəkdi. Atəş səsinin ətrafa yayılmasıyla, onun gözəl simasının daktiloya çırpılması bir oldu. Güllə kəlləsini deşib, divara sancıldı. Qanı hekayəsinin üstünə sıçradı. Daktilonun sərt səthi onun yumuşaq üzünü əzirdi. Amma artıq bunun heç bir əhəmiyyəti yox idi. Çünki, onun üçün dünyanın sonu gəlmişdi...

Signor Bayramlı Məhəmməd