Foklor toplayıcısı : Rüstəm Sadiqli 

Biri var idi biri yox idi.Allahın aciz bəndəsi çox idi.Bir kəndə Şəmləddin adlı bir kişi var imiş.O, xanımı ilə çərşənbə gecəsinə hazırlaşır imiş. Birdən xanımı nəsə xatırladı və dedi.

- A kişi, bayram xonçası düzsüz olmaz, get şəhərdən duz al.

Lakin kişi hər şeyi tez unudurmuş.Elə ona görə də xanımı ona tapşırır ki, unutma ha, ya bir ovuc, ya iki ovuc.

   Kişi yola düzəlir. Az gedir, uz gedir neçə obalar aşır.

Sizə kimdən deyim, Şəmləddinin qarşısına çıxan Allah bəndələrindən.

Məyər yolun yuxarı ucunda bir ağsaqqal, ya bismillah deyib, buğda əkirmiş. Bir səs diqqətini çəkir. Bu Şəmləddinin səsi idi.

“Ya bir ovuc, ya iki ovuc”

 Ağsaqqal işini dayandırır, xəlbətə çəkilir, bu səsin sahibini gözləyir. Və Şəmləddini görür: 

 - A kişi, ya bir ovuc, ya iki ovuc nədi, mən zəhmət çəkib, buğda əkim, axmağın biri gəlib desin ki, ya bir ovuc, ya iki ovuc.

 Və ağsaqqal onu yaxşıca hamarlayır.Şəmləddin xırıltılı səslə dinlənir. 

- Ağa, bəs mən nə deyim ?

-Sən de ki, biri min olsun.

Yazıq Şəmləddin bu sınaqdan da keçir,yola düzəlir. Nağıllarda zaman tez ötür. Şəmləddin bir mənzilə çatırdı ki, burada ağlaşma gedir. Yas sahibləri bunun səsini eşidib, hiddətləndilər.

-Necə yəni, biri min olsun.

Bunlarda Şəmləddinin üz,gözünü yaxşıca əzişdirdilər. Hətta yazıq ayağa belə qalxa bilmirmiş.Yas sahibləri məsləhət görürlər ki, sən gəl, deginən ki, bu olsun daha olmasın.

 Asta qaçana göy imam qənimdi, Şəmləddin bu eldən də şütüyür.

   Bu yazığın bəxti gətirmir ki, gətirmir, sən gəl toya rastlaş. Heç toy əhlinə deyələrmi, bu olsun daha olmasın ?

Onlarda ona bir neçə zərbə gubbuldadırlar.Yazıq, ağlının əlindən çəkirmiş...

  Bunlar hiss edirlər ki, Şəmləddin ağıldan kəmdi. Buna məsləhət görürlər ki, papağını götür, O köldən bu kölgə, bu köldən o kölə qaç.

  Belə deyirlər ki, o meşədə bir ovçu varmış, həmin gün ovçu kəklik ovuna çıxıbmış. O, bizim Şəmləddinə işarə edir ki, quşları qaçırtma.

   Bu yazıq nə işarə, sözdən belə anlayan birimiydi ?

Kəklikləri əldən qaçan ovçu hiddətlənsə də buna yazığı gəlir. Və buna məsləhət görür ki, get evinə-eşiyinə.

   Gündüz gecəyə qarışır.Şəmləddin getdiyi yollu kor, peşiman geri dönür. Nə düzü hətta o, adını belə unutmuşdu. Xanımı qapını açmır.Deyir ki, sən kimsən.

- Səni and verirəm, əziz qardaşının canına mənəmee, qapını aç !

Xanımı:

- Adını demədikcə səni evə buraxmayacağam, bu bayram axşamı sənin ucbatından düzsüz qalmışıq.

Şəmləddin az düşünür, çox düşünür, həyatda olan tək qohumu bibisinin yanına yola düşür.Şəmləddin yolda olsun, bibisi bayram süfrəsini bəzəməkdə olsun. 

  Şəmləddin bibisi gilə varır. Qapını açır:

-Bibican, mən gəlmişəm.

Bunlar doyunca yeyirlər, lakin bibi heç vaxt bunun adını zikr eləmir, ya qardaşmın balası,  ya dədəm balası deyə bunu əzizləyir.

Şəmləddin qalır nə karə, Allahdan onun əlindəki plov qap ilə birlikdə bibinin ayağına düşür. Yazıq arvad qışqırır :

-Evin yıxılsın, Şəmləddin sən ki, evimi yıxdın.

Yaxşı deyiblər, kor nə istər iki göz, biri əyri biri düz.

Şəmləddin sevinə, sevinə deyir,

- Adımı tapmışam, adım Şəmləddin. 

Nağıl burda bitdi.Hər qissədə min hikmət var. İnsanlar o gündən sonra yolda danışmağı tərk etdilər.